Ça. Okt 22nd, 2019

Elman Rüstəmovun 750 milyonluq sükutu

Bu səssizliyin arxasında biznes maraqlarının dayandığı iddia olunur

Azərbaycanda bir sıra məmurlar var ki, barələrində mətbuatda gedən məlumatlara çox həssas yanaşırlar. Hər hansı bir məlumat yayılan kimi reaksiya verir, onun doğru olub-olmadığına aydınlıq gətirirlər. Bu, bir çox hallarda yazılan məlumatların həqiqət payını müəyyənləşdirməyə imkan verən bir haldır: məlumat yanlış olduqda haqqında bəhs edilən məmur öz haqlılığını sübut etmək üçün hərəkətə keçir. Açıqlamalar verir, yayılan məlumatın reallıqda necə olduğunu ictimaiyyətə çatdırır.

Yazılan məlumatlara reaksiya verilməməsi adətən onun doğruluğundan xəbər verən əlamət kimi qəbul edilir. Çünki bu halda haqqında məlumat gedən məmur doğru xəbəri yalanlamağa cəhd etmir. Bu, həm də hakimiyyətin yüksək pillələrindəkilərin də baş verənlərdən məlumatlı olması, bu üzdən də barəsində məlumat gedən məmurun çəkinməsindən irəli gəlir: reallıqda olanı yalanlamaq imkansız olur.

mərkəzi bank ile ilgili görsel sonucu

Uzun müddətdir haqqında yazılan tənqidlərə, kifayət qədər təəccüb doğuran informasiyalara susmaqla cavab verən məmurlardan biri də Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur. İki il əvvələdək ölkənin bank sektorunun tək sorumlusu olan Rüstəmovun əksər səlahiyyətləri bu sektorda böhran başlanan vaxtlarda əlindən alınıb. Bank sektoru ilə bağlı həlledici qərarları Mərkəzi Bank deyil, Maliyyə Bazarlarına Nəzarət Palatası verir. Baş bankirlə bağlı isə çoxsaylı materiallar dərc olunmaqdadır. Ötən ilin payızından başlayan bu prosesə cənab Rüstəmov hələ ki, heç bir reaksiya verməyib. Halbuki həmin  məlumatlarda onun böyük biznesinin olduğu deyilir. Bildirilir ki, o və ya onun yaxınları devalvasiyalardan cəmi bir neçə həftə öncə Azərbaycan banklarından böyük həcmdə – 750 milyon manat – təxminən 1 milyard dollar kredit götürüb. Onun “Respublikabank” və digər banklardan götürdüyü bu vəsaiti Gürcüstanda qurduğu tikinti biznesinə yatırdığı iddia olunur.

Elman Rüstəmov ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, baş bankirin “Respublikabank”ın qeyri-rəsmi sahibi, yaxud hamisi olmasına dair məlumatlar uzun müddətdir yayılırdı. Bu baxımdan, kreditin məhz bu bankdan alınması təəccüblü görünmür. Eyni zamanda devalvasiya qərarı da bir gündə alınan bir qərar deyildi. Belə bir qərarın alınması üçün azı bir neçə həftə əvvəldən E.Rüstəmov başda olmaqla, hökumətdə geniş müzakirələrin aparıldığı aydın məsələdir. Bu isə o deməkdir ki, Mərkəzi Bank rəhbəri devalvasiya olacağını bilərək, hamisi olduğu deyilən bankdan böyük məbləğdə vəsaiti kənara çıxarıb. Aydın məsələdir ki, o vəsait Gürcüstana manat şəklində deyil, dollara çevrilərək aparılıb. Bu zaman Mərkəzi Bankın milyardlarla dollar ehtiyatının bir hissəsinin hara sərf olunduğu da aydın olur.

Respublikabank ile ilgili görsel sonucu

Yuxarıda da qeyd etdiyimiz kimi, susmaq əksər hallarda razılığın əlaməti sayılır. Əgər 6-7 aydan bəri yayılan bu məlumatlara susmaqla cavab verirsə, demək ki, E.Rüstəmovun  deməyə sözü yoxdur. Yəni bu susqunluğun arxasında 750 milyon manat kredit əməliyyatı dayanır. Bu əməliyyatın ucu isə böyük biznesə gedib çıxır…   

 /Yeni Müsavat/

Paylaş: