Şb. Dek 14th, 2019

Şərqdə ilk dövlət nəşriyyatı

“Azərnəşr”-95  
Tarixə baxsaq görərik ki, Şərqdə bir çox ilklər Azərbaycandan başlayıb. İlk opera, ilk teatr, ilk dövrü mətbuat və s. Bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik, parlamentli respublikadır. Yəni Şərqə Günəş Azərbaycandan doğmuşdur. İlk dövlət nəşriyyatı da elə ilk olaraq Azərbaycanda yaranıb. Bu, 1923-cü ildən fəaliyyətə başlayan – 95 yaşlı Azərbaycan Dövlət Nəşriyyatı “Azərnəşr”dir. Və fəaliyyətə başladığı gündən cəmiyyətin savadlanmasına, elmin, təhsilin, mədəniyyətin və ədəbiyyatın inkişafına xidmət etmiş, dövrün tələbinə uyğun minlərlə müxtəlif profilli kitab və başqa maarifləndirici çap məhsulları nəşr etmişdir. Saysaq saya gəlməz, milyonlarla tirajla 10 minlərlə adda kitab desək azdır. O dövrdə Mərkəzi Univermağın yaxınlığında yerləşən “Azərnəşr”in binasında kitabların çapı ilə “26-lar mətbəəsi” adlı böyük poliqrafiya sahəsi var idi. Dövlət də kitabların çapı üçün nəşriyyatı lazımi qayğı və dəstəklə təmin edirdi. 
     “Azərnəşr”in fəaliyyətə başlaması XX əsrdə Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynamışdır. Ədəbiyyata gələn böyük bir yazıçı, şair nəslinin yaradıcılıq yolu “Azərnəşr”dən keçib, onların roman və povestləri, şeirləri, poemaları böyük tirajlarla burada çap olunurdı. Kitablar səriştəli və bacarıqlı redaktorlar tərəfindən redaktə və korrektura edilirdi. O nəslin nümayəndələrindən bir neçəsi sonralar “Azərnəşr”də çalışmış, hətta rəhbərlərindən biri də olmuşdur. Mən o nəslin ən sonuncularını görənlərdənəm. Ötən əsrin 90-cı illərində Bakı Dövlət Universitetindən təyinatla “Azərnəşr”ə göndərilmişdim. Əziz ruhlarını rəhmətlə və hörmətlə andığım akademik Ziya Bünyadov, böyük şairimiz Bəxtiyar Vahabzadə, Manaf Süleymanov, Xəlil Rza Ulutürk,  İlyas Tapdıq, Əmir Mustafayev, Əlibala Hacızadə, Törə xanım Qədirova və daha neçələri tez-tez “Azərnəşr”ə gələrdilər. Nəşriyyat onların kitablarını əvvəlcədən hazırlanmış tematik plana salır, ilboyu həmin kitablar çap edilərək geniş oxucu kütləsinə çatdırılırdı.   
    Sonralar “Azərnəşr”dən başqa nəşriyyatlar törəyib. “Yazıçı”, “İşıq”, “Gənclik” və sair. Öz dövründə bu nəşriyyatlar da Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin və təhsilinin inkişafında böyük xidmətlər göstərmiş, lakin XX yüzilliyin sonlarında SSRİ-də baş verən dağılmalar nəticəsində müxtəlif zamanlarda fəaliyyətlərini dayandırmağa məcbur olmuş və ya başqa bir şəkil alaraq yaşamağa davam etmişlər. 
   Kitab nəşri sahəsində ölkəmizdə elə zamanlar olmuşdur ki, nəşriyyatlar suyu sovrulmuş dəyirman misalı kimiydilər. Keyfiyyətli kitab çapı az qala unudulur, bir vaxtlar müəlliflərin əlindən qaynayan nəşriyyatların qapısı bir-bir bağlanırdı. Belə, çətin dönəmdə “Azərnəşr” bütün olumsuzluqlara qarşı mətanətlə dayandı. Kollektiv cüzi əməkhaqqına qane olub, səbr və təmkinlə, çətin günün ömrü az olar inancımıza sığınaraq sabahlardan ümidlərini kəsməyiblər. 
   Ölkədə baş verən hadisələrə, xalqımıza qarşı törədilən haqsıszlığa, torpaq iddialarına seyrçi qala bilməzdi “Azərnəşr”, qalmadı da. Təkcə son illər Qarabağ münaqişəsinin reallıqlarına, xalqımızın ədalətli mübarizəsinə həsr edilmiş Azərbaycan, rus, ingilis, fransız və başqa dillərdə onlarla kitab nəşr etmişdir. Bu kitablar ölkəmizdə yayılmış, kitabxanalara paylanmış, tədris üçün dərs vəsaiti kimi məktəblərə göndərilmiş, beynəlxalq kitab səgilərində nümayiş etdirilmişdir. Qarabağ həqiqətlərini ifadə edən – Qarabağı unutma – plakatı “Azərnəşr”in qatıldığı bütün beynəlxalq sərgilərdə təbliğat vasitəsi kimi istifadə olunub. 
     Nəşriyyat kolletivinin bu cür mübarizəsindən biri də ermənilərin “Böyük Ermənistan” xülyası olan qondarma “soyqırımı” iddiaları ilə Türkiyəyə qarşı yönəlmiş planların alt-üst edilməinə dair tarixi həqiqətlərin müxtəlif dillərdə nəşrinə nail olmaqdır. Bir neçə il öncə dünya ermənilərinin “Dörd T” planı yaradılmışdı. Tanıtma, Tanınma, Təzminat, Torpaq… Yəni qondarma “soyqrımı” dünyada “Tanıdılacaq”, Türkiyə tərəfindən “Tanınacaq”(“etiraf ediləcək”), buna görə Türkiyə`dən “Təzminat” alınacaq və “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün “Torpaqlar” Türkiyədən qoparılacaq!.. 
     
Gerçəklərin gün işığına çıxarılması üçün Azərbaycan Dövlət Nəşriyyatının rəhbərliyi və kollektivi səfərbər olmuş, bu yalanların sonlandırılması üçün bir yola çıxmışlar. “Azərnəşr”in direktoru Azər Mustafazadə və baş redaktoru Əlövsət Ağalarov nəyin bahasına olursa olsun tarixi mənbələrə, faktlara istinad edən tədqiqatları, arxiv sənədlərini, rapor və o dövrün mətbuatında dərc olunan yazılarını müxtəlif ölkələrin dövlət və hərbi tarixi arxivlərindən əldə etməyə çalışıblar. Həftələrlə, aylarla xarici ölkələrin arxivlərində tədqiqat aparan, ayrı-ayrı insanlarla görüşüb ipucu axtaran tanınmış naşir Əlövsət Ağalarov min bir əziyyətlə də olsa hər səfərindən əlidolu qayıdıb. Həmin axtarışlar “Azərnəşr” tərəfindən   müxtəlif dillərdə 17 adda kitab kimi nəşr edilib yayılması ilə nəticələndi. Hər il keçirilən beynəlxalq kitab yarmarkalarında erməni lobbisinin törətdiyi maneələrə baxmayaraq, sərgidə ən çox tələb olunan bu kitablar olub. Keçən il İstanbul universitetində qatıldığım bir konfransda tarix fakültəsinin professoru Halil Balın iş otağındakı böyük kitabxanasının rəflərində 17 kitabımızın sıralandığını gördüm. Bildirdi ki, bu kitablar dərs vəsaiti kimi istifadə olunur. 
      Əlövsət Ağalarov, axtarışları zamanı Gürcüstanda başına gələn maraqlı hadisə danışdı: Haqqında danışdığımız 17 kitabı əhatə edən bu layihəyə 1 nəfər də olsa  Azərbaycan və türk müəlliflərin əsərlərini daxil etmədik. Hamısı tanınmış xarici tədqiqatçılardı, Erik Fayql, Haçaznuni və sair. Mənə lazım olan bir sənədi əldə etmək üçün Gürcüstanın arxivində çalışırdım, tapa bilmirdim. Arxiv işçiləri dedilər ki, o sənədləri gürcü soyadı götürmüş ermənilər vaxtilə arxivlərdən çıxarıblar. Amma bir yaşlı gürcü var, bəlkə tapıb görüşəsiniz, onda müəyyən sənədlər var. Çox axtarışdan sonra tapdım o adamı. Əvvəlcə ipə-sapa yatmırdı, sənədi verməyə razı olmurdu. Sonra çox pul və içki hədiyyə etməmi istədi. Başqa əlacım yox idi, sənədləri ondan almalıydım. Üzərimdə olan bütün pulumu-paramı toplayıb gürcünü yola gətirdim. Nə yaxşı ki, yola gətirmişəm, unikal sənədlərdi. Bu, 17 kitabdan biri olan Qoleşvili-Karbinin “Gürcülərin qırmızı kitabı”dır.    
      “Azərnəşr” bütün zamanlarda fəaliyyətini dövlət siyasətinin uğurla davam etdirilməsi yönündə qurub. Dünya klassiklərinin ən gözəl əsərlərini, elmin və texnikanın qabaqcıl nailiyyətlərinə aid dünya alimlərinin dəyərli kitablarını da doğma dilimizdə nəşr edib oxucularımıza çatdırıb və çatdırmaqda davam edir. Uzun illər əvvəl “Molla Nəsrəddin” məcmuəsinin 2 cildi ən yüksək tərtibatda və latın əlifbasında “Azərnəşr” tərəfindən çap olunmuşdur. Bu cildlərə ehtiyacı olan oxucularımız “Azərnəşr”ə müraciət edə bilərlər. 
 
    Müstəqillik dövründə klassik və çağdaş ədəbiyyatımızın ən gözəl nümunələri də latın əlifbasında nəşriyyatımız tərəfindən geniş oxucu kütləsinə çatdırılıb. 1990-cı ildə “Qara Yanvar” kitabı operativ şəkildə Azərbaycan və rus dillərində böyük tirajla çap olundu. O vaxtlar “Azərnəşr”in çap etdiyi bu kitab xalqımızın yarasına məlhəm kimi gəlmişdi, təsəlli idi. 1994-cü ildə professor Yusif Yusfovun rəhbərliyi ilə tərtib olunan və akademik Ziya Bünyadovun redaktorluğu ilə obyektiv tariximizi əks etdirən “Azərbaycan tarixi” dərsliyi işıq üzü gördü. Görkəmli Serb yazıçısı Milorad Paviçin məşhur “Xəzər lüğəti” kitabını da nəşriyyatımız Azərbaycan oxucusuna çatdırdı. Kitabsevərlərin diqqətinə onu da çatdıraq ki, Fransada yaşayıb-yaratmış, iki məşhur neft milyonçusu – Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi Ümmülbəninin (Banin) fransız dilində yazdığı “Paris günləri” və “Banin” kitabları da ən yüksək poliqrafik tərtibatda nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunub. 
     Son 10 ildə “Azərnəşr”də oxucular tərəfindən maraqla qarşılanan kitablar kimi ümummilli lider Heydər Əliyevin 46 cildliyi çapdan çıxmışdır. Bu möhtəşəm çoxcildlik də kollektivin gərgin əməyinin bəhrəsidir. 46 cilddə ulu öndərin Azərbaycan xalqına göstərdiyi xidmətlər əks olunub.  
   Bu gün nəşriyyatımız daha bir mühüm vəzifənin öhdəsindən şərəflə gəlməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnkişaf-məqsədimizdir” çoxcildliyinin 70-ci cildi üzərində çalışır. Bu çoxcildliyin hər cildi cəmiyyətimiz, müxtəlif təbəqəli oxucular tərəfindən maraqla qarşılanır. 
    Nəşriyyatın kollektivinin əksəriyyəti peşəkar, uzun illərin təcrübəli redaktorları, korrektorları və texniki işçiləridir. Onların çoxu 40, bəziləri isə 50 ilə yaxındır ki,  “Azərnəşr”in əməkdaşıdırlar və nəşriyyatın qazandığı uğurlarda onların da xidmətləri danılmazdır.          
       Azərbaycanda dövlət siyasətinin həyata keçirilməsində, dövlətçiliyin daha da möhkəmləndirilməsində, müstəqilliyin əldə edilməsində və qorunub saxlanmasında misilsiz rol oynamış 95 yaşlı “Azərnəşr” son illər bu istiqamətdə fəaliyyətini daha da genişləndirmiş və bu şəkildə davam etdirəcəkdir. 
Rəsmiyyə Rzalı-Qarayeva,
“Azərnəşr”in redaktoru 

Paylaş: