Şb. Sen 21st, 2019

Ermənistan uğrunda “dollar savaşı”

Rusiya və Qərb iqtisadiyyata nəzarəti ələ keçirmək istəyir

“Məxməri inqilab”dan sonra Ermənistan uğrunda Rusiya və Qərb arasında rəqabətin artması müşahidə olunur. Həm Rusiya, həm də ABŞ və Avropa Birliyi Ermənistanın yeni hökuməti ilə daha sıx əlaqələr qurmaq üçün bir sıra revanşlar edir. Baş nazir Nikol Paşinyan prezident Vladimir Putinlə görüşündə Rusiya ilə münasibətlərin ənənəvi şəkildə davam edəcəyini dilə gətirməklə, yeni hökumətin Qərbyönümlü olması barədə iddiaların real olmadığını nümayiş etdirməyə çalışdı. Ancaq elə Putinlə görüşdən əvvəl N.Paşinyanın Rusiyada yaşayan erməni iş adamlarını Ermənistana sərmayə yatırmağa dəvət etməsi Kremldə narahatlıqla qarşılandı. 

Yəni N.Paşinyanın bu mesajı Ermənistanı Rusiyanın iqtisadi asılılığından dolayısı ilə azad etmək və müstəqil iqtisadi siyasət yürütmək cəhdi kimi qarşılandı. Təbii ki, Ermənistan iqtisadiyyatını Rusiyanın inhisarından xilas etmədən Paşinyan hökuməti Qərbə inteqrasiya siyasətini reallaşdıra bilməz. Ona görə də baş nazir bu məqsədə nail olmaq üçün Qərb sərmayələrini Ermənistana cəlb etməyin və işsizliyin aradan qaldırılmasının yolunu tapmalıdır. Əks təqdirdə, iqtisadiyyatın Rusiyadan asılılığı və yoxsulluq səviyyəsi onun hakimiyyətinə qarşı sosial narazılığın baş qaldırması üçün növbəti inqilabi arqumentə çevrilə bilər.

Nikol Paşinyan onu da anlayır ki, Dağlıq Qararabağ problemi həll olunmadan və Ermənistan regional layihələrə qoşulmadan iqtisadiyyatı dirçəltmək çətin məsələdir. Lakin Rusiyanın razılığı olmadan Azərbaycanla kompromisə gəlmək hazırkı şəraitdə qeyri-real görünür. Buna baxmayaraq, N.Paşinyan Ermənistanda iqtisadi situasiyanı dəyişmək üçün Qərb investisiyalarını və əlavə valyuta idxalını artırmağa üstünlük verir. Yerli istehsalın inkişafına nail olmadan işsizlik problemini aradan qaldırmaq mümkün olmayacaq. Ermənistanın sənaye müəssisələrinin 80 faizinin səhmləri isə Robert Koçaryanın və Serj Sarkisyanın hakimiyyəti illərində Rusiyanın “Qazprom”, “Rosneft”, “Rosatom” və başqa şirkətləri tərəfindən satın alınıb. Buna baxmayaraq, ölkədə sənaye istehsalı çox cüzidir. Ermənistanın əsas gəlirləri kənd təsərrüfatı, xarici yardımlar və turizm hesabına təmin olunur. Ermənistanda işsiz əhali iş tapmaq üçün daha çox Rusiyaya üz tutur.

2012-2017-ci illərdə Ermənistandan Rusiyaya işləməyə gedən immiqrantların sayı iki dəfədən çox artıb. Əgər 2012-ci ildə Rusiyada işləyən Ermənistan vətəndaşlarının sayı 90 549 nəfər təşkil edirdisə, 2017-ci ildə bu göstərici 232 247 nəfərə çatıb. Yəni həmin şəxslərin ailələrinə göndərdikləri gəlirlər ermənilərin gündəlik dolanışıq səviyyəsinin təmin olunmasında mühüm rol oynayırdısa, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra bu imkanlar xeyli məhdudlaşıb. Ona görə də “məxməri inqilab”ın baş verməsində sosial-iqtisadi problemlər mühüm rol oynadı. Siyasi ekspertlərin fikrincə, rəsmi Moskva Ermənistanı kreditlər verməklə öz orbitində saxlamağa çalışa bilər. Paşinyan hökuməti isə konkret olaraq investor axtarır. Rusiya şirkətləri maddi çətinliklərlə üzləşdiyindən Kreml Ermənistanı təsir dairəsində saxlamaq üçün daha çox silah təklif edir.

Putin iqtidarı bununla Paşinyan hökumətinə Azərbaycanla münaqişədə siyasi və hərbi dəstəyini davam etdirəcəyini göstərir. 2018-ci ilin əvvəlinə olan məlumata görə, son beş ildə Rusiyada müvəqqəti işləyən Ermənistan vətəndaşları ölkəsinə 6,3 milyard ABŞ dolları həcmində pulköçürmələri həyata keçirib. Bu, Rusiyadan Ermənistana daxil olan valyutanın 67 faizini təşkil edir. Ermənistan Mərkəzi Bankının məlumatına görə, 2017-2018-ci illərdə Rusiyadan bu ölkəyə valyuta köçürmələrinin həcmi 18,9 faiz artaraq 51, 7 milyon dollar çatıb. Ancaq 2016-2017-ci ildə Rusiyadan Ermənistana edilən transfertlərin həcmi 168 milyon dollar olmuşdusa, sanksiyalardan sonra bu məbləğ sürətlə azalmağa başlayıb. 
Son günlər ABŞ və Avropa Birliyindən Paşinyan hökumətinə maliyyə dəstəyi ilə bağlı gələn təkliflər Qərbin Ermənistan bazarına marağının artmasından xəbər verir. Bu həm də Qərbin N.Paşinyana qeyri-rəsmi dəstəyi kimi də başa düşülə bilər. Ümumilikdə isə Ermənistana nəzarət uğrunda Rusiya ilə Qərb arasında geosiyasi və və geoiqtisadi rəqabətin artması müşahidə olunur. 

ABŞ-ın dövlət katibi Mayk Pompeo Dövlət Departamentinə göndərdiyi müraciətdə “Minilliyin çağırışı” proqramı çərçivəsində Ermənistana 140 milyon dollar qrant ayırmağı təklif edib. Həmin vəsaitin təhsilin, elmin, texnikanın və incəsənətin inkişafı proqramlarına sərf olunacağı bildirilir. Avropa Birliyi “Genişləndirilmiş və Hərtərəfli Saziş” çərçivəsində Ermənistana 2020-ci ilə qədər mərhələli şəkildə 160 milyon avro maliyyə yardımı ayırmağa hazırlaşır. 

Bu günlərdə İtaliyanın “Renco” şirkətinin İrəvan Mərkəzi İstilik Elektrik Stansiyasının yeni blokunun inşasına 300 milyon dollar ayırması Paşinyan hökumətinin Qərb sərmayələrini ölkəyə cəlb edilməsi istiqamətində ilk uğurlu addımı sayılır. 250 MVt gücündə elektrik enerjisi istehsal edəcək bu stansiyada 1000 yeni iş yeri açılacaq. Proqram beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində “Siemens” şirkəti tərəfindən həyata keçiriləcək. Burada diqqəti cəlb edən əsas məqam investisiya proqramının məhz energetika sektoruna yönəldilməsi ilə bağlıdır. Əslində son bir ildə Ermənistanın energetika sektoruna nəzarəti ələ almaq uğrunda Qərb və Rusiya arasında rəqabətin dərinləşməsi müşahidə olunur.

ABŞ və Avropa Birliyi Ermənistanın energetika sektoruna nəzarəti ələ keçirmək üçün eks-prezident Serj Sarkisyanın 2017-ci ildə razılıq vermədiyi şərtləri N.Paşinyanın vasitəsilə həyata keçirə bilər. Nikol Paşinyan hökumətinin Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanmasına razılıq verəcəyi ehtimalı çox yüksəkdir. Halbuki, Serj Sarkisyan Avropa Birliyinin “Genişləndirilmiş və Hərtərəfli Saziş” çərçivəsində irəli sürdüyü bu öhdəliyi Rusiyanın təzyiqləri qarşısında qəbul etməkdən imtina etmişdi. Xatırladaq ki, ABŞ Metsamor AES-in fəaliyyətini dayandırması müqabilində Ermənistanda alternativ enerji mənbələrinin inkişafına 8 milyard dollar, Avropa Birliyi isə 270 milyon avro ayırmağı vəd edir. Paşinyan adıçəkilən AES-i bağlamağa razılıq verərsə, bu “Rosatom” şirkəti ilə dördüncü blokun yenidən qurulmasına dair 2014-cü ildə imzalanmış müqavilənin pozulması və Rusiyanın Cənubi Qafqazdakı strateji dayaqlarından birinin əlindən alınması demək olar.

Qərbin qeyd edilən məbləğdə investisiyalarının Ermənistan iqtisadiyyatına cəlb edilməsi isə uzun illər blokadada və böhran şəraitində yaşamış ölkə üçün fantastik bir rəqəmdir. Yəni Paşinyan Qərblə yaxınlaşmaq, Rusiyanın iqtisadi və siyasi asılılığından xilas olmaq üçün müəyyən gedişlər etmək cəhdləri özünü büruzə verməyə başlayıb.    /Cebhe.info/

Paylaş: