C. Noy 22nd, 2019

Sevgilisinə görə iki qadını vurdu, amma sevgilisi onu atdı – Bakıda ilginc cinayət

Bakıda liftdə iki qadına hücum etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. O, özünü təqsirli bilmir.

Turkustan.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Şəhriyar Əlizadə ittiham aktını almadığını deyib. Məhkəmədə təqsirləndirilən şəxsə ittiham aktı verilib və məhkəmənin hazırlıq iclası təxirə salınıb.

Məhkəmədə həmçinin Ş.Əlizadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin başa çatmasına da baxılıb. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Məhkəmə iclası aprelin 9-da davam edəcək.

Bildirək ki, rəsmi məlumata görə, Bakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetiriblər.

Hadisə barədə məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Şəhriyar Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı qeyd edilən cinayətin törədilməsində Ş. Əlizadə ilə birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Həyata keçirilən əlavə tədbirlər nəticəsində E.Osmanova da saxlanılıb.

Amma məhkəmə iclasında hadisənin ilginc məqamları üzə çıxıb. Məhləmədə məlum olub ki, E.Osmanovanın bu işdə təqsirləndirilən şəxs qismində iştirak etmir.

Belə ki, E.Osmanova növbəti iclaslarda şahid qismində dindiriləcək.

Ş.Əlizadə isə özünü təqsirli bilmir. O, Elyanora ilə yaxın münasibətlərinin olduğunu etiraf edib. Ş Əlizadə söyləyib ki, işdə zərərçəkmiş qadınlar Elyanoranın rəfiqələridir və hazırda eyni barda işləyirlər.

Təqsirləndirilən şəxs iddia edir ki, liftdə adı çəkilən qadınlara hücum etməsi ittihamı doğru deyil. Onun dediyinə görə, “20 Yanvar” metrostansiyası yaxınlığında kafe açmağı planlaşdırıb. Açılış edəcəyi gün polis əməkdaşları ona yaxınlaşıb və polis bölməsinə dəvət edib. Ş Əlizadə bildirir ki, polis bölməsinə ona qarşı ittiham irəli sürülüb.

Məhkəmə bunu Ş.Əlizadənin özünün müdafiəsi kimi qiymətləndirib. İttihamda yazılıb ki, Ş.Əlizadənin yaxın münasibəti olduğu Elyanoranın bıçaqlanan şəxslərlə telefon üstündə mübahisəsi olub. Bu mübahisədə Şəhriyar da iştirak edib. Sonuncu mübahisədə isə onları bıçaqla vurub.

Ş.Əlizadə barəsində əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Amma sonra bu maddə Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsinə tövsif edilib.   /Musavat.com/

Paylaş: