04 Dekabr 2020 00:25

“Kimsə desə ki, maşınım qızıldan, təkərləri quş dimdiyindən idi, onda…” – Vaqif Əsədovdan yanğın açıqlaması

“Əgər vətəndaş çıxıb desə ki, mənim avtomobilimin rəngi qızıldan, təkərləri isə quş dimdiyindən idi, onda qanunvericilikdə nəzərdə tutulmuş qaydada o məsələlərə baxılacaq”.
Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bunu bu gün Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş verən yanğına münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
V.Əsədov qeyd edib ki, yanğın yaxınlıqdakı zibillikdən meydançaya keçib və yanan avtomobillərin çoxu istismara yararsız olub:
“Nizami rayonu ərazisində yerləşən müvəqqəti mühafizə duracağının inzibati ərazisinə bitişik olan zibillikdə məlum olmayan səbəbdən yanğın hadisəsi baş verib və sonradan cərimə meydançasına keçib. Həmin ərazidə yol nəqliyyat hadisəsiylə bağlı, sahibi tərəfindən unudulmuş, eyni zamanda istismara tam yararsız olan avtomobillər yanıb. Hazırda həmin avtomobillərin kimlərə məxsus olması və sahiblərinə məlumat verilməsi ilə bağlı tərəfimizdən iş aparılır. Çox güman ki, yanan avtomobillərin çoxu istismara tam yararsız avtomobillərdir. Bu avtomobillərin elələri var ki, sahibləri belə onların arxasınca bu günə kimi gəlməyib. Hazırda araşdırma aparılır. Bu avtomobillərin elələri var ki, onların ərazidən götürülməsi üçün dəfələrlə sahiblərinə xəbərdarlıq edilib. Burda yanan avtomobillərin çoxu yararsız, üst-üstə yığılmış köhnə avtomobillərdir. Əgər vətəndaş çıxıb desə ki, mənim avtomobilimin rəngi qızıldan, təkərləri isə quş dimdiyindən idi, onda qanunvericilikdə nəzərdə tutulmuş qaydada o məsələlərə baxılacaq. Yanan avtomobillərin sayıyla bağlı araşdırma aparılır. Ötən il bu cür vəziyyətdə olan 600-dən çox avtomobili sahiblərinə verdik”

Paylaş: