04 Dekabr 2020 14:37

ABŞ-ın Qafqaz mesajı: Bölgədə qarşıdurmaya aparır – POLİTOLOQ RƏYİ

“ABŞ-ın Cənubi Qafqaza xüsusi diqqqəti artır. ABŞ prezidenti Donald Trampın və dövlət katibi Mayk Pompeonun Cümhuriyyət bayramı münasibəti ilə dövlət başçısı İlham Əliyevə ünvanladıqları təbrik məktubunda Qarabağ münaqişəsinin həllini xüsusi olaraq vurğulamaları və həll prosesinin tezləşdirilməsini qeyd etməsi bunu göstərir”.

Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, qeyd edib ki, Ermənistanda inqilabla hakimiyyətin dəyişməsi, ABŞ-ın yeni hakimiyyətə maliyyə və siyasi dəstəyi, həmçinin Gürcüstanın ərazi bütövlüyü ilə bağlı dövlət katibi M.Pompeonun tam dəstəyinin ifadə olunması, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana verdikləri mesaj əsasən regionda artıq ABŞ-Rusiya siyasi qarşıdurmasına aparır: 

“Görünən odur ki, ABŞ regionda Rusiyanı tədricən sıxışdırmağa başlayır və həlledici siyasi mərhələyə başlamağı planlayır. Ona görə də, Qarabağ konfliktinin həllini önə çəkir.

Ağ Ev Tiflis və İrəvanda Rusiyadan kənar fərqli siyasilərin hakimiyyətdə olmasına diqqət çəkərək, çalışacaq ki, münaqişələrin həllinə töhfə versin. Həmçinin, ölkəmizin manevr siyasəti, ABŞ-ın regionda Bakı ilə sıx işləməsinə əlavə imkanlar yaradır. Vaşinqtonda hesab edirlər ki, Cənubi Qafqazda güclənmək üçün ilk növbədə burada konfliktlərin ədalətli həllini sürətləndirsinlər və Yerevanda formalaşan Paşinyan hokumətinə böyük maliyyə dəstəyi göstərməklə Rusiyanın təsirini azaldaraq mümkün Qarabağ danışıqlarında real nəticələrə aparan irəlləyişlərə nail olsunlar. Amma Vaşinqtonun hazırkı məqamda işğalçı ölkəyə böyük maliyyə dəstəyi münaqişənin həllinə ciddi mane yaradır və rəsmi Yerevanın sərt ritorikasına kompromissiz mövqe siyasət ortaya qoymasını şərtləndirir. Ona görə də, ABŞ-ın təcavüzkar bir ölkəyə maliyyə yardımı səhv addımdır. Rəsmi Bakı Vaşinqtonla diplomatik danışıqlar aparmalı, bu maliyyə yardımını o şərtlərlə verilməlidir ki, Yerevan işğal olunmuş ərazilərlə bağlı ədalətli danışıqlara başlasın. Əgər, ABŞ-ın ayıracağı maliyyə yardımı regionda Rusiyanın təsirini zəiflətməyə və Qarabağ konfliktinin həllinə apara biləcək səylərin dəstəklənməsinə yönəltməyəcəksə, işğal və Rusiyanın təsiri regionda qalacaq.

ABŞ Cənubi Qafqazda möhkəmlənmək siyasi kurs götürürsə, ilk növbədə Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmalıdır. Çünki, Rusiyanı regionda Ermənistanın işğal faktoru saxlayır. Hər halda ABŞ rəsmləri bunu bilir və hazırda siyasi hərəkətlilik bundan irəli gəlir”.

Paylaş: