28 Noyabr 2020 17:00

Qida Təhlükəsizliyi Agentliyi bütün mallara gigiyenik sertifikatı ləğv edir

Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən ölkə ərazisində sahibkarlıq subyektlərinin qeydiyyatına başlayacaq.

Turkustan.info xəbər verir ki, bu barədə agentliyin sədri Qoşqar Təhməzli iyunun 29-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, agentlik iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq. Agentlik qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərəcək, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirərək tövsiyələr verəcək. Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək.

Q.Təhməzli əlavə edib ki, iyulun 1-dən ölkə ərazisində fəaliyyət göstərən müəssisələrə verilən gigiyenik sertifikatlar ləğv olunur.

Onun sözlərinə görə, xaricdən gələn mallara da gigiyenik sertifikat verilməyəcək:

“İstər xaricdən gələn, istər ölkə ərazisində olan müəssisələrin istehsal etdiyi mal qida təhlükəsizliyinə görə qeydiyyata düşəcək və müəssisənin istehsal etdiyi mala görə qida təhlükəsizliyi sertifikatı alacaq. Bu beynəlxalq konvensiyaya uyğundur”.  /Modern.az/

Paylaş: