27 Fevral 2021 01:57

Qarabağ rəqibləri birləşdirir: Paşinyan Sarkisyanı siyasi səhnəyə qaytarır?

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesi dayandırmaq niyyətindədir.

Onun sərgilədiyi mövqe belə düşünməyə əsas verir. Çünki Paşinyan baş nazir olduqdan sonra Dağlıq Qarabağ məsələsinin müzakirəsində iştirak etmək səlahiyyətində olmadığını, danışıqların qondarma Dağlıq Qarabağ rəhbərliyi ilə aparılmalı olduğunu demişdi. Bu məsələ istər erməni cəmiyyətində, istərsə də siyasi arenada ciddi narazılıqlara səbəb oldu. Azərbaycan tərəfinin Dağlıq Qarabağ məsələsinin həllində mövqeyi isə aydındır. Rəsmi Bakı ölkənin ərazi bütövlüyünü istənilən yolla, ya danışıqlar, ya da hərbi yolla təmin edəcək.
Paşinyan isə avantürist addımlar atmaqda davam edir.

Bu günlərdə Ermənistan baş nazirinin müşaviri Arsen Xaratyan Ermənistan İctimai Televiziyasında çıxışında bildirib ki, keçmiş ölkə prezidenti Serj Sarkisyanın Qarabağ nizamlanması üzrə danışıqlarda iştirakı istisna deyil. “Təəssüf ki, Ermənistanda danışıqlar prosesi haqqında məlumata malik olan insanlar azdır. Serj Sarkisyan onlardan biridir. Bəlkə də gün gələcək, Serj Sarkisyan Qarabağ məsələsi üzrə danışıqlar prosesində xüsusi nümayəndə olacaq. Bu məsələ üzrə ictimai konsensus olarsa, Ermənistanda kiminsə Ermənistanın maraqlarından çıxış edərək danışıqlarda iştirak etməsi ehtimalını istisna etmirəm”- deyə Xaratyan bildirib.

Baş nazirin müşaviri həmçinin təsdiq edib ki, İrəvanın  mövqeyi dəyişməyib, baş nazir Nikol Paşinyan danışıqlarda yalnız Ermənistanın adından danışa bilər. Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan özü Serj Sarkisyanla yalnız Qarabağ probleminin müzakirəsi üçün görüşməyə hazır olduğunu bildirib.

Maraqlıdır ki, Paşinyan məhz Sarkisyana qarşı inqilab edərək hakimiyyətə gəlib. Bu amilin özü belə Paşinyanın münaqişəyə yanaşmasının necə olduğunu göstərir. Ekspertlər hesab edir ki, bu Paşinyanın növbəti avantürasıdır. Maraqlıdır, Paşinyan Sarkisyanla birləşə bilərmi?

Siyasi-şərhçi Elşən Manafov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Paşinyanın etiraz dalğası üzərindən hakimiyyətə gəlməsi erməni xalqı üçün ciddi əhəmiyyət kəsb edən Qarabağ məsələsinə diqqət yetirməsini zəruri edir:

“Çünki Paşinyanın bu məsələyə yanlış və ya seyrci mövqeyi  “Qarabağ klanı”nın diqqət mərkəzindədir. Loyal mövqeyi ona baha başa gələ bilər. Paşinyanın Qarabağla bağlı mövqeyi indinin özündə də kifayət qədər kövrəkdir. Hesab edirəm ki, növbədənkənar parlament seçkilərinə qədər bu belə də qalacaq. Çünki Paşinyan hazırda parlamentdə azlıqda qalan baş nazirdir. Orada hələ də səs çoxluğu və qəbul oluna biləcək qərarlara təsir imkanları Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının və “Qarabağ klanı”nın əlindədir. Bu mənada Paşinyan çalışacaq ki, növbədənkənar parlament seçkilərinə qədər ictimai rəydə manipulyasiya etsin. 

Paşinyan həm də gözəl başa düşür ki, onun bu addımları Azərbaycanın ciddi narazılığına səbəb olmamalıdır. Digər tərəfdən bu manipulyasiya bu günə qədər Qarabağ məsələsi ilə bağlı əldə olunan razılıqlara zidd olmamalıdır. Bütün hallarda Paşinyan Qarabağ məsələsinin həlli ilə bağlı Lissabon sammitinin qəbul etdiyi qərarı bilməmiş deyil. Paşinyan başa düşür ki, bölgədə ciddi təsir imkanlarına malik olan ölkə Rusiyadır. Ermənistan Rusiyanın strateji müttəfiqlikdən daha çox, asılı dövlət təsiri bağışlayır. Bu baxımdan Paşinyan özü də bilir ki, Rusiyanın icazəsi olmasa, Paşinyan Qarabağla bağlı birmənalı, qəti qərar verə bilməz. Bütün hallarda bölgədə olan münaqişələrə birbaşa təsir imkanları Rusiyadadır və müxtəlif zamanlarda ABŞ, ATƏT və İran da bunu etiraf edib. Paşinyan bu mənada Rusiya ilə razılaşdırmadan ciddi qərar qəbul edə bilməz. Qəbul edilə biləcək qərarlar isə siyasi olsa da, geosiyasi və hüquqi baxımdan heç bir anlam ifadə etməyəcək”.

Elşən Manafov hesab edir ki, Paşinyan danışıqlardan çıxa bilməyəcək: “Paşinyan yaxşı bilir ki, Ermənistan və Azərbaycan arasında qüvvələr nisbəti birmənalı olaraq Bakının xeyrinədir. Onun bu məsələdə yanlış bir addımı onsuz da tarıma çəkilmiş münasibətləri, Azərbaycanın səbr kasasını daşıra bilər. Son vaxtlar Azərbaycan prezidentinin Qarabağla bağlı sərt, radikal çıxışları, Azərbaycan-Türkiyə birgə ordusunun yaradılması haqqında gedən söz-söhbətlər təbii ki, Ermənistan siyasi elitasının diqqətindən kənarda qalmır. Bu mənada Paşinyan manipulyasiyanı davam etdirəcək,  danışıqlar prosesinin formal olaraq davam etməsinə çalışacaq”.   /Cebhe.info/

Paylaş: