Ca. Noy 21st, 2019

Fazil Mustafa: “Məmurları belə rahat xərcləməklə nəyə nail oluruq?”

Milli Məclisdə çıxış edən deputat Fazil Mustafa AŞ PA-da Azərbaycan nümayəndə heyətinin sədrinə qarşı sanksiya qərarına münasibət bildirdi. O, beynəlxalq komitə, yaxud Milli Məclis səviyyəsində bəyanat hazırlamağı, növbəti iclasda yaymağı təklif etdi.

F.Mustafa həmçinin iyul ayında Strasburqda Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir tədbir keçirməklə də sanksiya qərarını verən quruma cavab verilməsini zəruri saydı.

Deputat daha sonra ölkədəki kadr bankı ilə bağlı fikirlərini bölüşdü. “Əgər bu gün abituriyentlərin 50 faizi 200-dən aşağı bal toplayırsa, təhsillə bağlı gələcəyimizin necə olduğu indidən görünməkdədir, bu, acı tablodur” – deyən F.Mustafa məmurların yetişdirilməsi ilə yanaşı, onların qorunmasını da vacib saydı: “Hara icra başçısı, nazir, idarə müdiri təyin olunursa, öz komandasını həmin quruma gətirir, orda çalışanları isə kütləvi şəkildə işdən azad edir. Buna etiraz edənlərə isə deyirlər ki, istəyirsən, get, ver məhkəməyə! Hesab edirəm ki, Azərbaycan məmurunu qoruyacaq mexanizmlər tapılmalıdır, bunları biz belə rahatlıqla xərcləməklə nəyə nail oluruq? Qanunvericiliklə müəyyən addımlar atmalıyıq ki, kimlərsə məmurların soyqırımını gerçəkləşdirməsin”.   /Musavat.com/

Paylaş: