03 Dekabr 2020 14:09

Qarabağda kütləvi istefalar: Petrosyan niyə narahatdır?

Azərbaycanın işğal altındakı ərazilərindəki separatçı qurumda baş verən proseslər bir müddət öncə Ermənistanda cərəyan edən hadisələrin məntiqi davamı olmaqla yanaşı, qanunsuz rejimin və işğalçı hərbi birləşmələrin əhalini daim təzyiq altında saxladığını, ərazini bütövlükdə həbs düşərgəsinə çevirdiklərini göstərir. Aksiya iştirakçılarının müsahibə və açıqlamalarından da bunu sezmək mümkündür.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a qondarma Dağlıq Qarabağ rejimindəki kütləvi istefalarla bağlı danışan analitik Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Qarabağda baş verən proseslər Ermənistanın bugünədək yürütdüyü siyasətə çox böyük zərbə vurur:

“Belə ki, rəsmi İrəvan beynəlxalq müstəvidə, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesində Dağlıq Qarabağda insan hüquq və azadlıqlarına tam təminat verildiyini və bu kontekstdə işğala son qoyulacağı təqdirdə Azərbaycanın belə bir təminat verə bilməyəcəyini iddia edirdi. Etiraz aksiyaları isə Ermənistanın bu müstəvidə indiyədək apardığı təbliğatı iflasa uğradır və Azərbaycanın Dağlıq Qarabağdakı ermənilərin işğalçı və separatçı rejimlərin girovu olmaları ilə bağlı arqumentlərinin və təqdim etdiyi faktların nə qədər əsaslı olduğunu göstərir. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın Paşinyana və Azərbaycan torpaqlarının işğalı prosesindəki əlaltıları Serj Sərkisyan, Robert Köçaryan və Samvel Babayana həyəcanlı müraciətinin arxasında da bu günədək aparılan təbliğatı iflasa uğradan amillərdən qaynaqlanan narahatlıq dayanır. Ermənilər hesab edirlər ki, Dağlıq Qarabağda baş verən qarşıdurmadan görüntü naminə olsa belə, “siyasi çözüm” tapılması onların danışıqlar prosesindəki mövqelərini möhkəmləndirə bilər. Yəni onlar iddia edə bilərlər ki, Dağlıq Qarabağdakı separatçı rejim və orada yaşayan ermənilər bütün problemlərin siyasi həllini tapa biləcək qədər yetkindirlər. İstefaların səbəbini də məhz burada axtarmaq lazımdır və qətiyyən şübhə etmirəm ki, istefalara səbəb Paşinyan, Sərkisyan və Köçaryanın müdaxiləsi olub”.

Analitik bu prosesə müşahidəçi kimi yanaşmağı doğru hesab etmir:

“Ən azı Dağlıq Qarabağdakı ermənilərin qanunsuz rejimin girovu olduğunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün geniş diplomatik və informasiya hücumuna keçmək lazımdır”.

Qeyd edək ki, Qarabağ separatçılarının “dövlət naziri” Araik Arutyunyan, “polis rəisi”, “general” Kamo Ağacanyan və “milli təhlükəsizlik xidməti”nin “rəhbəri” Arşavir Qaramyan bu gün istefaya gedib.

Paylaş: