27 Fevral 2021 19:09

Ağ Evin ucuz neft siyasəti, yoxsa təhdid?

Donald Tramp OPEC-in fəaliyyətindən narazılığını bildirib. ABŞ prezidenti Donald Tramp Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) fəaliyyətindən və dünya bazarında neftin qiymətinin yüksək olmasından narazılıq edib. Dövlət başçısı bu barədə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Neft həddindən artıq bahadır və bu, çox pisdir. OPEC yenidən köhnə işini görməyə başlayıb”.

Qeyd edək ki, ABŞ bu narazılıqlarını mütəmadi şəkildə dilə gətirib. Bundan əvvəl Amerika hökuməti, Səudiyyə Ərəbistanı və digər OPEC istehsalçılarından, neft hasilatını gündəlik təxminən 1 milyon barel artırmalarını istəmişdi. Yerli xəbər agentliklərinin məlumatına görə, bu istək gizli şəkildə olub. Nadir görülən bu istək, ABŞ-da pərakəndə benzin qiymətlərinin üç ildən artıq müddətin ən yüksək səviyyəsinə qalxmasının və prezident Trampın OPEC-in siyasətini və artan neft qiymətlərini “Twitter” hesabından tənqid etməsinin ardından olub. Tramp, “Twitter” hesabından aprel ayının ortalarında bildirmişdi ki, OPEC yenə iş başındadır: “Neft qiymətləri süni şəkildə çox yüksəkdir! Bu, yaxşı deyil və qəbuledilməzdir!” 

O zaman əmtəə birjalarında neft qısa müddətə ucuzlaşmışdı. Ekspertlərin fikrincə, ABŞ-ın OPEC qarşısında irəli sürdüyü şərtlər və dilə gətirdiyi narazılıqlar daha çox siyasi xarakter daşıyır.

Maraqlıdır, ABŞ-ın neftin qiymətinin artmasında niyə maraqlı deyil?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın neft bazarında aparıcı neft ixracatçısı olmaq istəyinə nail olmaq üçün müxtəlif üsullara əl atır: “Son proqnozlara görə, ABŞ 2018-ci ilin yekunlarında orta hesabla gündəlik 10,51 milyon barel neft hasil etməlidir. ABŞ Enerji Administrasiyasının açıqladığı rəsmi məlumata görə ötən həftə ABŞ gündəlik olaraq 8,1 milyon barel neft idxal edib. Hasilat göstəricilərinin artması ilə əlaqədar olaraq gündəlik idxal göstəriciləri 247 min barel azalıb.

Digər tərəfdən, ABŞ şirkətləri artıq şist neftini rentabelli şəkildə hasil etməyə alışıblar. Bundan əlavə, onlar şist nefti ixraca yönəltmirlər, ölkə daxilində emal edirlər. ABŞ emal sənayesi isə dünyada ən yüksək rentabellik göstəricilərinə malikdir. Yəni bir ton xam neftdən ən çox yanacaq alınmasına yalnız ABŞ emal şirkətlərində rast gəlmək mümkündür. Ona görə də ABŞ şirkətləri neft məhsullarının ixracına üstünlük verirlər. Neft məhsullarının ixracından gələn gəlir isə (marja) o zaman daha çox olur ki, xam neft baha olmasın. Bu, neft biznesinin yazılmamış qanunudur”.

/Cebhe.info/

Paylaş: