26 Fevral 2021 05:25

“ADAU” komandası “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri sırasında mükafatlandırılıb

“Azlntelecom” MMC-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May-Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan 12-ci “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirin əvvəlində Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zaonun 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı video təbriki nümayiş olunub.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları salamlayıb və qalibləri təbrik ediblər.

Azərbaycan Dövlət Aqrar Universiteti isə Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ilə birlikdə fərqlənmə sertifikatı ilə təltif olunub. ADAU-nun sertifikatlarını AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Texnologiyalar üzrə direktor müavini, dosent Rəşid Ələkbərov təqdim edib.

Azərbaycan Dövlət Aqrar Universiteti Olimpiadanın nəticələrinə görə bölgə universitetləri üzrə 1-ci, həll edilən məsələ sayına görə 5-ci və ümumi reytinqdə 7-ci yerə sahib olub.

Qeyd edək ki, hal-hazırda “ADAU” komandası yaxın günlərdə Gürcüstanda keçiriləcək beynəlxalq olimpiadaya hazırlaşır.

Paylaş: