Ça. Sen 17th, 2019

Norveç 39 azərbaycanlı müəllimi ölkəsinə buraxmadı: Səfirlikdən rədd cavabı

“Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” Təşkilat Komitəsi Finlandiyaya Azərbaycandan bir qrup təhsil işçiləri, məktəb direktorları və müəllim heyəti ilə birlikdə Finlandiyanın paytaxtı Helsinkiyə səfər etməyi planlaşdırırmış. Lakin Norveç səfirliyi əsassız səbəblərdən 39 nəfərdən ibarət təhsil işçilərinin Avropa ölkəsinə səfərinə ciddi cəhdlə əngəl törədib.

Təşkilatın sədri Orxan Həsənoğlu Cebhe.info-ya bildirib ki, 2018-ci il mayın 24-29-da Helsinkidə “Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” adlı elmi-təcrübə proqramı həyata keçirməyi qərarlaşdırıblar.

O bildirib ki, səfərin əsas məqsədi dünyada elm və təhsildə keyfiyyət deyildiyində ilk ağıla gələn Avropa ölkələrindən birinin təcrübəsini öyrənməkdən, həmçinin Avropa ilə Azərbaycan arasında mədəni və elmi münasibətlərin inteqrasiyasına kömək etməkdən ibarət idi:

“Təsəvvür edə bilməzdik ki, dünya xalqlarına mədəniyyət aşılamağı özünə missiya kimi görən Avropa İttifaqı üzvü bir ölkə məhz multikultural dəyərlərdən, insan münasibətlərindən, qeyri-rəsmi informasiyaları doğru informasiya kimi təqdim etməkdən utanmayacaq. Norveç Krallığının Azərbaycanda yerləşən səfirliyi ümumbəşəri ali dəyərlərə hörmətsizcə yanaşaraq, cəmiyyətdə Avropaya qarşı olan inamı sarsıtdı və bunun ən dəhşətlisi isə Avropa İttifaqının ölkəmizə yaraşmayan ifadə və davranışlarını göstərdi. Belə ki, Finlandiyaya getmək üçün viza müraciəti etdiyimiz Norveç Krallığının Azərbaycandakı səfirliyi vizaya imtina üçün bizə bir neçə əsas səbəb göstərmişdi. Bu səbəblərin hər biri əsassız iddialardır. Səfirlik yazılı olaraq iddia edir ki, Finlandiyadan göndərilən dəvət məktublarını araşdırmaq üçün Finlandiya-Azərbaycan Assosasiyası ilə heç bir halda əlaqə (telefon və ya email) saxlamaq mümkün olmamış, Espo şəhərində yerləşən və səfər zamanı getməyi planlaşdırdığımız Juvanpuisto School adlı orta məktəbdən cavab verilməmişdi.

Norveç səfirliyi tərəfindən aidiyyəti qurumlara heç bir sorğu göndərilməmiş, telefon, fax və ya email göndərilməyib. Əsassız səbəblərdən 39 nəfərdən ibarət təhsil işçilərinin Avropa ölkəsinə səfərinə ciddi cəhdlə əngəl törədilib. Xüsusilə imtina məktublarında yazılan bir neçə məqamda azərbaycanlıların hər zaman ölkəni tərk etmə istəyinin olduğunu, bizi bu ölkəyə bağlayan heç bir səbəbin olmadığını vurğulamaqla ölkəmizin təhsil işçiləri təhqir olunub. Hər zaman insan haqlarından danışan Norveç Krallığı imtina məktubunda Azərbaycanda ictimai, siyasi və maliyyə problemlərinin olduğunu və bu səbəbdən azərbaycanlıların öz ölkələrini tərk edib başqa ölkələrdə yerləşdiyini vurğulayıb. Həmçinin, məktubda bildirilir ki, azərbaycanlı təhsil işçilərinin Finlandiya Forumunda iştirakı və rolu vacib deyil. Qərəzli yanaşmalar sərgiləyən səfirlik adi diplomatik-etik qaydalarda əməl etməmiş və öz missiyasını aşaraq ölkəmizin daxili işinə müdaxilə edib”.

Orxan Həsənoğlu ciddi əsas olmadan vizalar üçün imtina məktubuna qeyri-rəsmi iddialarını qeyd edən Norveç Krallığının Azərbaycanda yerləşən səfirliyini Avropa İnsan Haqları Məhkəməsinə şikayət edərək, hüquqları pozulmuş müəllimlərin haqlarını müdafiə edəcəklərini də qeyd edib:

“Bu xoşagəlməz situasiyalar qarşılığında Avropanın qonşuluq, humanizm, təhsil sahəsində qarşılıqlı münasibətlərin inkişafı və mədəni əlaqələrin qurulmasına kölgə salınıb. Eyni zamanda, bu qeyri-qanunu davranış təşkilatçı qurumun haqqında mənfi rəy formalaşdırmış, neçə illər ərzində əldə etdiyi etibarına böyük mənəvi zərər vurub. Səfirlikdən cavab məktubunun gecikdirilməsi və təyyarə uçuşuna son 32 saatdan daha az bir vaxtda məlumatın verilməsi şirkətin zərərini də artırıb.

Ən acınacaqlısı isə odur ki, çox sayda azərbaycanlı təhsil işçilərinin, Avropa ölkələrinin və səfirliyin də məktubunda ifadə etdiyi kimi dünyaya insani münasibətləri, insan hüquqlarının təbliğatçısı kimi görünən Avropanın imicinə ciddi xələl gətirib. 39 nəfər müəllim demək hər gün onlarla sinfə daxil olan, yüzlərlə şagirdə elmi-bəşəri dəyərləri təbliğ edən canlı insan faktoru deməkdir. Bu xoşagəlməz hadisə onların mənəvi hislərini olduqca sarsıtmış, qarşılaşdıqları durum onları məyus edib”.

P.S: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Paylaş: