27 Fevral 2021 20:13

İran-İsrail müharibəsində Bakı hansı mövqeyi tutacaq? – ŞƏRH

İran və İsrail arasındakı münaqişənin uzun tarixi var. Ancaq indi vəziyyət daha ciddidir. Müharibə istisna deyil, bundan başqa hərbi fəaliyyətlər də qaçılmazdır. 

Turkustan.info bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Fikrət Sadıxov deyib. 

O bildirib ki, İsrailin fikri qətidir, İran isə daha kəsin cavab verir.   

“İndi əsas olan qarşıdurmanın nə qədər uzanacağı deyil. Daha vacib suallar ortaya çıxır: Bu iki ölkə arasında müharibə başlasa, nələr olacaq? Bu müharibə İranla sərhəddə yerləşən Azərbaycana hansı təhlükələr yarada bilər?”, – ekspert deyib. 

O qeyd edib ki, İranla İsrail arasında birbaşa hərbi əməliyyatlar olmayacaq, çünki bu ölkələr sərhəd deyil. Çox güman ki, müharibə üçüncü ölkənin ərazisindən buraxılacaq raketlərlə aparılacaq. 

“İran İsrail ərazisinə Suriya və Livandan raket zərbələri endirə bilər. İsrail isə bu ölkələrdəki İran mövqelərini vurmalı olacaq. İntensiv hərbi qarşıdurmalar olmayacaq”, – politoloq əlavə edib. 

Bundan başqa, onun sözlərinə görə, İran-İsrail müharibəsi Bakı üçün yaxşı vəziyyət deyil, çünki İran Azərbaycanın qonşu və dost ölkəsidir, İsrail isə bizim strateji tərəfdaşımızdır. 

Sadıxov əmindir ki, Azərbaycan heç bir halda müharibəyə müdaxilə etməyəcək və tərəflərdən heç birini dəstəkləməyəcək. 

“Azərbaycanın bu münaqişədə yeganə rolu vasitəçilik ola bilər. Məhz Bakı tərəflər arasında münasibətlərin yaxşılaşması üçün vasitəçi rolunu oynaya bilər”, – politoloq bildirib.    /oxu.az/

Paylaş: