C. Sen 20th, 2019

Qarabağ danışıqlarını kim aparacaq? – Prezident, yoxsa baş nazir?

Ermənistanda xarici siyasət məsələlərinə dair prezident və baş nazir arasında səlahiyyət bölgüsü mübahisəli olaraq qalır.

Ona görə də Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlar prosesində Ermənistanı baş nazirin, yoxsa prezidentin təmsil edəcəyi tam müəyyənləşməyib. Qeyd edək ki, Ermənistan parlamentar sistemə keçdikdən sonra bu ölkədə Almaniya modeli tətbiq edilib. Yəni ali icra hakimiyyətinin rəhbəri baş nazir sayılır. Bu səbəbdən də Ermənistanın yeni konstitusiyasına əsasən danışıqların baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əlyev arasında davam etdiriləcəyi bildirilir. 

Hökumətin rəhbəri ilə müqayisədə prezidentin səlahiyyətləri xeyli məhduddur. Eks-prezident Serj Sarkisyanı baş nazir seçilməklə həm də münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində Ermənistanın adından çıxış etmək hüququnu öz əlində saxlamağa çalışırdı. Lakin aprel ayında baş verən “məxməri inqilab” buna mane oldu. İndi siyasi şərait dəyişsə də Ermənistanda yeni idarəçilik sistemi bərqərar olub. Bu baxımdan, Azərbaycanın danışıqları Ermənistanın baş naziri, yoxsa prezidenti ilə aparmalı olduğuna dair məsələlər yenidən gündəmə gəlib. 

Hələlik Ermənistan rəsmiləri daha çox müzakirələrin Nikol Paşinyanla İlham Əliyev arasında keçiriləcəyindən söz açır. Ancaq bu günlərdə Ermənistanın “Qraparak” qəzeti danışıqların prezident Armen Sarkisyanla İlham Əliyev arasında baş tutacağını yazıb. Mənbə qeyd edir ki, son günlər Fransa, Böyük Britaniya və ABŞ-a səfər turnesinə çıxan Ermənistan prezidenti qaytdıqdan sonra Rusiyaya səfər edəcək. Prezident İlham Əliyevin danışıqları Armen Sarkisyanla aparmağa razı olduğu istisna edilmir və həmsədrlər də buna qarşı çıxmayacaq. 
Ona görə də Ermənistan yaxın müddətdə danışıqlarda rəsmi İrəvanı kimin təmsil edəcəyini müəyyənləşdirməlidir. 

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistan konstitusiyasına dəyişiklik etməklə danışıqları kimin aparması məsələsində bilərəkdən qeyri-müəyyən vəziyyət yaradıb: “Əslində bu format ziddiyyətli hala salınıb. Serj Sarkisyan konstitusiyaya dəyişiklik etməklə, baş nazir olmaqla danışıqlardan yayınmaq istəyirdi. Çünki Serj Sarkisyan danşıqlarda iştirak etmək istəmirdi. O bilirdi ki, danışıqları uduzub. Özü də prezident olanda dəfələrlə açıq deyib ki, mən ətraf yeddi rayonu qaytarıram, Azərbaycan götürmür. Deyir ki, mənə Qarabağ lazımdır. İndi şüurlu şəkildə, bilərəkdən konstitusiyanı dəyişdilər ki, Ermənistanı danışıqlarda kimin təmsil edəcəyini heç kəs müəyyənləşdirə bilməsin. İndiki reallıqda Azərbaycanla Ermənistan arasında danışıqlar üç formatda gedə bilər.

Azərbaycan Ermənistanın bu üç formatdan hansını seçəcəyini gözləməlidir. Əgər rəsmi İrəvan Azərbaycanla prezidentlər səviyyəsində danışıqlar aparmaq istəyirsə, o zaman qarşı tərəfdən Ermənistan prezidenti Armen Sarkisyan iştirak etməlidir. Konstitusiyaya görə, Armen Sarkisyan Ermənistan dövlətinin sahibidir. Amma onun yetərincə səlahiyyətləri yoxdur.

Ermənistanda icra səlahiyyətləri baş nazirə məxsusdur. Azərbaycanda isə prezident həm mərkəzi icra hakimiyyətinin rəhbəri, həm də dövlətin sahibidir. Amma Ermənistanda dövlətin sahibi prezidentdir, icra hakimiyyətinin rəhbəri baş nazirdir. Ona görə də ən yaxşı variant Ermənistan parlamentinin danışıqlar aparmaq səlahiyyətini baş nazir Armen Sarkisyana verməsidir. Ermənistan hökumətinin bu qərarı da parlamentdə təsdiq olunmalıdır. Bundan sonra Armen Sarkisyan Azərbaycan prezidenti ilə danışıqlar aparmaq səlahiyyətinə malik olmalıdır. 

İkinci format danışıqların baş nazirlər səviyyəsində aparılmasıdır. Yəni danışıqlarda Ermənistanın adından Nikol Paşinyan çıxış edirsə, o zaman Azərbaycan tərəfdən onunla baş nazir Novruz Məmmədov görüşməlidir. Konstitusiya ilə Nikol Paşinyanın səlahiyyətləri Azərbaycanın baş nazirinin səlahiyyətindən çoxdur. Bunu aradan qaldırmaq olar. Azərbaycan prezidenti əlavə fərman verməklə baş nazirin səlahiyyətlərini artıra bilər. 

Üçüncü format isə iki ölkə adından danışıqların Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının aparmasını nəzərdə tutur. Yəni Dağlıq Qarabağın azərbaycanlı icması Azərbaycan dövləti adından erməni icması isə Ermənistanın adından danışıqları aparır və onların gələcəyi qərarı hər iki ölkə təsdiq edir. 

Artıq Azərbaycan tərəfi bu prolemi görür və çalışmalıdır ki, Ermənistan tərəfi yaranmış vəziyyətdən istifadə edib danışıqları ləngitməsin”.  /Cebhe.info/

Paylaş: