26 Fevral 2021 07:31

İbrahimbəyovun yeni filmi: Ermənilərin bədbəxtliyinin səbəbi “vəhşi” azərbaycanlılardır – VİDEO – FOTO

Çox vaxt Azərbaycan haqda bacarıqsız və üzüyumşaq milləti olan məmləkət kimi yazırlar: ya anlamayacaqlar, ya da cavab verməyəcəklər…

Ərsəyə gəlməsindən bir neçə il sonra filmi təsadüfən izlədim. “Qafqaz üçlüyü” 2015-ci ildə çəkilib. Rejissoru Eldar Şengelaya və Fuad İbrahimov, ssenari müəllifi isə Rüstəm İbrahimbəyovdur. Anladım və cavab verirəm…

Filmin proloqunda uşaqlar qayadan suya tullanırlar. Bu an ən cəsur uşaq qorxaq dostunu cəsarətləndirir.

Hadisələrin gedişatından tezliklə məlum olur ki, qorxaq azərbaycanlıdır. Ən cəsur oğlan və baş qəhrəman isə Bakı ermənisidir. Bu oğlan böyüyüb, peşəkar oftalmoloq və xeyirxah insan olacaq. Öz həkimlik yaradıcılığını Moskvada gerçəkləşdirəcək. Onun doğma oğlu isə Bakıda məşhur aktyordur və ögey atasının evində onun soyadı ilə böyüyüb. Oğlu da Moskaya köçməyə hazırlaşır, ancaq öncə karyerasını həll edəcək tamaşada oynamalıdır. Ən dəhşətli hadisə də bundan sonra başlayır.

Azərbaycanın qəddar kəndli uşaqları bəxtsiz aktyorun etnik mənşəyindən xəbər tutan kimi onu quyuya itələyib, daş-qalaq edirər. Ekranda vəhşi türklərin zülmündən əzab çəkən erməni ziyalısının təsviri verilir.

Ata oğlunun itkin düşdüyündən xəbər tutanda mərdcəsinə sərhəddi keçib, dostuna qonaq gəlir. O dost ki, uşaq vaxtı erməni sirdaşı tərəfindən cəsarətəndirilirdi. İndi isə böyük kişidir və Azərbaycanın neft ehtiyatını tükətməkdə günahkar bilinərək işdən azad olunub. Xeyirxah erməni uşaqlıq dostunun mənzilinə daxil olan kimi qəddar, gözüqanlı azərbaycanlılar evi mühasirəyə alırlar. Digər yandan da televiziya əməkdaşları ovçu ovunu gözləyən kimi pusquda durublar. Nəhayət sona yaxın azğınlaşmış gömrük işçiləri aeroportda bədbəxt qocanı döyməyə nail olurlar.

Onu da əlavə etmək lazımdır ki, sözügedən filmlə erməni kinematoqraflarının yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu “dostməramlı” ekran işinin rejissoru Eldar Şengelaya gürcü kinosunun klassiki və özü qədər istedadlı rejissor Nikolay Şengelayanın oğludur. Nikolay Şengelaya da bir zamanlar Bakının “26 komissar”ı haqda çəkilmiş filmin rejissoru olmuşdu.

Bir sözlə, bu günə qədər Abxaziya mövzusuna toxunmağa cəsarət etməyən bir rejissor üçün müdafiəsinə qalxmağa mövzu peyda olub. Ssenari müəllifi isə azərbaycanlıdır. Məşhur yazıçı, dramaturq Rüstəm İbrahimbəyov.

Xatırladaq ki, elə filmdə gerçəkləşəcək tamaşada erməni aktyor döyülmüş halda rol alır. Hətta özü yazdığı pyesə müəllif öz qəhrəmanlarının birinin adından tərif də yağdırır. Bu Rüstəm İbrahimbəyovun Bakıda təşkil olunan kinofestivalda özünü mükafatlandırmağına bənzəyir.

Vətəninin 20 faizi 25 ildən çox erməni işğalı altında olan yazıçı Rüstəm İbrahimbəyov şübhəsiz ki. bugünədək ölkəsinin körpələrinın qanlı fotoşəkillərini görüb. Lakin onu indi yalnız bir erməninin Bakıdakı təhlükəsizliyi və rahatlığı maraqlandırır. Özü də film boyu da aydın sezmək olur ki, bu şəxs azərbaycanlıları və Azərbaycanı sevmir.

Bir vaxtlar çarəsizliyindən imzaladığı “antierməni məqalə”sini də “lənətə gəlmiş” adlandırır. Bakıda da özünü olduqca saymazyana aparır. Çünki azərbaycanlılar hiddətli olsalar da, bir o qədər də qorxaqdırlar. Onlar o qədər azğındırlar ki, yoldan keçən gürcüyə də qrup halında hücum edirlər. Digərləri isə etinasızca, döyülüb haldan düşən zavallı gürcünün yanından keçirlər (sonda məlum olur ki, bu gürcü hücum zamanı dünyasını dəyişib).

Hətta azərbaycanlıların ən doğmalarına qarşı münasibətləri insanlıqdan və mənəviyyatdan kənar təsvir olunur. Gənc aktyor onu böyüdüb, boya-başa çatdıran atasını satdığı üçün vicdan əzabı çəkmir. Elə ata da oğlunun doğma atasına tez zamanda meyil etməsinə etinasız yanaşır. O, hətta sevinir ki, oğlundan yaxa qurtardı.

Film boyu yalnız bir insan haqda xoş təəssürat oyanır. Moskvada qoca erməni bizim qəhrəmanı axtararkən belə bir dialoqun şahidi oluruq:

– Tamaşa necə adlanır?

– “Nərmədan” İbrahimbəyovundur.

– İbrahimbəyov? Azərbaycanlıdır?

– Özü də bax beləsindən (baş barmağını yuxarı qaldıraraq, necə gözəl insan olduğuna işarə edir, bu həm də o deməkdir ki, başqa soydaşları kimi deyil, onlardan fərqlidir).

Filmdə Moskva insanların rahatlıq tapdığı müqəddəs torpaq, bütün problemlərin həll olunduğu xoşbəxtlik şəhəridir. Bu fikir son səhnələrdə daha geniş təcəssüm tapır. Belə ki, Bakıda bir qrup vicdansız verdikləri sözə əməl etməyib bədbəxt azərbaycanlının ofisini darmadağın edirlər, hətta vəhşilər ən çox sevdiyi oyuncağa da qıyırlar. Bu müddətdə bəxti gətirib, Moskvaya köçənləri isə baş döndürən uğur gözləyir və izləyicilər pyesi dərin maraqla qarşılayırlar. Mətnaltı məna aydındır. Bakıda bağlanmış ofis, Moskvadakı alqış seli… Bu müəllifin öz həyatından fraqmentdir, o müəllif ki, Sovetlər Birliyinin süqutuna görə daim məyus olub.

Bəs gürcü rejissoru bu yola nə sövq edib?

Azərbaycan xalqını cəllad və vicdansız təqdim etmək istəyi hansı şüurun məhsuludur? Hətta Gürcüstanın hazırkı dövlət başçısı da Xocalı faciəsini dərin etiramla yad etməyi tapşırıb. Puşkinin yalançı duel tapançası ilə tamaşa göstərir. Azərbaycanlı məmur növbətçi əvəzinə «дежурна» deyir. Qəddar, əcaib simalı Bakı milliyətçilərini də gürcülər canlandırır. Çünki ssenari müəllifinin yaxın qohumlarından başqa bu biabırçı filmə heç bir azərbaycanlı razılıq verməzdi.

Filmin personajlarından biri “ermənilər bir nömrəli düşmənimizdir” deyə, hiddət püskürür. Burada müəllif bizə Qarabağ münaqişəsinin “əsas səbəbi”ni açır. Filmə inansaq, səbəb torpaqlarımızın işğalı deyil. Bu haqda filmin heç bir səhnəsində söz keçmir. İbrahimbəyovun təxəyüllünə görə, azərbaycanlılar ermənilərə sadəcə səbəbsiz kin bəsləyirlər. Bu gün həmin fikri rus KİV-ləri də sübuta yetirməyə çalışırlar. Ruslar bunu bir azərbaycanlıdan duymaqdan zövq alırlar. Bu da müəllifin rus xalqına bir növ minnətdarlığıdır.

Film vəhşi soydaşlarından fərqli olaraq, özünün cəsur, mərd olduğunu sübut etməyə çalışan İbrahimbəyovun əsaslı addımıdır. O vəhşilər ki, bir müddət əvvəl ərtafına toplayıb, prezidentliyə namizədliyini irəli sürməyə çalışırdılar.

Belə “rəssamlar” çökmüş sovet imperiyasının toxumlarıdır.

Bəs bu hadisəyə indiyədək həmin müəllifin rəhbərlik etdiyi ittifaqın əməkdaşları necə yanaşırlar?  /publika.az/

Ayaz Salayev

Paylaş: