26 Noyabr 2020 05:02

Ərdoğan və rəqibləri: KİM DAHA GÜCLÜDÜR?

Vüqar Zifəroğlu: “İYİ Partiya”nın namizədi ilə ikinci tura qala bilər”

İyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlər artıq müəyyənləşib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyi  hakim Ədalət və İnkişaf (AKP) və Milliyətçi Hərəkat (MHP) partiyaları tərəfindən irəli sürülüb. Böyük Birlik Partiyası da seçkilərdə Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib. Lakin ona qarşı rəqabətdə daha 5 namizəd iştirak edəcək. Ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası (CHP) Muarrem İnceni prezident kürsüsünə irəli sürüb. Bundan başqa, Vətən Partiyasının sədri Doğu Perinçek, “İYİ Partiya”nın sədri Maral Akşener, Səadət Partiyasının sədri Temel Karamollaoğlu və Ədalət Partiyasının sədri Vecdet Öz də prezidentliyə namizəd kimi seçkilərə qatılacaq. 

Namizədlərin qeydə alınması Türkiyə Ali Seçki Komissiyası tərəfindən mayın 4-dən 9-a qədər keçiriləcək. 

Seçkilərin favorit namizədinin hazırkı dövlət başçısı olacağı şübhə doğurmur. Rəcəb Tayyib Ərdoğana qarşı  mübarizədə  hansı namizədin  daha güclü rəqib olacağını isə seçki prosesinin gedişi zamanı söyləmək mümkün olacaq. Müxalifətin  seçkilərdə vahid namizəd irəli sürəcəyinə dair iddialar özünü doğrultmadı. Ancaq prezidentliyə yeni  liderlərin qatılması seçkilərin siyasi palitrasını mürəkkəbləşdirib. 

“Oğuz” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, seçkilərdə R.T.Ərdoğanın əsas rəqibi “İYİ Partiya”nın sədri Maral Akşener olacaq: 

“Seçkidə əsas rəqabətin AKP-MHP koalisiyasının namizədi ilə “İYİ Partiya”nın namizədinin arasında gedəcəyinə dair əvvəldən verilən proqnozlar özünü doğrultdu. Doğrudur, xanım Akşener müxalifətin vahid namizədi statusunu əldə edə bilmədi. Amma “İYİ Partiya”nın lideri istər sol mərkəzdən, istərsə də sağ mərkəzdən özünə kifayət qədər dəstək qazana bilmiş bir qüvvə olaraq meydana çıxa bildi. Cümhuriyyət Xalq Partiyasının da öz lideri ilə seçkilərə qatılmaması, Kamal Kılıçdaroğlu ilə müqayisədə daha az populyar olan, buna baxmayaraq, CXP-nin daxilində sədrliyə iddialı olan bir namizədlə seçkilərdə iştirak etməsi maraq doğurur. Bunun birinci səbəbi Kılıçdaroğlunun öz rəqibi Muerrem İncenin gələcəkdə siyasi xal qazanmasını əngəlləməsidirsə, ikinci səbəb “İYİ Partiya”ya müəyyən imkanlar açmaqdır. Çünki Kılıçdaroğlunun namizədliyini irəli sürməsi sol-mərkəzçi düşərgədə səslərin müəyyən qədər parçalanmasına gətirib çıxara bilərdisə, digər namizədlərlə seçkilərə getdikdə, bu o qədər inandırıcı görünmür. Ona görə də, görünən odur ki, seçkilərdə əsas rəqabət AKP-MHP cütlüyü ilə “İYİ Partiya”nın namizədləri arasında gedəcəyi gözlənilir”. 

Vüqar Zifəroğlunun sözlərinə görə, müxalifətin namizədinin  seçkilərdə nə qədər  səs toplayacağını hazırda proqnozlaşdırmaq çətindir. Ancaq seçkilərin iki turda keçiriləcəyi istisna olunmur:

”Son günlər “İYİ Partiya”dan istefalar baş verdi. “İYİ Partiya”nın FETÖ ilə əlaqələrinin olması barədə informasiyalar dövriyyəyə buraxıldı. Ona görə də, çox maraqlı proseslər başlayıb. Hələlik sadəcə onu deyə bilərik ki, əsas rəqabət Ərdoğanla Akşener arasında gedəcək. Hətta proseslərin ikinci tura doğru getdiyini də söyləmək olar”. 

Şərqşünas onu da bildirdi ki, Afrindəki hərbi əməliyyatlardan sonra AKP ilə yanaşı, Türkiyə cəmiyyətində MHP-nin də siyasi nüfuzu qalxıb. Ancaq milliyyətçi düşərgədə də çox maraqlı məqamlar olacaq. Millətçi cameənin seçkilərdə AKP-MHP koalisiyasını, yoxsa “İYİ Partiya”nı seçməsi də ümumi nəticələrə ciddi təsir göstərə bilər.    /Cebhe.info/

Paylaş: