Şb. Okt 19th, 2019

Namizədlərin bənzəmək istədikləri siyasi xadimlər – Heydər Əliyev, Çörçil, Makron, Hilari Klinton…

Dünya ölkələrinin liderləri hər zaman diqqət mərkəzində olublar. İstər şəxsi, istərsə də siyasi-sosial fəaliyyətləri, atdıqları digər addımlarla dünya əhalisinin marağını cəlb etməyi bacarıblar.

Maraqlıdır, Azərbaycanda prezidentliyə namizədlər hansı dünya liderinin və ya prezidentliyə iddialı olan siyasətçinin xəttini izləyir və bəyənir, ona bənzəməyə çalışırlar?

Turkustan.info bildirir ki, Modern.az saytı bu sualla prezidentliyə namizədlərə  müraciət edib.

Prezidentliyə namizəd, Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, dünya liderləri sırasında hər birinin tərcümeyi-halı, nitq modeli, fikrinin sujet xətti, əhatə etdiyi arqumentlərin dairəsi, onun fikir amplitudası çox önəmlidir:

“Şəxslər var ki, xüsusi tünd boyalarla çıxış etməyi bacarırlar. Elələri auditoriyanı ayağa qaldırmaq üçün daha çox pafos və populizm elementlərinə yol verirlər. Üçüncü qismin fərqli maneraları var. Hər bir halda siyasətçi üçün bir neçə keyfiyyət birləşməlidir. Burada söylədiyim məsələlərin arqument bazası, onun faktoloji tərəfləri əhəmiyyətlidir. 
İkinci onu hansı ardıcıllıq, sistemlə demək də çox vacibdir. Başqa bir tərəfdən şübhəsiz, kommunikasiya vasitələri müasirləşdikcə bu özü də siyasətçilərin üzərinə çox mühüm vəzifələr qoydu. Siyasətçi üçün əsas onun məramı, hədəfləri, təmsil etdiyi millətə fayda verməsidir. Bu baxımdan gördüyüm siyasətçilərdən hansısa  keyfiyyətlərinə görə simpatik mövqeyim var. Məsələn, həddindən artıq hazırcavablığı və çarpıcı fikirlərlə çıxışına görə ingilis siyasi və dövlət xadimi Uinston Çörçil qiymətlidir. Yaxud ondan sonrakı dövlərdə ABŞ prezidenti olmuş Con Kennedinin çıxışları özünün arqument bazasına görə fərqli və güclü idi. Avropa məkanında da müxtəlif  siyasətçilərin nitq və danışıqlarından danışa bilərik”.

Namizəd qeyd edib ki, dünya liderləri arasında Heydər  Əliyev qədər mükəmməli çox azdır:

“Bir dəfə İndoneziyanın sabiq baş  naziri, Nobel mükafatlı şəxs  Azərbaycana gəlmişdi. Onda biz siyasi həyata yenicə atılmışdıq və o adamları çox maraqla izləyirdik. Həmin şəxs maraqlı bir məsələyə toxundu və dedi ki, hər bir adamın nitq  dili millətinin taleyidir. Ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir dönəmində, kommunikasiyanın sərt vaxtında etdiyi  nitqlərin çoxu, hətta ayrı-ayrı sözləri  insanların yaddaşındadır.  Məsələn, 1994-cü ildə Heydər Əliyevin xalqa etdiyi nitqi sənət əsəri hesab edirəm. Siyasətçinin insanların yaddaşında qalması, onları hərəkət etdirməsi və ya hansısa əmələ sövq etməsi önəmlidir.  Bu baxımdan Heydər Əliyev kimi sözün sehrindən güclü şəkildə istifadə edən lider tanımıram”.

Milli Dirçəliş Hərəkatı Partiyasından prezidentliyə namizəd, deputat Fərəc Quliyev konkret şəxs adı çəkməyib:

“Bunu konkret müəyyənləşdirmək mümkün deyil. Yəni hər bir dövlətin öz maraqları olduğu üçün o dövlətlərə rəhbərlik edən adamlar və ya bu posta iddialı olanların dövlət maraqlarına uyğun  xəttləri olur. Bu baxımdan bizim  hansısa prezident , siyasətçi ilə tamamilə eyni xətti yürütməyimiz mümkün deyil. Amma ümumi götürəndə öz dövlətinin maraqlarını hər şeydən üstün tutan prezidentlərin daha doğru yolda olduğunu düşünürəm. Ona görə də kimliyindən asılı olmayaraq dövlətini quran, onu möhkəmləndirən hər kəsə sayğı ilə yanaşıram”.

Azərbaycan Demokratik Partiyasının prezidentliyə namizədi Sərdar Cəlaloğlu Mahatma Qandi və Atatürkün xəttini bəyəndiyini deyib:

“Siyasətdə çevikliyinə, uzaqgörənliyinə, siyasi texnologiyaları yaxşı bilməsinə görə isə Çörçilə simpatiyam var. Demokratik mübarizə baxımından əsas etibarilə Mahatma Qandinin dəyərlərindən istifadə edirəm”.

“Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayev  deyib ki, Fransanın hazırkı  prezidenti Emmanuel Makronun  seçki kampaniyasını əvvəldən axıra qədər, detallı izləyib:

“O, mənə daha xoş təsir bağışlayır. Həm cavandı, həm də proqressiv, sakit və dünyagörüşlüdür. Bundan öncə isə həmişə Niderlandda  Əmək partiyası və Liberal partiyanın kampaniyalarını uzun müddət izləmişəm. Ola bilsin ki, mən hansısa büronun elementindən təsirlənmişəm və özümün xəbəri olmadan da onu istifadə edirəm. Bu, mümkündür. Amma bilərəkdən heç bir liderin və ya prezidentliyə namizədlərin siyasət xəttindən, hansısa elementlərindən istifadə etməmişəm. Çünki Azərbaycanda Avropa seçki texnologiyalarını istifadə etmək yaramır. Hazırda bizdə belə bir siyasi situasiya yoxdur”.

Müasir Müsavat partiyasının sədri  Hafiz Hacıyev qeyd edib ki, hansısa dövlət prezidentinivə ya prezidentliyə namizədi nümunə götürmək yanlışdır:

“Çünki biz  Azərbaycanın milli mentalitetinə uyğun öz siyasətimizi qurmalıyıq. Xalqımızın özünəməxsus xüsusiyyətləri var. Bu baxımdan özümüz özümüzə oxşasaq  daha yaxşı olar, nəinki, başqalarına. Mənim ən çox hörmət etdiyim Amerikanın keçmiş dövlət  katibi Hilari Klinton idi. Lakin o da Trampın saxtakarlığına görə seçilmədi.  Hazırda onun kimi iddialı bir lideri görə bilmirəm. Eyni zamanda istərdim ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kimi millətimizin qayğısına qalım.  Onun kimi öz dövlətimizi xaricdən heç bir müdaxilə olmadan cəsarətlə müdafiə edə və  bu istiqamətdə addımlar ata bilim. Lakin heç kimə deyil, özümə oxşayıb Azərbaycanın milli mentalitetinə uyğun olaraq işlərimi görmək istəyərdim”.

Azərbaycan Sosial Demokrat Partiyasının prezientliyə namizədi, deputat Araz Əlizadə isə sualımıza cavab vermək istəmədi.

Paylaş: