Şb. Okt 19th, 2019

Serbiya, Monteneqro və Bosniya və Herseqovinada soyqırımın 100-cü ildönümü ilə bağlı tədbirləri keçirilib

2018-ci il 31 mart tarixində azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyində anım mərasimi keçirilib.

Tədbirdə Səfirliyin əməkdaşları ilə yanaşı Serbiyada, o cümlədən Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar, Serbiya ictimaiyyətinin nümayəndələri və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov çıxış edərək ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımın tarixindən bəhs edib, tədbir iştirakçılarına Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra ermənilərin kütləvi surətdə tarixi Azərbaycan torpaqlarına köçürülməsi və bu ərazilərdə erməni dövlətinin yaradılması üzrə aparılan planlı fəaliyyət, 1905-1907-ci illərdə və 1918-ci ilin aprel-mart aylarında azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, on minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, evlərindən didərgin salınması, onların əsrlər boyu yaşadıqları hazırki Ermənistan ərazisindən 1948-1953-cü illərdə deportasiyası, soyqırıma məruz qalması, 1988-ci ildə xalqımıza qarşı başlanmış təcavüz nəticəsində bir milyondan çox soydaşımızın Ermənistan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal olunmuş digər rayonlarımızdan zorla qovulması, törətdikləri vəhşiliklər və Xocalı soyqırımı barədə geniş məlumat verib.

31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyəti, onun xalqımızın mili şüurunda və özünü dərk etməsində xüsusi rol oynadığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamından irəli gələn tədbirlərin erməni-bolşevik silahlı dəstələri tərəfindən 100 il əvvəl azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında mühüm ictimai-siyasi əhəmiyyət daşıdığı vurğulanıb.

Bununla yanaşı, tədbirdə Azərbaycanın dilbər guşələrindən olan, mühüm strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 25-ci ildönümü xatırlanaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlanandan sonra uzun müddət düşmənə qarşı şücaətlə döyüşən mərd oğulların göstərdikləri qəhrəmanlıqlara baxmayaraq 2-3 aprel 1993-cü ildə Kəlbəcərin işğal olunduğu, nəticədə 511 nəfərin həlak olduğu, 321 nəfərin itkin düşdüyü və ya girov götürüldüyü, işğal nəticəsində şəhər mərkəzinin, 150-yə yaxın kəndin, həmçinin onlarla tarixi mədəniyyət abidəsinin, bir tarix muzeyinin və sanatoriyaların xarabazara çevrildiyi, beynəlxalq hüquqa, BMT və ATƏT-in norma və prinsiplərinə zidd olaraq tarixi Azərbaycan torpaqlarının təcavüzkar Ermənistan tərəfindən bugünə qədər işğal altında saxlandığı qeyd edilib.

1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Monteneqrodakı və Bosniya və Herseqovinadakı Diplomatik Nümayəndəliklərində də anım tədbirləri keçirilib.

 

Paylaş: