Be. Okt 14th, 2019

Putinin taxtını laxladan ölümlər

ABŞ hərbçilərinin Suriyada PKK/YPG terrorçuları qorumaq üçün həyata keçirdiyi hücumda “Vaqner” qrupu kimi tanınan 40 rus muzdlu əsgərin öldürüldüyünə dair məlumat yayılıb. Pentaqon tərəfindən yayılan görüntülərdə Rusiya istehsalı olan T-72 tankları və digər hərbi vasitələrin vurulduğu görünür. Rus mətbuatı hadisədə ən azı 40 rus muzdlu əsgərinin həyatını itirdiyini iddia edib.

ABŞ-ın “New York Times” qəzeti isə Əsəd əsgərlərinə qarşı təşkil olunan hücumda onlarla rus əsgərinin öldürüldüyünü yazıb. Rus mediası Deyr əz-Zorda öldürülən rus əsgərlərindən bəzilərinin adını açıqlayıb. Qəzetlərin yazdığına görə, muzdlu rus əsgərlərindən Vladimir Loqinov, Kirill Ananyev, İqor Kosoturov, Stanislav Matveyevv, Aleksey Ladıgin və digərləri öldürülüb.

Qeyd edilən xəbər Rusiyanın siyasi gündəminə ciddi təsir edəcək qədər rezonans doğurub. Rəsmi Moskva isə ABŞ və Fransa tərəfindən Suriyaya atılan qanadlı 105 raketin 71-nin havada zərərsizləşdirildiyini iddia edirdi. İndi ortaya çıxan məlumat Rusiyanın və Suriyanın birgə verdiyi rəsmi məlumatın yalan olduğu, yəni ABŞ-a qarşı müqavimət imkanlarının olmadığı qənaətini yaradır. 

Siyasi müşahidəçilərin rəyinə görə, onlarla Rusiya hərbçisinin öldürülməsi Rusiya hakimiyyətinə qarşı narazılığı artıra bilər. 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, ABŞ və müttəfiqləri tərəfindən atılan raketlərin böyük əksəriyyəti hədəfə dəyib. Bu isə Putin Rusiyası üçün ciddi problemlər yaradacaq: 

“Verilən məlumatlar göstərir ki, 105 raketdən 103-ü dəqiqliklə hədəfi vuraraq darmadağın edib. Cəmi iki ədə qanadlı raket partlamayıb. ABŞ, Fransa və Britaniya hərbi əməliyyatlarda böyük uğur qazanıb. Rusiyada son dövrlər yaşanan siyasi sükut, NATO qoşunlarının baş qərargahlar komitəsinin rəisi ilə Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovun Bakıda sonuncu görüşü onu deməyə əsas verir ki, rəsmi Moskva kompromis axtarır. Rusiya növbəti təhdidlərdən və hərbi əməliyyatlardan sığortalanmaq üçün yollar axtarır. Rusiya hazırda küncə sıxılmış vəziyyətdədir, başqa manevr imkanları yox dərəcəsindədir və ABŞ bütün təşəbbüsü ələ alıb”. 

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinin amerikalı həmkarı Donald Trampla görüşməyə razılıq verdiyini deyib. “Rusiya və ABŞ prezidentləri arasında gözlənilən görüşü Putinin kompromis axtarışı kimi dəyərləndirmək olarmı” sualına Qabil Hüseynli belə cavab verdi: “Prezident Tramp görüşə getməklə Rusiyaya qarşı növbəti addımların qarşısını almaq istəyir. Amma bu görüş baş tutmayacaq. Mən inanmıram ki, Donald Trampın belə bir addım atmasına imkan versinlər. Amerikada bütün qərarları “dərin dövlət” verir. Tramp Putinlə qabaqcadan müəyyən edilmiş şərtlər əsasında görüşə bilər. Ancaq düşünürəm ki, bu danışıqlar baş tutmayacaq”. 

Politoloq onu da vurğuladı ki, 40 nəfər Rusiya hərbçisinin öldürülməsi faktı təsdiqini taparsa, ölkə daxilində prezident Putinə qarşı narazılıq dalğası baş qaldıra bilər: 

“Bu, Putinin nüfuzuna təsir edən, çox ciddi hadisədir. Artıq Rusiyada əks-proseslər başlayıb. Putinin ətrafında onun özünə qarşı qiyamın nüvəsi formalaşır. Məncə, Rusiyada narazılığıq sürətlə artcaq, qarşıdakı aylarda və illərdə çox gözlənilməz hadisələr baş verəcək”.    /cebhe.info/

Paylaş: