Şb. Apr 4th, 2020

Bu məhsullar Azərbaycana dollar gətirəcək: Neftdən sonraya ÜMİD

A woman counts her U.S. dollar bills at a money changer in Jakarta June 13, 2012. REUTERS/Beawiharta

2018-ci ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda pomidor birinci yeri tutub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin may sayına əsasən, aprel ayında 18,5 milyon ABŞ dolları dəyərində pomidor ixrac olunub.  2018-ci ilin yanvar-aprel ayları ərzində isə Azərbaycandan 42,5 milyon dollar dəyərində pomidor ixrac olunub. Qeyd edək ki, 2017-ci ilin ilk 4 ayı ərzində Azərbaycandan 33,8 milyon ABŞ dolları həcmində pomidor ixrac olunmuşdu (26 faiz artım). İlk 4 ay üzrə, pomidor elektrik enerjisindən sonra ən çox ixrac olunmuş qeyri-neft sektoru məhsuludur. Yanvar-aprel aylarında 47,3 milyon dollarlıq elektrik enerjisi, 34,3 milyon dollarlıq qızıl ixrac olunub.

“Altay” İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı“Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, aqrar sektor neftdən sonra Azərbaycanın potensiallı gəlir mənbəyidir:

“Başqa sahələrdə də gəlir əldə etmək olar, amma bazarlar tapmaq çətindir. Azərbaycanın aqrar sektorunda həm imkanları var, həm də bazarları. Şimal ölkələrində Azərbaycanın kənd təsərrüfatı məhsulları keyfiyyətinə görə hər zaman üstün tutulub. Rusiyada, Ukraynada, eləcə də digər ölkələrdə Azərbaycan məhsulları demək olar ki, artıq brendləşib. Son vaxtlar ölkəmizdə aqrar sektora dövlət dəstəyi verilir. Tək pomidor yox, aqrar sektorun bütün sahələri üzrə yaxşı gəlir əldə edə bilərik. Problem ölkə daxilində deyil, gömrüklə bağlıdır. Yəni, ölkə daxilində dövlət tərəfindən fermerlərə subsidiyalar ayrılır, güzəştli kreditlər verilir. Bunun sayəsində ölkə ərazisində əkin-biçinin və ixracın artdığını müşahidə etmək olar. Sadəcə, ixracda problemlər var. Hesab edirəm ki, ixrac zamanı ortaya çıxarılan qeyri-rəsmi xərclər aradan qaldırılsa, daha çox gəlir əldə etmək mümkündür. Əslində pomidor ixracının 26 faiz artması və 42,5 milyon dollar valyuta gətirməsi çox zəif göstəricidir. Çünki bundan dəfələrlə artıq imkanlar var. Pomidor Rusiyada, Türkiyədə və başqa ölkələrdə daha baha qiymətə satılır və alıcılar tərəfindən daha yaxşı qəbul olunur. Hansı sahədə gəlir əldə etmək üçün satış imkanı var, o sahə inkişaf edəcək”.

İqtisadçı hesab edir ki, meyvəçilik sektorunun inkişafı daha effektlidir:

“Son illər bağçılıq sahəsində də işlər gedir. Belə ki, qoz, şabalıd bağları salınır, üzüm plantasiyaları genişləndirilir. Hesab edirəm ki, Azərbaycanda bağçılıqdan daha çox gəlir əldə edilə bilər, nəinki tərəvəzçilikdən. Çünki tərəvəzçilik hər il toxum, gübrə, dərman kimi əlavə xərclər tələb edir. Ancaq bağı bir dəfə salıb qulluq edirsən uzun müddət məhsul götürülür. Həmçinin meyvələrin xarab olma müddəti də uzundur. Sadəcə, Azərbaycan əhalisinin gec gəlir götürmək üçün imkanları məhduddur.

Meyvəçilikdə məhsul əldə etmək üçün bir neçə il gözləmək lazımdır. Başqa ölkələrdə fermer və ya sahibkar meyvə əldə edənə qədər dövlət bağ salana dəstək verir. Dünyada hektara görə məhsuldarlıqda birinci yeri bağçılıq tutur. Azərbaycanın bağçılıq sektorunda potensialı yüksəkdir. Hökumət bu sahəyə paralel olaraq aqrar sənayeni də inkişaf etdirməlidir. Bağçılıqda əldə olunan ədviyyatlar, çərəzlər, meyvə şirələri, konservləşmiş limonadlar və digər qida məhsullarının saxlanması, daşınması daha asandı. Amma pomidor 10-15 gün ərzində satılmasa, xarab olma ehtimalı yüksəkdir. Əgər bir pomidor idxalından ölkəyə bu qədər gəlir gəlirsə, görün, böyük həcmdə bağçılıq məhsullarından nə qədər gəlir əldə etmək olar?!”

Elçin Bayramlı qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarlarında 30 dollar arasında satılır:

”Kimlərsə yerli əhalidən məhsulları maya dəyərindən də aşağı qiymətə alıb, pul qazanır. İstehsalçı uduzur, dəllallar qazanır. Dövlət bu işi elə təşkil edə bilər ki, sahibkar və ya fermer öz məhsulunu özü ixrac edə bilsin. Yaxud da həmin məhsulları alanlar fermerdən normal qiymətə almalıdır. Bu sistem qurulsa, Azərbaycanın aqrar potensialı neftdən sonra ikinci yerini hər zaman qoruyacaq. Bu isə, aqrar sektorun yaxın vaxtlarda neftdən daha çox gəlir gətirməsinə imkan yaradacaq. Başqa sənaye növlərində, eləcə də turizmdə Azərbaycanın dünya bazarlarında rəqabət aparmaq imkanları yoxdur. Hökumət aqrar sektora dəstəyini bir az da artırmalıdır. Vergilərdən azad olunmadan tutmuş, texnika, dərmanla təmin olunmaya qədər diqqət artırılmalıdır. Belə olduğu halda bir neçə il ərzində aqrar sektordan əldə edilən gəlirlər, hətta neft sektorunu da keçə bilər”.  /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort