C. Sen 20th, 2019

Sanksiya təhlükəsi – Azərbaycan hansı addımlar atacaq?

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycana siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edəcək.

Avropa Şurası Nazirlər Komitəsində Avropa Məhkəməsinin qərarlarının icra vəziyyəti müzakirə edilir. Komitədə Azərbaycanla bağlı məsələlər də gündəliyə daxil edilib. Belə ki, Komitədə REAL Partiyasının sədri, həbsdə olan İlqar Məmmədov və daha bir neçə nəfərin işi ilə bağlı Avropa Məhkəməsinin qərarının icra edilməməsinə dair qərar veriləcək.

Artıq məhkəmə qərarlarını icra etməməsinə görə Azərbaycana qarşı sərt addımlar atıla biləcəyinin siqnalı verilib. Avropa Şurasının sözçüsü Endryu Kattinq bildirib ki, Avropa Məhkəməsinə yenidən müraciət daxil olsa və məhkəmə qərarının icra edilməməsi konvensiyanın pozuntusu kimi tanınsa, o zaman Azərbaycana qarşı ciddi addımlar atıla bilər.

Azərbaycana qarşı sanksiyaların tətbiq edilib-edilməyəcəyinə dair ekspertlərin fikirləri haçalanıb. Bəziləri Avropa Şurasının sanksiya verməyəcəyini iddia etsə də, bir qrup ekspert tam əks fikirdədir.

Turkustan.info bildirir ki, yaranmış durumla bağlı Yenicag.az-a açıqlama verən millət vəkili Zahid Oruc qeyd edib ki, Azərbaycan Avropa ilə münasibətlərini hər zaman yüksək səviyyədə qurmağa çalışıb. Quruma qəbul edilərkən dəqiq yol xəritəsi qəbul edilib və əməkdaşlığımızın hansı prinsiplər əsasında bərqərar olacağı müəyyənləşdirilib:

 

“Təəssüflər olsun ki, AŞ PA-nın özündə də, müxtəlif fraksiyalar, qruplar, o cümlədən Qərb camiasındə kəşfiyyat mərkəzlərinə tabe olan şəxslər Azərbaycan əleyhinə fəaliyyət həyata keçirirlər. Bundan ötrü tutunulacaq ən yaxşı məsələ məhbuslarla bağlı mövzudur. İnsan haqlarını sümürmək, öz mənafeləri üçün istifadə etmək, ondan qazanc götürmək əlverişli bir siyasətdir. Bu, dünyada beynəlxalq maraqlar sistemində geniş yayılmış hadisədir. Və bu siyasət yalnız Azərbaycana qarşı da özünü göstərmir. Məqsəd müəyyən şəxsləri öz himayəsi altına alaraq, dövlətə təzyiq və təsiri saxlamaqla ondan iqtisadi, siyasi güzəştlər qoparmaqdır. Bizim ölkəmizin xarici və daxili siyasətində kəskin dəyişiklik etməyə çalışırlarsa, dərhal belə bir məsələlər işə düşür və onların demokratiya damarı tutur. İlqar Məmmədov məsələsinin nədən baş verdiyini və sonrakı illərdə Yaqlandın vasitəsi ilə bu mərhələyə çatdırıldığı hər kəsə bəllidir”.

Azəbaycana qarşı sanksiya tətbiq edilməsi yalnız regionda Qərbi sıxışdırıb çıxarmaq istəyən dövlətlərin marağına yarayacaq deyən Zahid Oruc qeyd edib ki, bizi Qərbdən çəkindirmək mümkün deyil:

“İlqar Məmmədovdan Saakaşvili düzəltmək, yaxud onu əlahiddə bütün partiyaların, şəxslərin üzərinə çıxarmaq yalnış bir siyasətdir. Azərbaycanda işi siyasiləşdirilmiş məhbuslar yetərincə çoxdur. Bu ətrafda hakimiyyətlə münasibətləri kəskinləşdirən dairələr oldu. Sanki iqtidarı qəzəblənməyə, daha sərt tədbirlər görməyə vadar etmək istəyirlər. Məhbuslar uğrunda Qərbin apardığı mübarizə Qarabağa yönəlsəydi, biz torpaqlarımızı çoxdan azad etmişdik. Ona görə də, biz bu səhifənin qapanmasında maraqlıyıq. Hesab edirəm ki, bunu dialoq təmin edə bilər. Hamı bilir ki, İlham Əliyevi kənardan idarə etmək mümkün deyil. Bu siyasətin arxasında hökuməti istədikləri kimi formalaşdırmaq niyyəti durur. Şübhəsiz ki, Qərb Azərbaycanda nazirləri, yüksək vəzifəli şəxsləri konkret olaraq Ukraynadakı kimi Brüselldən təyin etmək istəyir. Azərbaycana qarşı sanksiyalar gözləmirəm. Bu sanksiyalar reallaşsa belə, bizim mövqeyimizi, transmilli əlqələrimizi bununla əngəlləmək mümkün deyil”.

Zahid Orucdan fərqli olaraq ADP sədri Sərdar CəlaloğluAzərbaycana qarşı sanksiyaların tətbiq edilməcəyini dilə gətirib. O bildirib ki, Azərbaycan AŞ PA qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir:

serdar

 

“Azərbaycan məhkəmə qərarlarını icra etməyə borcludur. Neçə məhkəmə qərarı var ki, qərarın icraya yönəlməsi bir tərəfə, cərimələri belə ödəməkdən boyun qaçırırlar. Azərbaycan tərəfi cərimələri ödəməmək üçün dövlət büdcəsində pulun olmadığını bildirir. Qanunla dövlətə kim ziyan vurubsa, o ziyan həmin vətəndaşa ünvanlanmalıdır. Azərbaycan hakimiyyəti işləri Avropa Məhkəməsindən geri qayıdan hakimlərin özlərinə o pulu ödətdirməlidir. Çox təəssüf ki, bu addım atılmır. Bu da dövləti pis durumda qoyur. Ona görə də, təklif edirəm ki, Azərbaycan Avropa məhkəməsinin qərarlarına təcili əməl etsin”.

Azərbaycana sanksiyaların tətbiq edilə biləcəyi məsələsinə gəldikdə isə Sərdar Cəlaloğlu bunları deyib:

“Azərbaycan Avropa Məhkəməsinə üzv olarkən oraya müəyyən məbləğdə pul vəsaiti qoyub. Avropa məhkəməsi həmin pulu götürüb cərimələri ödəyə bilər. Bütünlükdə Avropa Şurasının öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan sanksilayara məruz qala bilər. Azərbaycanda elə bilirlər ki, sanksiya deyəndə hansısa deputat AŞ PA-ya buraxılmayacaq və bununla da iş bitəcək. Avropa Şurası Avropa Birliyi, NATO ilə birgə fəaliyyət göstərən qurumdur. AŞ ilə münasibətlərin korlanması digər beynəlxalq qurumlarla da münasibətlərin korlanması deməkdir. Düşünürəm ki, Azərbaycan hökuməti yersiz hərəkət etməyəcək”.

 

Paylaş: