27 Fevral 2021 00:58

Türkiyədə seçki oyunu: Ərdoğana qarşı şok plan

İyunun 24-də Türkiyədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə əsas namizədlər Ədalət və İnkişaf Partiyasından (AKP) Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasından Məhərrəm İncədir. Hazırda Türkiyədə hakimiyyətdə olan AKP hökumətinə qarşı həm daxildən, həm də xaricdən hücumlar olunur.

Turkustan.info bildirir ki, tanınmış jurnalist Ruslan Bəşirli Axar.az-a müsahibəsində iyunun 24-də Türkiyədə keçiriləcək seçkilərdən və AKP-yə, birbaşa Türkiyənin hazırkı lideri Rəcəb Tayyib Ərdoğana qarşı qurulan planlardan danışır:

– Türkiyə hansı zərurətdən erkən seçkilərə getməklə bağlı qərar verdi?

– Türkiyə sərhədləri yaxınlığında baş verən qlobal proseslərdən ən çox təsirlənən ölkədir. Hazırda İraqda və Suriyada vəziyyət çox gərgindir, Türkiyəyə qarşı böyük oyunlar oynanılır. Bundan başqa, Aralıq dənizində amerikalılar və yunanların NATO çərçivəsində birgə keçirdiyi təlimlər var idi. Həmin təlimlər zamanı şərti düşmən hədəfi olaraq Türkiyə ordusu seçilmişdi. Bütün bunlar onu göstərirdi ki, Türkiyə Qərb dövlətlərinin hədəfindədir. Türkiyədə mövcud hakimiyyət bu dövlətlərin qlobal imperializm siyasətinə sərf etmir. Xüsusən də Türkiyənin həmin dövrdə sərhədləri yaxınlığında və sərhədlərindən kənarda keçirdiyi uğurlu əməliyyatlar imperialist güclərin xoşuna gəlmirdi. Türkiyə sərhədləri ətrafında PKK terror təşkilatı üçün “dövlət” qurulması proyektini məhv edə bildi. Bütün bunlara görə Türkiyəyə qarşı böyük tələlər qurulub. Bu ölkə tez bir zamanda prezident və parlament seçkiləri keçirməklə həmin mərhələyə daha hazırlıqlı getmək istəyir. Çünki Türkiyə 2019-cu ildə çox ciddi xarici sınaqlarla üz-üzə qalacaq. Bununla yanaşı, rəsmi Ankaranın son dövrlərdə Rusiya ilə yaxınlaşması Qərbin xoşuna gəlmir. Bu səbəblərdən dolaylı Türkiyə 24 iyunda seçkilərin keçirilməsinə qərar verdi.

– AKP-yə qarşı digər partiyalar, yəni rəqibləri necə mübarizə aparır?

– Müxalifətdə bütün qüvvələr seçkilərin 2019-cu ildə keçirilməsinə hazırlaşırdı. Buna görə də onlar seçkilərə hazırlıqsız yaxalandı. Amma bütün bunlarla yanaşı, Türkiyədə mövcud hökumətə qarşı böyük oyunlar oynanılır. Bu oyunları əsasən marjinal solçu qrupların əli ilə oynamağa çalışırlar. AKP ilə eyni qəlibdən çıxan Səadət Partiyasını da bu oyunlara cəlb edə biliblər. Təbii, indi Səadət Partiyasının əvvəlki dövrdə olduğu kimi böyük bir səs faizi yoxdur (təxminən 2%-dir). Müxalifət cəmiyyətdə bir fikir formalaşdırmaq üçün Səadət Partiyasını oyuna cəlb etməkdə maraqlı idi. Seçkilərdən sonra nələr olacağını qiymətləndirmək çətindir. Çünki Məhərrəm İncə xalqa seçkidən sonra seçki komissiyalarının qarşısına çıxmaqla bağlı çağırış edib. Ola bilər ki, ölkəni qarışdırmaq üçün açıq şəkildə məğlub olsalar belə, bu addımı atsınlar. Açığı, bu zamanı ikinci “Gəzi hadisələri” kimi bir olayın yaşanmasını istisna etmək olmaz. Bunun kimi hal yaşansa. Türkiyə üçün çox zərərlidir. Xatırladıram ki, Türkiyədə dolların qalxması məhz “Gəzi hadisələri” dövründə yaşandı. O vaxtadək AKP iqtidarı iqtisadi yüksəliş nəticəsində dolları sabit saxlaya bilmişdi. AKP-MHP koalisiyası tərəfindən buna elə cavab verilməlidir ki, bu şeylərə heç ehtiyac da qalmasın.

– Seçkidən əvvəl bir neçə dəfə sorğu keçirilib. Sorğuların nəticələrinə görə, getdikcə Ərdoğanın reytinqinin düşdüyü müşahidə edilir. Bu nə ilə bağlıdır?

– Mən də o sorğuları izləyirəm. Sorğunu keçirən qurumdan çox şey asılıdır. Sorğu xalqın səsini almaq üçün müəyyən bir vasitədir. Amma sorğu tam reallığı göstərə bilməz. Doğrudur, Ərdoğanın səsində müəyyən enmələr var. Bu da ilk növbədə son dövrlərdə hökumətə qarşı Qərbdən edilən hücumlar və iqtisadi təzyiqlərlə bağlıdır. Xüsusilə dolların lirəyə nisbətdə bir qədər bahalaşması təbii proseslər deyil. Türkiyə iqtisadiyyatı dayanıqlıdır. Amma birdən-birə dolların süni şəkildə bahalaşması buna ciddi təsir edir. Bu, tək Türkiyədə baş verən bir proses deyil, dünyanın bir çox ölkəsində belə proses gedib. Xatırlayırsınızsa, prezident seçkisi ərəfəsində Rusiyada da dolların bahalaşması müşahidə olundu. ABŞ ram edə bilmədiyi ölkələri dollarla şantaj edir. Hazırda Türkiyədə ideologiyaların savaşı gedir. Siyasi islamla solçu düşüncənin savaşı Cümhuriyyət yaranandan bu günə qədər gəlməkdədir. Artıq 16 ildir siyasi islam Türkiyədə hakimiyyətdədir. AKP-nin və konkret olaraq Ərdoğanın 44-45%, CHP-nin isə 25% seçici kütləsi var. Bu artıq bölünüb. Yəni Türkiyədə dollar bu gün nə qədər qalxır-qalxsın, proses əvvəlki kimi davam edəcək. Türkiyədə 9%-lik bir seçici kütləsi var ki, onlar heç vaxt səslərini son ana qədər bildirmirlər. Bütün partiyalar, əsasən də CHP və AKP həmin 9% səsi almaq üçün mübarizə aparır. Bu gün AKP-nin də, CHP-nin də səsi bəllidir. Hətta Məhərrəm İncə özü belə 1-ci turda qalib gələcəyini düşünmür.

– “Siyasi islam” dediniz. Ölkənin bu sistemlə idarə olunmasının nə kimi üstünlükləri var?

– “Siyasi islam” termininin meydana gəlməsinin əsas səbəbi dindar təbəqəyə edilən hücumların nəticəsidir. Türkiyədə 1928-ci ildə 80-lərin hərbi çevriliş Konstitusiyasından da betər bir Konstitusiya qəbul edilmişdi. Həmin Konstitusiyada insanların dini hüquqları əlindən alınmışdı. Kürd toplumunda çıxan problemlər məhz bu Konstitusiyanın nəticəsidir. Çünki o Konstitusiyaya görə, kürdlərin millət olaraq milli kimlikləri əllərindən alınmışdı. Azanlara, məscidlərə yasaq qoyulmuşdu. Məscidləri bağlayıb, yerlərinə “genel ev”ləri (priton) açmışdılar. Bütün bunlar CHP hakimiyyəti dövründə baş verib. Yəni 6 əsr dinlə idarə olunan Osmanlı keçmişi olan bir dövlətə bunları tətbiq etmənin fəsadları da qaçılmaz oldu. 1950-ci ilə qədər proseslər bu cür davam etdi, CHP tək partiya olaraq ölkəni idarə etdi. Həmin dövrdə seçki keçirilmədi, yeni qurulan partiyalar qapadıldı. Türkiyənin 45-50%-i isə mühafizəkar bir kəsim idi. 50-ci ildə ilk dəfə olaraq Demokrat Partiyası hakimiyyətə gəldi. Adnan Menderes azana, məscidlərə qoyulmuş qadağanı aradan götürdü. 1961-ci ildə onu asdılar. Sonrakı dövrlərdə də CHP dövründəki proseslər davam etdi. Səadət Partiyasından bir qadın millət vəkili seçilmişdi və başı örtülü şəkildə parlamentə gəlmişdi. Bülənd Əcəvit qışqırdı ki, bu qadını susdurun və qovun. AKP isə deyir ki, kim istəyir, imkan verin hicab geyinsin, baş örtüyü ilə təhsil alsın, işləsin. Həmin vaxtlar isə buna icazə yox idi və bütün problemlər bundan qaynaqlanırdı. Türkiyədə bu gün insanlar istədikləri kimi yaşaya bilir.

– AKP-yə daxildən də, xaricdən də hücumlar olur. Daxildəki partiyalar AKP-yə qarşı nə kimi oyunlar qurub? AKP-MHP münasibətlərinin isti olmasına baxmayaraq, ümumilikdə AKP sanki təklənib…

– MHP hər zaman dövlətçiliyin çətin anlarında öz sözünü deyən partiyadır. MHP az səs toplasa da, Türkiyənin hər zaman ikinci partiyası hesab olunur. Çünki MHP dövlətçilik məsələlərində öz möhürünü vurmağı bacarıb. Alparslan Türkeşin dövründə MHP 4 millət vəkili ilə hökumət ortağı olub. İndi də müxtəlif oyunlar qurulub. Təsəvvür edin, Səadət Partiyasının lideri Təməl Qaramollaoğlu deyir ki, Dəmirdaşı həbsdən azad etmək lazımdır. Halbuki Dəmirdaşın və HDP-nin mütləq çoxluğunun PKK-nın siyasi qanadı olmasına heç bir şübhə yoxdur. CHP-nin namizədi Məhərrəm İncə isə onunla görüşür və hətta prezident olacağı təqdirdə hökumətində HDP-yə də yer verəcəyini açıqlayır.

– Bəs zamanında HDP seçkiyə niyə buraxıldı?

– Türkiyədə 50-60 il ərzində kürd problemi olub. AKP hakimiyyətə gələndə vədlərindən biri də kürd məsələsinin həlli idi. Ona görə də kürdlər olan bölgələrdə hava limanları, böyük infrastruktur layihələri həyata keçirildi. Burada məqsəd kürd toplumunu türk toplumuna birləşdirərək, bütöv Türkiyə yaratmaq idi. AKP-dən öncəki dövrdə kürdlərə qarşı ayrı-seçkiliklər çox olub. Kürd məsələsinin ortaya çıxmasının səbəblərindən biri də bu ayrı-seçkiliklər idi. Osmanlı dönəmində belə bir problem olmayıb, təəssüf ki, Türkiyə Cümhuriyyəti dövründə CHP-nin yarıtmaz siyasəti nəticəsində bu problemin geniş vüsət alması üçün zəmin yarandı. Burda Avropa dövlətlərinin, keçmiş SSRİ-nin də təsiri var idi. Kürdlər çox mühafizəkar kəsimdir. Cümhuriyyət qurulandan sonra islam dininə qarşı təqiblər başlanan zaman ilk olaraq kürd bölgələri buna qarşı çıxmağa başladı. Odövrkü Türkiyənin siyasətində səhvlərdən biri də bu idi ki, PKK deyəndə bütün kürdlər nəzərdə tutulurdu. Ancaq AKP hakimiyyəti belə etmədi. AKP hakimiyyətinin uğurlu siyasəti nəticəsində indi Məhərrəm İncə də gedib, Diyarbəkrdə mitinq keçirə bilir. Amma vaxt vardı bu bölgələrə getməyin özü böyük cəsarət tələb edirdi. Bu bölgələrə istiqrarı məhz AKP hökuməti gətirib. HDP səs alaraq parlamentə düşə bildi. Lakin onlardan PKK-dan ayrılmaları istənildi. HDP isə uzun illər buna əməl etmədi. HDP-nin rəhbəri dəfələrlə öz çıxışlarında “Biz kürəyimizi PKK-ya, PYD-yə söykəmişik” və s. tipli ifadələr səsləndirib. Qərb isə bütün bunlara baxmayaraq, Türkiyədən istəyir ki, Dəmirdaş nə danışır-danışsın, ona heç nə etməsinlər. Türkiyə hökumətinin buna susması mümkün deyil. Türkiyədə həyata keçirilən terror aktlarının heç birində HDP-dən xalqa dəstək gəlmədi, baş verənlərin terror aktı olması ilə bağlı açıqlamalar verilmədi. Bütün bunlar da HDP rəhbərini həbsə aparan səbəblərdən idi. Lakin son seçkilərdə referedndum göstərdi ki, HDP-çilərin həbsi kürd toplumun böyük bir hissəsində heç bir iz buraxmadı. Referendum zamanı Ərdoğana kürd bölgələrindən böyük dəstək oldu. İndi də CHP güman edir ki, Dəmirdaşı dəstəkləməklə, kürd toplumunun səsini ala biləcək. Lakin CHP Dəmirdaşı dəstəkləməklə yalnız PKK tərəfdarı olanların səsini ala bilər.

– Türkiyəyə yaxın olan başqa hansı qüvvələr var?

– Hazırda İraq Kürdüstanı Türkiyə ilə yaxındır və PKK-ya da qarşıdır. Bu gün Qəndildə keçirilən əməliyyatlarda həmin kəsimin də rolu var. Bəli, bir dövrdə onlar dövlət qurmaq fikrinə düşmüşdülər. Bu Məsud Bərzani tərəfindən atılan addım idi. İndi orada Məsud Bərzanidən çox, Necirvan Bərzani əsas rol oynayır. Necirvan Bərzani Məsud Bərzaninin qardaşı oğludur və təhsilini Türkiyədə alıb. Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun da tələbəsi olub. Onun da müəyyən qədər bu məsələlərdə rolu var. Bu gün Türkiyədə marjinal qruplar – terror təşkilatı DHKCP, Sol İnsan Haqları Müdafiəsi təşkilatları daha çox Ərdoğana nifrətlə yanaşır. AKP-yə qarşı qurulan oyunların içərisində onlar var. Güman edirlər ki, Ərdoğan birinci turda 50+1% səs ala bilməz və seçki ikinci tura qalar. İkinci turda HDP-nin də səsini almaqla, CHP-nin namizədi Məhərrəm İncəni hakimiyyətə gətirərlər. Amma məsələ çətindir, çünki Akşənərin tərəfdarları olan qrupun içərisində bəziləri millətçilər, bəziləri isə sola meyilli insanlardır. CHP və MHP-nin hər birindən Akşənərin yanına 2%-lik bir toplum gedib. Bu qrupun içərisində olan millətçi kəsim və Səadət Partiyasının tabanı inanmıram ki, HDP ilə bir ittifaqda olmağı qəbul etsinlər. Baxmayaraq ki, onların sədrləri başqa fikirlər söyləyirlər.

– Seçki ikinci tura qalsa, necə olacaq?

– Əgər ikinci tur olsa, burada iki namizəd olacaq: Ərdoğan və İncə. Onda seçim etmək daha asan olacaq. Bu seçimdə hesab etmirəm ki, İncə Ərdoğana qalib gəlsin. Məhərrəm İncə daha çox populist çıxışları ilə meydana çıxır, amma tutaq ki, terrorla mübarizə ilə bağlı fikirlər səsləndirmir. Halbuki bütün məsələlərin kökü elə terror məsələsidir. Türkiyəyə edilən hücumların da əsas səbəbi rəsmi Ankaranın terrora qarşı verdiyi mücadilədir. İncə sərhəddəki terror məsələsini necə həll edəcək? Afrindən çıxacaqmı? Çünki CHP Afrin əməliyyatına qarşı olduğunu bəyan etmişdi. ABŞ-la, Qərblə münasibətləri necə nizamlayacaq? Qəndildə PKK-ya qarşı böyük əməliyyat aparılır, bunu durduracaqmı? İncə bu məsələlərdə seçki kampaniyası müddətində bir kəlmə də danışmadı. Eləcə də FETÖ ilə mübarizədən. Ərdoğan ordunu Afrinə göndərəndə CHP deyirdi ki, bizim Afrində nə işimiz var?! Açıqcası, mənim izlədiyimə görə, bu günə qədər amerikalılar nə açıqlama veribsə, CHP həmin açıqlamadan sonra uyğun fikirlər səsləndirib.

– CHP hakimiyyətə gəlsə, Türkiyədə hazırda davam edən proseslərin sonu necə olacaq?

– CHP deyir, Qəndildə terrorçu yoxdur, ordu niyə Qəndilə girib? HDP isə deyir ki, bütün müxalifət partiyalarını Qəndil əməliyyatını durdurmağa cağırırıq. Qəndil 40 ildir PKK-nın beynidir. Bütün PKK yönümlü təşkilatlar Qəndildən idarə olunur. Əgər AKP Qəndil əməliyyatını seçkilərdə səs almaq üçün edirsə və orada terrorçu yoxdursa, niyə bu əməliyyatları bir-iki gün ərzində bitirmir?! Çünki hazırda seçki dövrüdür. CHP dediyi ifadələr doğru olsaydı, AKP cəmiyyətə də bəyan edərdi ki, Qəndili də terrorçulardan xilas etdik. Amma PKK-nın əsas idarə mərkəzlərinin Qəndildə olduğu məlumdur. Türk ordusu orada addım-addım irəliləyir. Məhərrəm İncə Türkiyənin Qəndil əməliyyatını İran və ABŞ-la razılaşdıraraq, həyata keçirdiyini bildirir. Elə siyasət də bunun üçündür ki, lazım olanda savaş edəsən, lazım olanda dil tapasan. Yəni sən hakimiyyətə gələndən sonra heç bir dövlətlə əməkdaşlığa getməyəcəksənmi? İncə bəzən elə gülünc fikirlər səsləndirir ki… Türkiyədə bir itin dörd ayağını kəsmişdilər. Məhərrəm İncə hətta bundan da istifadə edərək, tribunada çıxışında deyir ki, Ərdoğanın hakimiyyəti illərində itlərin ayağı kəsilir (gülür).

– Ruslan bəy, Türkiyəyə daxildə qurulmuş tələlərdən danışdıq. Bəs xarici qüvvələr Türkiyəyə, konkret Ərdoğana qarşı hansı tələləri qurublar?

(Ardı var)

Paylaş: