04 Dekabr 2020 00:40

Dünya Ərdoğanın qələbəsini BELƏ GÖRDÜ – FOTOLAR

Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərində sürpriz nəticələr qeydə alınmadı. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5 faiz səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31 faiz səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2, keçən ilin payızında qurulan İYİ Partiyasının namizədi Meral Akşener 7,4, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2 faiz səs toplayıblar.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu seçkidən sonra Türkiyədə preizdent üsul-idarəsi rəsmən başlanıb.

Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP və MHP-nin qurduqları “Cümhur İttifaqı” 53,6 faiz səslə qalib gəlib. Müxalifət partiyalarının “Millət İttifaqı” adlı seçki bloku isə 34,1 faiz səs toplaya bilib. 10 faizlik baryeri keçən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyasın 11,5 faiz səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Türkiyədə keçirilən seçkilərin nəticələri bu gün dünya KİV-inin gündəm mövzularından biri olub. ABŞ və Avropa ölkələrinin nəşrləri seçkilərlə bağlı yazıları manşetdən verdilər.

Böyük Britaniyanın BBC kanalı “Ərdoğan yeni prezidentlik müddətini qazandı” başlığı ilə seçkilərin nəticələrini şərh edib.

Xəbərdə “Türkiyənin prezidenti 15 il sonra səlahiyyətlərini genişləndirdi” deyilir.

ABŞ CNN International kanalı isə “Ərdoğan qazandı” başlığı ilə material verib.

ABŞ-ın “New York Times” nəşri “Ərdoğan ona geniş səlahiyyətlər verən seçkiləri qazandı” başlıqlı xəbərində Türkiyə vətəndaşlarının Ərdoğanı seçdiyi vurğulanıb.

Britaniyanın “The Guardian” qəzeti prezident Rəcəb Tayyib Ərdoğanın özünə güvənən bir tonda zəfərindən danışdığını yazıb. Nəşri görə, bir sıra böyük layihələri həyata keçirən Ərdoğan Türkiyənin müstəqil bir yolla hərəkət edəcəyi mesajını verib. Xəbərə görə, yenidən seçiləcəyi halda, Ərdoğan 2028-ci ilə qədər hakimiyyətdə qalacaq.

“Financial Times” qəzeti “Seçkilərin nəticələri Ərdoğan üçün kritik əhəmiyyətə sahib idi. Son nəticələr açıqlananda Ərdoğan yalnız daha beş il prezident olmayacaq, eyni zamanda baş nazirin yerini alan güclü bir idarəçiliyi əlində tutacaq” ifadələrinə yer verib.

“The Daily Telegraph” qəzeti isə Qərb ölkələrinin seçkilərin nəticələrindən məmnun olduqlarını yazıb.

ABŞ-ın “Washington Post” qəzeti prezident üsul-idarəçiliyinin Ərdoğana geniş səlahiyyətlər verdiyinə diqqət çəkib.

“Wall Street Journal” xəbərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən əzici bir zəfərlə çıxdığını vurğulayıb.

“Seçicilər ölkəni 15 ildir idarə edən Ərdoğana dəstək verdilər”, – xəbərdə deyilir.

Fransanın “Le Monde” qəzeti isə “Ərdoğan zəfərini elan etdi” başlıqlı manşetində seçkilərin nəticələrindən bəhs edib.

Paylaş: