Bz. Avq 25th, 2019

Kəlbəcərli müəllimlərin dəhşətli xatirələri: “Dişlərimiz, başımızın tükü tökülmüşdü”

Bu gün Kəlbəcər rayonunun işğalından 25 il ötür. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal edib.

70 min nəfərdən çox əhalisi olan Kəlbəcərin işğalı nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Rayonun 3 Milli Qəhrəmanı var. Bu işğaldan sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Hazırda Kəlbəcər əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb. İşğaldan sonra rayonun məktəbləri də digər bölgələrə köçürülüb. Kəlbəcərdə təhsil alan şagirdlər və dərs deyən müəllimlər həmin məktəblərə yerləşdirilib. Bu da onlarda bir çox çətinliklərin, ağrı-acıların başlanğıcı olub. İnsanlar təkcə yurd-yuvalarını itirməyib, ayrı-ayrı yerlərə səpələnən kəlbəcərlilər həm də təhsilini, yaşam tərzini itiriblər.

AzEDU-nun əməkdaşı 25 il ərzində onların adaptasiya prosesini, Kəlbəcər məktəblərində təhsil alan şagirdlərin təhsil durumunu öyrənmək üçün həmin məktəblərlə əlaqə saxlayıb.

Gəncə şəhəri 15 saylı məktəbin nəznində yerləşən Kəlbəcər rayon 7 nömrəli tam orta məktəbin direktoru Fazil Əhmədov AzEDU-ya açıqlamasında bildirib ki, 25 il öncə bu gün, qarın-çovğunun içində, acınacaqlı vəziyyətdə yurdlarından didərgin düşüblər: “Yerdəyişməylə əlaqədar uşaqların çoxunda xəstəliklər yarandı. Bu da onların yaddaşına, şüuruna, qavrama qabiliyyətinə mənfi təsir göstərdi. Kəlbəcərin iqlimi ilə digər bölgələrin iqlimi eyni olmadığına görə böyüklər arasında etnik qırğınlar baş verdi. Şagirdlər, müəllimlər vaxtından əvvəl bir çox xəstəliklərə yoluxdular. Bizim özümüz də çox çətinliklər çəkdik. İşğal şagirdlərimizə həm psixoloji, həm mənəvi cəhətdən böyük sarsıntılar yaşadıb. Köçdüyümüz yerlərin şəraitinə uyğunlaşmaq, oraları tanımaq çox çətin oldu. Bu günün əzabını həm böyüklərimiz, həm də uşaqlarımız çəkir. Bu əzabı Kəlbəcər işğaldan qayıdana qədər də çəkəcəyik. Əgər bir ailədən övlad evlənib ailəsindən ayrılırsa, həyata sıfırdan başlayır. Bizdə isə hər şey mənfidən başladı. Müəllimlərin ağzında dişlərinə, başlarında tüklərinə kimi tökülmüşdü”.

kelbecer y.jpg

Gəncə şəhəri, ADAU-nun nəzdində yerləşən Kəlbəcər rayon 1 nömrəli tam orta məktəbin Biologiya müəllimi Gülşən Nağıyevanın sözlərinə görə, işğaldan sonra yerdəyişmə acınacaqlı şəkildə baş tutub: “Qaranlıq, şəraitsiz otaqlarda dərs keçirdik. Məktəbin kollektivini bina təmir olunduqdan sonra qərargah deyilən yerə köçürdülər və çox çətinliklər çəkdik. Hazırda vəziyyət yaxşıdır, məktəbin istilik sistemi də var. Amma bunların heç biri Kəlbəcəri əvəz etmir. Kəlbəcəri versələr bu dəqiqə dizin-dizin gedərik”.

Goranboy rayonunda yerləşən Kəlbəcər rayon 28 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Səadət Xəlilova məktəb kollektivi olaraq hazırda işğal günü ilə əlaqədar şəhidlərin abidəsini ziyarət etməyə getdiklərini qeyd edib: “Həm müəllimlər, həm şagirdlər, həm də valideynlər olaraq əzab-əziyyətlər çəkdik. Elindən, obasından yurdundan qopan insanlar yenidən həyat, ev-eşik qurmaq, yenidən təhsil almaq istəyirdilər. Fidan şagirdlərimizin məktəbə qəbul olması prosesi ağrılı-acılı oldu. Günlərini yollarda, maşınlarda, vertolyotlarda keçirən şagirdlərimiz olub. 1-ci sinfə qəbul olan məktəblilərimiz işğalla bağlı xatirələrini müəllimlərinə danışanda məktəbdə fəryad səsləri göyə qalxırdı. Kitabını, dəftərini, qələmini, əmək kitabçasını, diplomunu vətənində qoyub gələn insanlar necə ola bilərdi? Müəllimlərimizin hələ də bir çoxunu axtarıb-tapa bilmirik. Hazırda da çox çətinliklərimiz var. Məsələn, hazırkı məktəbi ikinci təhsil ocağı kimi istifadə edirik. Xocalı məktəbiylə eyni binadayıq. Onlar səhər, biz isə günortadan sonra növbələşərək dərs keçirik. Bu da bizə çətinliklər yaradır. Ayrıca məktəbimiz olsaydı, çox gözəl olardı. Şəhidlərin abidəsini ziyarət etdikdən sonra məktəbdə geniş tədbirimiz olacaq. Həmin günləri hazırladığımız videolentlərlə şagirdlərə çatdıracağıq”.

kllm.jpg

Mingəçevir rayonunda yerləşən Kəlbəcər rayon 35 nömrəli tam orta məktəbinin keçmiş direktoru Zahid Süleymanov deyib ki, şagirdlərimiz torpağını, vətənini sevmək yolunda tərbiyə olunurlar: “Müəllimli, şagirdli hər birimizin Kəlbəcərdən ötrü burnumuzun ucu göynəyir. Müəllimlərin əksəriyyəti kəlbəcərlilərdir. Vətən qeyrəti onların hər birinin qəlbində yaşayır”.

Paylaş: