Ça. Sen 17th, 2019

“Elm xərclərinin 8 milyon 220 min manatı istifadə edilməyib, buna aydınlıq gətirilsin”

“Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin vəzifələrini layiqincə yerinə yetirilməsi müsbət haldır. Büdcənin gəlirlər hissəsi yerinə yetirilsə də, bəzi sahələrdə maliyyələşdirmədə problemlər olub”. 

Turkustan.info-nun məlumatına görə, bunu  Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat büdcədən elm və təhsil sahəsinə ayrılan xərclərin yetərli olmadığını deyib.

“Məni narahat edən məsələ elm xərcləridir. Ötən il elm xərclərinə 118 milyon vəsait ayrılıb, 8 milyon 220 min manat istifadə edilməyib.

Buna aydınlıq gətirilsin. Elmə və təhsilə yetərincə vəsait ayırmadan ölkənin inkişafı çətin olur. Böyük Britaniyada xarici tələbələrdən hər il 20 milyard funt sterlinqdən çox gəlir götürülür.  Bunun hesabına hər il 200 mindən çox iş yeri artırılır. Bunun üçün bizim potensialımız var. İran, Türkiyə Asiya ölkələrindən tələbə cəlb etməyimizə imkan var”.

Q.Həsənquliyev qısa zamanda universitetlərin yataqxanalarının tikilməsinin də vacib olduğunu bildirib. “Bu gün universitetlərin yataqxana problemi var.

Bakı Dövlət Universitetinin yataqxanası illərdir sökülüb və yenisi tikilmir. Digar ali məktəblərdə də oxşar problem yaşanır. Bu gün tələbələr xaricdə ali təhsil üçün kampların olmasına önəm verirlər”.    /Modern.az/

Paylaş: