26 Fevral 2021 07:20

“Maşın” şouda reklam olunan universitetin diplomu tanınmır

Bakıda Anadolu Universiteti adlı təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda onun verdiyi diplom, sənəd hüquqi qüvvəyə malik deyil. Çünki bu təhsil müəssisəsinin fəaliyyəti üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməyib.

Turkustan.info xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov Anadolu Universitetinin ölkəmizdəki filialının tələbələrə verdiyi diplomların tanınmaması haqqında qeyd edib. O bildirib ki, müraciət edən valideynlər orada təhsil alanların aqibəti ilə maraqlanıb, sonra ora müraciət etsələr, daha yaxşı olar:

“Lakin bu o demək deyil ki, o universitetin fəaliyyəti qanunsuzdur.
Birincisi, Anadolu Universitetinin rəsmi saytında xarici ölkələrdəki rəsmi filialı olması haqqında məlumat var və qəbul şərtləri açıqlanıb.
İkincisi, ona görə sənədlər Azərbaycanda (ancaq Bakı filialında təhsil alanların; bu, Türkiyədə təhsil alanlara aid deyil) tanınmır ki, təhsil forması distantdır. Bu təhsil alma forması da 2009-cu ilin Təhsil haqqında qanunda öz əksini tapsa da, hələ ki, həll olunmayıb”.

Ekspert onu da bildirib ki, əgər universitetdən oğlan tələbələrə verilən təhsil haqqında sənəd onlara hərbi xidmətdən möhlət hüququ vermirsə, bu o deməkdir ki, orada vaxt və pul itirməyə dəyməz:

“Elan etmək olmaz ki, Anadolu Universiteti qanunsuz fəaliyyət göstərir. Bu, biznes maraqlarına, işgüzar əlaqələrə və fəaliyyətə ziddir. Çünki universitetin rəsmi saytı var. Özü haqqında bütün məlumatları verib və bu o deməkdir ki, onlar vergi və digər ödənişləri ödəyir, açıq şəkildə fəaliyyət göstərirlər”.

Qeyd edək ki, Anadolu Universiteti ATV telekanalında yayımlanan “Maşın şou” verilişinin sponsorudur. Bu universitetin sənədlərinin Təhsil Nazirliyi tərəfindən tanınmadığı halda onun reklam olunması ictimaiyyətdə müzakirəyə çevrilib.  /Axar.az/

Paylaş: