26 Fevral 2021 17:15

Büdcədən ayrılan milyonlar: Kim hara xərcləyəcək?

2018-ci ilin dövlət büdcəsi dəyişdirildi. Ötən gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər müzakirə edilib.

Maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi məqsədilə 2018-ci ilin büdcəsinə yenidən baxılması zəruri olub.  Dəqiqləşdirilmiş dövlət büdcəsində xam neftin 1 barelinin satış qiymətinin 10 dollar artırılaraq 55 dollara çatdırılması nəzərdə tutulur. Buna uyğun olaraq büdcənin gəlir və xərcləri də dəyişir.

“2018-ci il təsdiq olunmuş dövlət büdcəsinin gəlirlərinin 725 milyon manat Gömrük Komitəsindən daxil olmaları hesabına, həm də Vergilər Nazirliyinin xəttilə olan dəyişikliklər nəzərə alınmaqla, dövlət büdcəsinin gəlirlərinin 233 milyon manat artırılması nəzərdə tutulur. Eyni zamanda nəzərə alınmalıdır ki, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların büdcədənkənar gəlirləri 35 milyon manat artırılacaq.

Ümumilikdə, dövlət büdcəsinin gəlirlərinin 22 milyard 110 milyon manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat çoxdur. Büdcənin xərclərində də dəyişiklik nəzərdə tutulub. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə əlavə tədbirlər haqqında prezident fərmanının icrasına 58 milyon manat, “Şərq-Qərb dəmiryolu dəhlizinin yenidən qurulması üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə 100 milyon manat ayrılması nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinə 98 milyon manat, təbii fəlakətlərin nəticələrinin daha çevik aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinə 20 milyon manat ayrılması nəzərdə tutulur”.

Digər xərclər barədə də açıqlama verən nazir bildirib ki, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsnə əlavə 166 milyon manat vəsaitin ayrılması məqsədə müvafiqdir: ”Azərbaycan Dövlət Neft Şirkəti  bu il nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən 963,2 milyon manat subsidiya alacaq. Bu məbləğdən 663,2 milyon manatı “Ümid”, “Qarabağ” və “Babək” neft yataqlarında qazma işləri üçün istifadə olunacaq”.

“2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar bəzi sahələrə dövlət qayğısının artırılmasına ehtiyac olduğunu bildiriblər. Onlar qeyri-neft sektoru üzrə gəlirlərin 1 milyard manatdan artıq məbləğdə azaldılmasına öz narazılıqlarını bildiriblər. Qeyd olunub ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün külli miqdarda vəsait ayrılsa da, lakin büdcədə bu sahə üzrə gəlirlərin azaldılması nəzərdə tutulur.

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitləri şərh edib. O bildirib ki, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində daha çox diqqəti çəkən dövlət müəssisələrinə ayrılan vəsaitlərin həcminin artırırılmasıdır: “Bu, Azərbaycanın 3 il bundan əvvəl həyata keçirdiyi ekspansiya siyasətinə uyğun modelə keçidin bir işarəsidir. Neftin qiymətinin bahalaşması dövlətin fiskal siyasətində konsolidasiya prinsiplərinin arxa plana keçməsinə gətirib çıxarıbdır. Dövlət büdcəsinin 2 milyardı artırılır, bunun təxminən 963 milyonu Dövlət Neft Şirkətinə aiddir.

Bu, kifayət qədər ciddi bir indikatordur. Bundan əlavə, dövlət büdcəsindən 1 milyon manat vəsait “Azərenerji”yə ayrılır. Həmçinin Azərbaycan Dəmir Yolları” QSC-yə, Kənd Təsərrüfatı Nazirliyinə, Turizm Agentliyinə, Fövqəladə Hallar Nazirliyinə, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə dövlət büdcəsindən müəyyən məbləğdə vəsaitlər ayrılıb. Yeni yaranan dövlət qurumlarının zəruri xərcləri olur. Məsələn, Turizm Agentliyinin yaradılması ilə öhdəliklərdən irəli gələn zəruri xərc istiqamətidir”.

Ekspert hesab edir ki, qeyri-neft sektoruna ayrılan vəsaitin azlığı narazılıq doğurur: “Kənd Təsərrüfatı Nazirliyində müəyyən dəyişiklər gedir və ümumiyyətlə, bu sahəyə ayrılan xərclərin həcmi dövlət büdcəsində azdır. Davamlı olaraq bu sahəyə ayrılan xərcin azalması ictimai narahatlıq doğurur. Hazırda bu istiqamətdə atılan addım müsbətə doğru qiymətləndirilsə də, amma indiyə qədərki dövrdə Kənd Təsərrüfatı Nazirliyinin müəyyən qurumları qeyri-şəffaf fəaliyyət göstərib. Bu qurumlarda çox ciddi korrupsiya faktları vardı. Hazırda bu qurumlarda müəyyən qədər islahatların aparılması hiss olunur. Amma hələlik keyfiyyət dəyişiklikləri barədə nəyisə demək çox çətindir, bunu gələcək göstərəcək. Sadəcə, vəsaitin ayrılması problemi həll etmir. Buna paralel olaraq ayrılan vəsaitin xərclənməsinə nəzarət mexanizmləri təkmilləşdirilməlidir. Vəsaitlərin xərclənməsi zamanı ictimai iştirakçılıq təmin edilməlidir. Ümumiyyətlə, hesabatlılıq, şəffaflıq kimi məsələlərə diqqət ayrılmalıdır.

Kənd təsərrüfatı ölkə iqtisadiyyatında yoxsulluqla mübarizəni, əmək bazarının inkişaf etdirilməsi ilə bağlı məsələlərin əsas sahələrindən biri hesab olunur. Ölkə iqtisadiyyatında məşğul olan vətəndaşın 36 faizi və yaxud hər 3 nəfərdən biri məhz bu sektorda fəaliyyət göstərir. Bu sahəyə dövlət büdcəsindən daha çox vəsaitin ayrılması, bu sektorun çatışmazlıqların aradan qaldırılmasına, maliyyə təminatının güclənməsinə, eyni zamanda təşviq mexanizmlərinin daha effektiv olmasına şərait yarada bilər. Yalnız qeyd etdiyimiz problemlər olmadığı halda. Bu gün həmin problemlər mövcuddur və ümid edirəm ki, həmin problemlərin aradan qaldırılması istiqamətində yeni kənd təsərrüfatı naziri effektiv addımlar atacaq”.

Rəşad Həsənovun qənaətincə, büdcədən digər dövlət qurumlarına ayrılan dotasiya yanlış xərcləmələrə meyllilik yaradır: “Xüsusən Dəmir Yolları, “Azərenerji” və Dövlət Neft Şirkəti kimi şirkətlər bu siyahıya aid edilir. 2018-ci ildə verilən proqnozla müqayisədə Dövlət Neft Şirkəti neftin nəzərdə tutulan qiymətindən baha satmasından ciddi gəlir götürdü. Yəni, burada maliyyə imkanlarını genişləndirmək üçün hər hansı neft quyularının işlənməsi ilə bağlı öhdəliklərin dövlət büdcəsindən maliyyələşdirilməsinə ehtiyac yoxdur. Büdcənin xərc istiqamətlərinə nəzər salanda görmək olur ki, dövlət büdcəsində xarici borc öhdəlikləri ilə bağlı ayrılan vəsaitlərin həcmi sürətlə artır. Büdcədən “Azərenerji”yə ayrılan 1 milyon manat vəsait xarici şirkətlə razılıq əsasında tikilmiş stansiyanın borc öhdəliklərinin yerinə yetirilməsi məqsədilə ödənilib. Bu isə onu deməyə əsas verir ki, şirkət özü borc öhdəliyini yerinə yetirə bilmir.

Bu da son nəticədə dövlət büdcəsinin üzərində əlavə yük formalaşdırır. Hələ ötən il maliyyə nazirinin çıxışında dövlət müəssisələrinin borclanması məsələsi öz əksini tapmışdı. Hesab edirəm ki, qeyri-peşəkar, məqsədsiz, səmərəsiz borclar böyük korrupsiyanın predmetinə çevrilir. Nəticədə bu borclar dövlət büdcəsinin gəlirləri hesabına ödənilməli olur. Bu kimi problemlərin daha çox müşahidə olunduğu qurumlara nə üçün bu vəsaitlər ayrılmalıdır?!”
Analitik təklif edirik ki, hər hansı dövlət qurumuna ayrılan vəsait onun öncəki illərdə fəaliyyətinin indikatorları əsasında müəyyənləşdirilsin: “Əgər hər hansı bir dövlət qurumunda ciddi korrupsiya olubsa, vəsaitlər səmərəsiz istiqamətə xərclənibsə, qurumun uzunmüddətli inkişaf strategiyası yoxdursa, ilbəil bu istiqamətdə ayrılan vəsaitlərin azaldılması, məhz həmin qurumun cəzalandırılması mexanizmi seçilsin. Qənaətimizcə, dövlət büdcəsi bu şəkildə idarə olunmalıdır. “Pulumuz çoxdur”, “neft bahadır” məntiqilə bu qurumlara büdcədən əlavə vəsait ayrılır. Sanki, burada neft pullarının bölüşdürülməsi uğrunda mübarizəni müşahidə edirik”.

Rəşad Həsənovun fikrincə, büdcədən Dövlət Neft Şirkətinə vəsaitlərin köçürülməsi tamamilə məhdudlaşdırılmalıdır: “Dövlət Neft Şirkətinin və “Azərenerji”nin satışında yaranan fərqin kompensasiya edilməsi üçün ödənilən məbləğ neft sektoruna ayrılan vəsaitin təxminən 50 faizi qədərdir. Bu, düzgün yanaşma deyil. Doğrudur, Dövlət Neft Şirkətinin öhdəlikləri böyükdür, zamanında iri layihələr icra edib və bu layihələr üzrə öhdəlikləri vardır. 

Amma əminliklə demək olar ki, Dövlət Neft Şirkətinin xərclərinə, fəaliyyətində şəffaflığa nəzarət mexanizmlərinin təkminləşdirilməsinə və korrupsiyanın qarşısının alınmasına nail olunarsa, şirkət öz öhdəlikləri birmənalı olaraq icra edə bilər. Yəni onun kənar yardıma ehtiyacı yoxdur. Amma çox təəssüf ki, dövlət büdcəsindən ayrılan vəsaitlər də daxil olmaqla Dövlət Neft Şirkətinin gəlirləri çox səmərəsiz istifadə olunur. Xərclərdə şişirdilmələrin olması dəfələrlə mətbuatda ictimailəşdirilib. Dövlət Neft Şirkəti dövlətin ən böyük qurumlarından biridir və aktivləri təxminən 40 milyon manat ətrafındadır. Çox təəssüf ki, bu cür imkanlara malik quruma hələ də dövlət tərəfindən dotasiya ayrılır. Hesab edirəm ki, büdcədən Dövlət Neft Şirkətinə vəsaitlərin köçürülməsi tamamilə məhdudlaşdırılmalıdır. Yaxşı olar ki, Dövlət Neft Şirkətinin xərclərinin məhdudlaşdırılması üçün nəzərdə tutulan mexanizm qəbul olunsun. Çünki bu sektor gəlir əldə etməlidir, nəinki dotasiya adı altında milyonlarla vəsait götürməlidir”.   /Cebhe.info/

Paylaş: