04 Dekabr 2020 00:12

Bakıda şəxsiyyət vəsiqəsi ilə yeni fırıldaq – Oxuyun ki, aldanmayasınız

Paytaxtda şəxsiyyət vəsiqəsi ilə müəyyən elektronik  avadanlıqları kirayə verənlər yeni fırıldaqçılarla qarşılaşıblar.

Turkustan.info məlumat verir ki, fotoaparat, “Playstation” oyun konsulu kimi elektronik avadanlıqlar bir neçə günlüyə icarəyə vermək ənənəsi var. Bu zaman mal sahibi icarədardan sadəcə şəxsiyyətini təsdiq edən sənədi girov kimi alır. İcarəyə götürən də, həmin avadanlıqları sahibinə geri qaytaranda öz şəxsiyyət vəsiqəsini geri götürür.

Məsələn, facebook istifadəçisi Samin Zəfəroğlunun dostu da öz playstation konsulunu bu yolla Alim Səmədova kirayə verib, əlindəki şəxsiyyət vəsiqəsinə güvənərək  konsulun qaytarılacağına inanıb. Ancaq Samin iddia edir ki, Alim adlı şəxs möhlət verilmiş vaxt keçəndən sonra qeybə çəkilib. Onun öz əlaqə vasitəsi kimi verdiyi nömrə də başqasına aid olub.

İndi zərərçəkən şəxs öz oyun konsulunu tapmaq üçün polisə müraciət etməli olacaq. Ancaq bu məqamda heç də qanun onun yanında deyil. Çünki şəxsiyyət vəsiqəsinin girov saxlanılması “Şəxsiyyət vəsiqəsi” və “Pasportlar haqqında” qanunla qadağan edilib.  İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin qanunsuz alınmasına və ya girov götürülməsinə görə – 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur.

Polis eyni zamanda şəxsiyyət vəsiqəsini dəlil kimi qəbul etmir, onlar arasında yazılı müqavilə olmadığı üçün faktı təsdiqlətmək mümkün olmur. Fırıldaqçı isə şəxsiyyət vəsiqəsinin itdiyini iddia edərək, sadəcə ASAN Xidmətə müraciət etməsi kifayətdir ki, özünə yeni vəsiqə ala bilsin. Dələduzluq şikayəti ilə polisə çağırılsa belə, sadəcə “şəxsiyyət vəsiqəmi itirmişdim” deməklə yaxasını qurtara bilər.

Beləliklə mal sahibləri haqlı ikən haqsız vəziyyətə düşürlər. Ekspertlərin sözlərinə görə, avadanlıqların bir neçə günlük kirayə verilməsi əməliyyatında başqa cür sövdələşmə əldə edilməlidir. Ən yaxşısı isə rəsmi şəkildə bağlanmış yazılı müqavilədir.   /Minval.info/

Paylaş: