Ca. Noy 14th, 2019

ADAU-da fermerlər zərərvericiləri “idarə etməyi” öyrənirlər

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində  fermerlər üçün dənli taxıl bitkiləri və qarğıdalı bitkisi üçün  “Zərərvericilərin inteqrir idarə olunması” üzrə təlimlərə başlayıb.

Təlimlər Kənd Təsərrüfatı  Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil olunub .

Təlim-seminarı ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb, bitki mühafizəsində qarşıda duran problemlərin həlli yollarının müzakirəsinin vacibliyini qeyd edib. Eyni zamanda qarğıdalı bitkisinin xəstəlikləri və ona qarşı mübarizə üsullsrı barədə geniş məlumat verib.

Təlimdə fermerlərə pestisidlərdən səmərəli istifadə etmək, hektara düşən “pestisid yükünü” azaltmaq öyrədilib. Bildirilib ki, bu biliklər sağlam və təhlükəsiz, rəqabətqabiliyyətli meyvə əldə etməklə yanaşı, ətraf mühitin çirklənməsini minimuma endirməyə, mövcud ekoloji problemləri aradan qaldırmağa zəmin yaradacaq.

Sahə nümayişi ilə müşahidə olunan təlimlərdə fermerlərə bildirilib ki, yeni mübarizə üsulları ilə zərərvericilərin tamamilə məhv edilməsi deyil, onların idarə edilməsi, yəni miqdarının iqtisadi cəhətdən ziyan verə biləcəyi həddən aşağı səviyyədə saxlanması nəzərdə tutulur. Mümkün qədər qeyri-kimyəvi mübarizə tədbirləri həyata keçirmək, məcbur olduqda isə ətraf mühit, insanlar və faydalı orqanizmlər üçün təhlükəsiz kimyəvi preparatlar seçmək müasir kənd təsərrüfatının zərərvericilərlə mübarizə üsuludur.

Qeyd edək ki, zərərvericilərə qarşı inteqrir mübarizə üsulları üzrə Qubada meyvə bağları üzrə təlimlər də başlanılıb. 

Növbəti təlimlərin kartof bitkisi üzrə Tovuz rayonunda aparılması planlaşdırılıb.

 

Paylaş: