C. Sen 20th, 2019

“Rus NATO”su: Qarabağa həll,yoxsa tilov?

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iddia ortaya atılıb.

İddia olunur ki, Qarabağ münaqişəsi Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqla öz həllini tapacaq. Maraqlıdır ki, bu cür iddialara zaman-zaman dövriyyədə olur və adətən birmənalı qarşılanmır. Maraqlıdır, Azərbaycanın Avrasiya İttifaqına və KTMT-yə üzv olması Qarabağın işğaldan azad edilməsi ilə nəticələnə bilərmi?

Siyasi-şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında bu iddiaların Dağlıq Qarabağ məsələsinin həllində heç bir rol oynamayacağını deyib. N.Mirinin sözlərinə görə, Rusiya heç vaxt Azərbaycanın istədiyini verməyəcək: “İlk növbədə Rusiya dövlətinin siyasətini anlamaq lazımdır. Rusiya heç bir zaman özünün “arxa bağçası” saydığı müstəqil ölkələri özünə bərabərhüquqlu tərəfdaş kimi tanımayıb və bundan sonra da tanımayacaq. Rusiyaya verilən istənilən güzəştlərə rəğmən yenə də öz geosiyasi maraqlarını öndə tutacaq. Bu da o mənaya gəlir ki, Dağlıq Qarabağ problemi birdəfəlik ədalətli həllini tapmayacaq. 1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətindən sonra dərhal Müstəqil Dövlətlər Birliyinə üzvlüyünü qəbul etdi və bunu dolayısı ilə Dağlıq Qarabağ məsələsi ilə əlaqələndirdilər. Nəticədə isə Dağlıq Qarabağ problemi həll olunmadı. Bu mənada bu günə qədər Rusiyaya onlarca güzəştlər olunub. Ancaq hələ də Dağlıq Qarabağ problemi 25 ildir ki, həllini tapmır. Hesab edirəm ki, Azərbaycan Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsa belə, Dağlıq Qarabağ problemi öz həllini tapmayacaq.

Ola bilər ki, Dağlıq Qarabağ ətrafı 5-6 rayonun boşaldılmasına nail olunsun. Ancaq bunun müqabilində mütləq olaraq Rusiya öz qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsini təklif edəcək. Bu da o anlama gələcək ki, artıq Dağlıq Qarabağ nə Azərbaycanın, nə də Ermənistanın olmayacaq. Çünki bu ərazilərdə hansı dövlətin hərbi gücü olacaqsa, Dağlıq Qarabağ da həmin ölkəyə məxsus olacaq. Bu o deməkdir ki, Azərbaycan istənilən zaman Rusiya ilə razılaşdırılmayan addım atdığı halda,  Dağlıq Qarabağdakı yaranı çox asanlıqla qanada biləcək. Ona görə də Rusiyanın bu cür aldadıcı təkliflərinə aldanmaq lazım deyil. Digər tərəfdən, konkret siyasi nəticələri ortada olmadan, nüvəsi Rusiya olan heç bir təşkilata üzv olmaq olmaz. Ən azından Rusiyanı Azərbaycan dövləti və cəmiyyəti olaraq pis tanımırıq”.

Natiq Miri hesab edir ki, Rusiya bu cür təkliflərlə Azərbaycanı aldatmaq istəyir: “Bu informasiyaların dövriyyəyə buraxılması siyasi gedişdir. Çünki Rusiya Azərbaycan üçün cəlbedici olsun deyə ortalığa zaman-zaman bu cür təkliflər atır. Yəni, bu bir növ balığı aldatmaq üçün dənizə atılan tilovdur. Əminəm ki, Rusiya istədiklərini aldıqdan sonra Dağlıq Qarabağla bağlı Azərbaycanın istədiklərini verməyəcək.

Azərbaycanın maraqları qismən təmin olunacaq ki, bu da Dağlıq Qarabağ probleminin həlli anlamına gəlməyəcək. Azərbaycan üçün isə lazım olan bu problemə birdəfəlik çözümün tapılması və məsələnin bağlanmasıdır. Bu çözüm isə heç də mümkünsüz riyazi tənlik deyil. İşğalçılar torpaqlarımızdan çıxarılır və həmin ərazilər məxsus olduğu dövlətə qaytarılır. Azərbaycan da öz vətəndaşları olan ermənilərə dövlət təhlükəsizliyi təminatı verir. Təbii ki, regionun iqtisadi inkişafı yönündə də üzərinə öhdəliklər götürür. Ermənilər Azərbaycanın tamhüquqlu vətəndaşı olaraq qanunlara tabe olurlar və burada yaşamağa davam edirlər. Söhbət yalnız bundan gedə bilər. Əks halda, Azərbaycanı geosiyasi hiylələrlə bu prosesə qatmaq hakimiyyət adına çox böyük yanlış olardı”.   /Cebhe.info/

Paylaş: