Be. Okt 14th, 2019

“Gürcüstan Ahıska türklərinin qayıdışına hər vasitə ilə mane olur” – Mövlud İşık

“Avropa Şurası və başqa qurumların bu məsələdə Gürcüstana təzyiq göstərəcəklərini gözləmirik”.

Turkustan.info bildirir ki, Ahıska Türkllərinin “Vətən” İctimai Birliyinin mətbuat katibi Mövlud İşık Yenicag.az-a müsahibəsində Ahıska türklərinin tarixi vətənlərinə dönüşü ilə bağlı üzləşdikləri çətinliklərdən və digər məsələlərdən danışıb.

– Mövlüd bəy, öncə özünüz və rəhbərlik etdiyiniz təşkilat barəsində məlumat verərdiniz…

– Mən, Mövlud İşık, Azərbaycanda yaşayan Ahıska Türkllərinin “Vətən” İctimai Birliyinin mətbuat katibi, eyni zamanda Birliyin “Ahıska” qəzetinin baş redaktoruyam. Bizim “Vətən” cəmiyyəti həm də Dünya Ahıska Türkləri Birliyinin Azərbaycandakı təmsilçisidir. Qeyd edim ki, 2017-ci il aprelin 8-də Türkiyədə Dünya Ahıska Türkləri Birliyinin Gənclər Təşkilatı yaradıldı. Qurum təsis edildikdən sonra onun Azərbaycan və Qazaxıstan təmsilçiliyi də yaradıldı. O təşkilatın Azərbaycan təmsilçiliyinin rəhbərliyi də mənə həvalə olunub.

“Vətən” İctimai Birliyi Ahıska türklərinin hüquqlarının bərpası və Azərbaycanda yaşayan soydaşlarımızın tarixi vətənlərinə qayıdışı istiqamətində fəaliyyət göstərir. Böyüklərimiz bu günə kimi həmin tarixi yükü daşıyıblar və biz də gənclər olaraq, o missiyanı davam etdirik. Dünya Ahıska Türkləri Birliyi Gənclər Təşkilatının Azərbaycan təmsilçisi kimi əsas işlərimizdən biri də gənclərimizin yerli cəmiyyətə inteqrasiya etmələrinə dəstək vermək, onlara təhsil və digər sahələrdə inkişaf etmələrinə yardım göstərməkdir. Çünki Azərbaycandakı Ahıska türkləri əsasən, kənd yerlərində məskunlaşdıqları üçün təhsil və başqa sosial xarakterli aktivlikdən yetərincə kənar qalıblar. Ancaq biz çalışırıq ki, yetişən gənc nəsil zamanın tələbinə, çağırışlarına uyğun səviyyədə yetişib formalaşsın, ölkə həyatında, o cümlədən beynəlxalq səviyyədə fəallıq göstərsinlər, Azərbaycanı layiqincə təmsil etsinlər və Ahıska türklərinin problemlərini gündəmə gətirsinlər.

– Ahıska türklərinin Azərbaycanda məskunlaşmaları 1989-cu il məlum Fərqanə olaylarından sonra başlayıb, yoxsa ondan əvvəl də bu yerlərə köçləri olub? Bir də vurğuladığınız inteqrasiya prosesində hansısa çətinliklər yaranıb?

– 2018-ci ildə Ahıska türklərinin Azərbaycana köç etmələrinin 60-cı ildönümü olacaq. Yəni Ahıska türklərinin Azərbaycanda məskunlaşmaları 1958-ci ildən başlayır. Bildiyiniz kimi, Ahıska türkləri 1944-cü il noyabrın 14-də Orta Asiyaya – Özbəkistana, Qazaxıstana sürgün ediliblər. O zaman Ahıska türkləri tam 12 il komendant rejimində yaşayıblar. 1953-cü ildə – Stalinin ölümündən sonra o rejim ləğv edildi və Ahıska türkləri digər respublikalarda, o cümlədən, Azərbaycanda yaşamaq imkanı qazandılar. Azərbaycan xalqı məskunlaşmaq üçün buraya gələn Ahıska türklərini öz qardaş-bacıları kimi qəbul etdi və hətta onlarla öz evlərini, süfrələrini bölüşdülər. Azərbaycan 1988-89-cu illərdə Dağlıq Qarabağ münaqişəsinin baş qaldırması ilə əlaqədar üzləşdiyi sıxıntılara, Ermənistandan iki yüz minə yaxın qaçqının respublikaya pənah gətirməsinə baxmayaraq, bizləri öz milləti kimi qəbul elədi, hər cür şərait yaratdı. Ahıska türkləri üçün evlər tikildi, əmək fəaliyyəti ilə təmin etdi və hərtərəfli kömək göstərildi. Yəni Ahıska türkləri Azərbaycanda tam rahat yaşayır və heç bir ayrı-seçkiliyə məruz qalmırlar.

Qeyd edim ki, hələ Sovet dövründə – ötən əsrin 70-80-ci illərində – Ulu Öndər Heydər Əliyevin dəstəyi sayəsində çox sayda ahıskalı gənc müsabiqədənkənar qaydada  müxtəlif ali məktəblərə qəbul olunublar. Bu addım Ahıska türklərinin ziyalı təbəqəsinin formalaşmasına həlledici təkan verib. Hazırda Ahıska türklərinin hüquqlarının bərpası istiqamətində çalışan, bu problemi beynəlxalq gündəmə çıxarmağa cəhd edən insanlar məhz vaxtilə Heydər Əliyevin dəstəyi ilə universitetlərə qəbul olunmuş ziyalılardır. Ancaq növbəti dönəmlərdə vurğuladığım güzəştli yanaşma aradan qalxdığı üçün ahıskalı gənclər artıq müsabiqə yolu ilə ali məktəblərə qəbul olunmağa başladılar. Yuxarıda da qeyd etdim, Ahıska türkləri ölkənin kənd bölgələrində məskunlaşdıqlarından, təhsildə, dünyagörüşü məsələlərində müəyyən qədər geri qaldılar. Bu da ali təhsilli ziyalılarımızın sayının azalmasına səbəb oldu. Ancaq Ahıska türklərinin cəmiyyətə inteqrasiyasında hər hansı problem yoxdur, ictimai həyatda və vəzifələrdə kifayət qədər təmsilçilərimiz var. Əsas istəklərimizdən biri ahıskalı gənclərin ictimai sektorda təşkilatlanmaları və məlum problemimizi ölkə xaricində gündəmə gətirmələridir.

– Azərbaycanda məskunlaşmış Ahıska türklərinin dəqiq sayı məlumdur?

– Ölkədə təqribən 10 il əvvəl 90 min civarında Ahıska türkünün yaşadığı deyilirdi. Ancaq onların sayı ilə bağlı dəqiq statistika yoxdur. Cünki Azərbaycandakı Ahıska türkləri yerli əhalidən fərqləndirilmir, xüsusi statistika aparılmır. Lakin Türkiyənin Ahıska türklərinin qardaş ölkədə məskunlaşmmalarına hərtərəfli yardım göstərməsindən – vətəndaşlıq verilməsi daxil – son 10 il ərzində ora müəyyən axın oldu. Bu proses nəticəsində Azərbaycandakı Ahıska türklərinin sayı təqribən 70 min nəfərə düşüb.

– Əlbəttə, Azərbaycan və Türkiyə Ahıska türkləri üçün doğma ölkələrdir. Ancaq maraqlıdır, ahıskalıların Gürcüstandakı torpaqlarına, öz vətənlərinə qayıdış prosesi necə gedir? Bildiyimiz qədər, Gürcüstan hökuməti ahıskalıların qayıdışına süni əngəl yaratmaqdan əl çəkmir…

– Ahıska türklərinin tarixi vətənlərinə qayıdışı prosesində hal-hazırda bir durğunluq müşahidə edilməkdədir. Bu da Gürcüstan hökumətinin qayıdış prosesini əngəlləmək cəhdlərindən irəli gəlir. Gürcüstan 2007-ci ildə Avropa Şurasının tələbi əsasında repatriasiya haqqında qəbul etdi və bundan sonra Ahıska türkləri tarixi vətənlərinə qayıdış üçün müraciət etməyə başladılar. Bunun nəticəsində müxtəlif ölkələrdə, əsasən də Azərbaycanda yaşayan ahıskalılardan 13 min ərizə verildi. Onlardan 5 min 842 ailənin ərizəsi Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim olundu.

Azərbaycanda 90 min Ahıska türkünün yaşadığını nəzərə alsaq və hər ailəni 4 nəfərdən götürsək, bu, təqribən 40 min nəfər deməkdir. Yəni qayıdış üçün daha çox ərizə toplana bilərdi. Ancaq vaxt çatışmazlığı ucbatından yalnız dediyim sayda ərizə götürə bildik.

Gürcüstan hökuməti isə 2015-ci ildən etibarən, həmin 5 min 842 ailənin üzvlərinə repatriant statusu və vətəndaşlıq verməyə başladı. Lakin Gürcüstanın qəbul etdiyi həmin qanun məzmun baxımından, demək olar ki, boş idi, repatriasiya ilə bağlı fəaliyyət planı qəbul edilməmişdi. Bu səbəbdən də, cəmi 1 700 nəfərə repatriant statusu, 493 nəfərə isə vətəndaşlıq verildi. O qanuna görə, Gürcüstana qayıdan şəxslər – Ahıska türklərinin adı çəkilmir – yaşadığı ölkənin vətəndaşlığından imtina etməlidir. Bundan sonra isə qayıdış və vətəndaşlıq almaq üçün Gürcüstan prezidentinin adına ərizə yazmalıdır. Yalnız bunu etdikdən sonra Gürcüstan həmin şəxsə vətəndaşlıq verir. Bizim Ahıska türkləri isə on illərdir, Azərbaycanda yaşayırlar, onların torpaq, əmlak, təqaüd və sair məsələlərlə bağlı sənədləşmə işlərini qısa müddətdə birdəfəlik həll etmələri, zəruri prosedurları həyata keçirmələri imkan xaricindədir. Digər tərəfdən, Azərbaycan vətəndaşlığından çıxan Ahıska türkünə Gürcüstan vətəndaşlığının verilməməsi ehtimalı da var. Bu halda insanların hansı vəziyyətə düşəcəklərini təsəvvür etmək çətin deyil. Bu qeyri-müəyyənlik Ahıska türklərini Azərbaycan vətəndaşlığından çıxmalarına, qayıdış üçün müraciət etmələrinə mane olur. Yəni hazırda Gürcüstanda yaşayan və Azərbaycan vətəndaşı olan Ahıska türkləri sosial və digər hüquqlara malik deyillər. Baxmayaraq ki, onların çoxunun repatriant statusu və vətəndaşlığı var.

– Ahıska türklərinın qayıdışına problemlər yaratdığına görə Gürcüstana beynəlxalq səviyyədə təzyiq göstərilir? Hər halda bu ölkənin məlum öhdəliyi var…

– Avropa Şurası 2007-ci ildə Gürcüstana o qanunu qəbul etdirməklə, bizə böyük dəstək olub. Ancaq bundan sonra Ahıska türklərinin tarixi vətənlərinə problemsiz qayıdışlarına yönəlik beynəlxalq birliyin dəstəyini görmürük. Ahıska türklərinin qayıdışına dair Gürcüstanın beynəlxalq təşkilatlara göndərdiyi hesabatlar da əsas olmadığı halda məqbul sayılır. Düzdür, hüquq müdafiəçiləri bu məsələdə ciddi qanun pozuntularının olduğunu bəyan edirlər. Ancaq bu, rəsmi mövqe deyil. Bizim cəmiyyət Avropa Millətləri Federal Birliyinin (FOEN) üzvü olduğu üçün, o qurumun toplantılarında müntəzəm iştirak edirik, bu problemi hər zaman qaldırırıq. Ancaq tərkibində 99 ölkədən təşkilatlar olsa da, FOEN rəsmi dövlət qurumu deyil, imkanları məhduddur. Eə bir vəziyyət yaranıb ki, beynəlxalq təşkilatlar Gürcüstana inanır və onun bizim qayıdışımızla bağlı hesabatlarını əsas götürür. Bu baxımdan, Avropa Şurası və başqa qurumların Gürcüstana təzyiq göstərəcəklərini gözləmirik. Dünya Ahıska Türkləri Birliyinin Avropa nümayəndəliyi keçirilən toplantılara qatılır və real vəziyyəti göstərən hesabatlarını təqdim edir. Ancaq təəssüf ki, reaksiya baxımından ciddi irəliləyiş yoxdur. Yəni Azərbaycana münasibətdə üzləşdiyimiz ikili standartlar Ahıska türklərinə də tətbiq olunur.

– Türkiyənin ahıskalıların məskunlaşmasına şərait yaratmaqdansa, onların qayıdışı ilə bağlı Gürcüstana təzyiq göstərməsi daha münasib deyilmi?

– Türkiyə də, Azərbaycan da bizim vətənimizdir. Lakin şəxsi mövqeyim budur ki, mən də Ahıska türklərinin Türkiyə və ya başqa ölkələrdə yox, öz tarixi torpaqlarında məskunlaşmasının tərəfdarıyam. Ora bizim tarixi vətənimizdir, o yerlərə – istər Ahıskaya, istərsə də Borçalıya – sahib çıxmalıyıq. Bütün fəaliyyətimiz də buna yönəlib. Son vaxtlar müəyyən səbəblərdən ahıskalıların Türkiyəyə meyllənmələri güclənib. Bunun da əsas səbəbi maddi məsələlərdir. Yəni insanlar normal dolanışıqlarını təmin etmək üçün Türkiyəyə yollanmağa üstünlük verirlər.

 

– Ahıskaya qayıdan türklərin hüquqlarının qorunması istiqamətində hansı addımlar atılır?

– Son 3 il ərzində Dünya Ahıska Türkləri Birliyinin başqanı cənab Ziyəddin Kasanovun dəstəyi ilə Ahıskaya qayıdan 43 ailəyə ev alınıb, həmin ailələrə 10 min dollar maddi yardım göstərilib. Ancaq bununla iş bitmir. O ailələrin orada daimi qalmaqlarını təmin etmək lazımdır. Bunun üçünsə iş yerləri, sosial təminatlar və sair məsələlər öz həllini tapmalıdır. Onlar üçün yaşayış şərtləri təmin edilməsə, insanlar orada necə yaşaya bilərlər? Lakin qeyri-hökumət təşkilatlarının məhdud imkanları bu məsələləri həl etməyə qadir deyil. Türkiyənin TİKA qurumu Ahıskada əhalinin məşğuliyyəti üçün işlər görür. O çərçivədə qadınların işlədiyi tikiş sexinin açıdığını, arıçılıq və heyvandarlıq təsərrüfatlarının, istixanaların qurulduğunu qeyd edə bilərik. Yəni TİKA bu işləri görür. Ancaq Gürcüstan hökuməti orada Azərbaycan vətəndaşı kimi yaşayan Ahıska türklərinə sadəcə, turist kimi yanaşır, onların hüquqlarını turist qismində qoruyur. Ancaq oradakı soydaşlarımızın heç bir sosial və digər vətəndaş hüquqları yoxdur. Gürcüstan hökuməti Ahıska türklərinə “Bura gəlməyin” deyə bilməz. Bununla belə, qayıdanların hüquqlarını təmin etməməklə, Ahıska türklərini torpaqlarını tərk etməyə məcbur edirlər.

– Ahıska türklərinin hüquqlarının müdafiəsinə yönəlik hansısa beynəlxalq kampaniya hazırlanırmı?

– Dünya Ahıska Türkləri Birliyi Avropa Şurasında artıq uyğun bir Komitə yaradıb. Həmin Komitənin fəaliyyəti haqqında hələlik geniş danışmaq istəmirəm. Onu deyə bilərəm ki, Komitənin Avropa Şurasında daimi təmsilçisi olacaq və Ahıska türklərinin problemlərini istər toplum, istərsə də fərd səviyyəsində qaldıracaq, o məsələlərin həllinə çalışacaq. Toplanacaq materiallar əsasında Şuranın Gürcüstana təzyiq göstərməsinə nail olmağı düşünürük.

– Bu məsələdə Azərbaycan dövlətinin dəstəyini görürsünüzmü?

– Bu məsələ haqqında “Vətən” cəmiyyətinin rəhbəri İbrahim müəllim daha ətraflı danışa bilər. Çünki bu barədə danışacaq səlahiyyətli şəxs odur. Öz tərəfimdən onu deyə bilərəm ki, son 2 ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə  2016-cı ildə “Ahıska türklərinin tarixi vətənlərinə qayıtması prosesində maarifləndirmə işini təşkili”nə dair layihə həyata keçirdik. 2017-ci ildə isə Qarabağ savaşında şəhid olmuş Ahıska türklərinin ictimaiyyətə tanıdılmasını nəzərdə tutan layihə gerçəkləşdirdik. Bununla yanaşı müəyyən tədbirlər keçirdik və hazırda mənim müəllifliyimlə “Ahıskalı şəhidlər” adlı kitab üzərində işləyirik. Yəqin ki, qarşıdakı bir il ərzində o kitab da işıq üzü görəcək. Yəni dövlət bu işlərdə bizə dəstək verir.

Paylaş: