30 Noyabr 2020 12:00

ABŞ gəmisi Suriyaya çatdı – “Şayrat”ı dağıdan raketlərlə…

ABŞ-ın “Donald Kuk” hərbi gəmisi artıq Suriya sahillərinə yaxınlaşıb.

Turkustan.info xəbər verir ki, Aralıq dənizində hərəkət edən gəmi Tartusdakı Rusiya hərbi dəniz bazasının 100 kilometrliyində özünə yer edib. Artıq Rusiya hərbi təyyarələri ən azı 4 dəfə gəmi üzərindən uçuş həyata keçiriblər.

ABŞ mətbuatı bu gəminin Suriyaya Kiprdən gəldiyini bildirib. Hərbi gəmi 60 ədəd “Tomaqavk” raketləri ilə təchiz edilib. Bundan başqa, bir neçə gün sonra daha bir ABŞ hərbi gəmisi olan “Porter”in də Suriyaya gələcəyi açıqlanıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Vasili Nebenzya ABŞ-ı Suriyaya zərbə endirməkdən imtinaya çağırıb. O, əks təqdirdə bunun ciddi nəticələrinin olacağını bildirib.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp 24-48 saat ərzində Suriya ilə bağlı sərt qərarın veriləcəyini deyib. CNN televiziyası isə ABŞ-ın Suriyanın helikopter bazasını bombalayacağını iddia edib.

Dünən həmçinin Suriyanın T-4 aviabazası raket hücumuna məruz qalıb. Suriyanın dövlət agentliyi SANA raket hücümunun ABŞ-ın təcavüzü olduğunu istisna etməsə də, Rusiyanın Müdafiə Nazirliyi aviazərbələrin İsrailin Hərbi Hava Qüvvələri tərəfindən endirildiyini açıqlayıb.

“İsrailin Hərbi Hava Qüvvələrinin iki F-15 təyyarəsi Suriyanın hava məkanına girmədən Livan ərazisindən səkkiz idarə olunan raketlə zərbə endirib”, – idarədən bildirilib.

Rusiya hərbçilərinin məlumatına görə, 3 raket aerodromun qərb hissəsinə düşüb, daha 5-i isə Suriyanın Hava Hücumundan Müdafiə gücləri tərəfindən zərərsizləşdirilib.

“Fars” agentliyi sonradan raket zərbələri nəticəsində 3 iranlının öldüyünü bildirib. Rusiyalı hərbi ekspert Anatoli Nesmiyan bu bazada iranlı hərbçilərin olduğunu və Əsədin Hərbi Hava Qüvvələrini məhz onların nəzarətdə saxladığını iddia edib.

O, Duma şəhərinə kimyəvi hücumu da iranlıların həyata keçirdiyini deyib.

Xatırladaq ki, ötən ilin 7 aprelində ABŞ “Tomahavk” qanadlı raketləri ilə Suriyanın “Şayrat” aerodromunu darmadağıt etmişdi.  /Axar.az/

Paylaş: