C. Sen 20th, 2019

Türkiyədə öldürülən azərbaycanlı qadınlar – İlginc faktlar

Qardaş ölkədə ailə quran xanımların qətlə yetirilməsi halları artır; ekspert “imam nikahı”na aldanmamağı tövsiyə edir

Hər il onlarla qadın Türkiyəyə vətəndaşı ilə ailə qurur və sayları  durmadan artır. Belə ki, 2015-ci ilin statistikasına görə, türkiyəli kişilərlə evlənən azərbaycanlı qadınların sayı 1653 nəfər olub. 2017-ci ilin statistikasına görə isə türkiyəli kişilərlə evlənən azərbaycanlı xanımların sayı 2790, Türkiyə qızlarının ərə getdiyi azərbaycanlı kişilərin sayı isə 118 nəfər təşkil edib. Türkiyənin Statistika Təşkilatının məlumatına əsasən, ötən il Türkiyə vətəndaşlarının əcnəbilərlə nikahlarının sayına görə azərbaycanlı qadınlar ikinci yerdə durur.

Bununla yanaşı, qardaş ölkədə öldürülən, işgəncələrə məruz qalan azərbaycanlı xanımlar da çoxalıb.

3 gün öncə Türkiyədə – Konyada 50 yaşlı Azərbaycan əsilli Saibə Yüksəlir adlı qadın 4 il birlikdə yaşadığı evli sevgilisi, 46 yaşlı kolleksiyaçı Rahim A. tərəfindən öldürülüb. Hadisə səhər saatlarında Karatay rayonunun Fevzi Çakmak məhəlləsində baş verib.

Saibe Yükselir ile ilgili görsel sonucu

Üç uşaq anası və həyat yoldaşından boşanmış Saibə Rahimin iş yerinə gəlib. O, sevgilisindən arvadını boşamağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə düşüb və hadisə yerinə polis çağırılıb. Cütlük bir-birindən şikayətçi olmadığını bildirib.

Rahim iyulun 24-də avtomobilində gələrkən Saibəyə səkkiz dəfə atəş açıb və onu maşından ataraq, hadisə yerindən qaçıb. Saibə Yüksəlir xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb (oxu.az).

İyunun 14-də də Türkiyənin İqdır bölgəsində azərbaycanlı qadın qeyri-rəsmi nikahda olduğu kişi tərəfindən öldürülmüşdü. Vilayətin Şıracı kəndində 35 yaşlı Taner Parlarla birgə yaşadığı Hicran Hüseynova arasında naməlum səbəbdən mübahisə yaşanıb. Nəticədə Taner Parlar silahı ilə H. Hüseynovanın başından vuraraq öldürmüşdü. Cinayəti törətmiş T. Parların rəsmi nikahda olduğu arvadından 3, H.Hüseynovadan isə 2 uşağı var.

Taner Parlarla Hicran ile ilgili görsel sonucu

Daha bir azərbaycanlı qadın 33 yaşlı Türkay İsayeva bu ilin aprel ayında Türkiyənin Dənizli bölgəsinin Pamukkale ilçəsində qaldığı mənzildə döyülərək öldürülmüşdü. Azərbaycan vətəndaşı, 2 uşaq anası olan T. İsayevanın meyiti qonşuları tərəfindən aşkarlanmışdı…

Ötən il “Təmiz dünya” qadın sığınacağına Səadət adlı qadın müraciət etmişdi. 19 yaşında xalası ilə Türkiyəyə köçən Səadət orada Türkiyə vətəndaşı ilə ailə qurub. 2 qızı dünyaya gəldikdən sonra aralarında münasibət soyumağa başlayıb. Subay qaynı hərbi xidmətdən gələndən sonra isə Səadətin faciəsi başlayıb. Deyir, qaynımın mənə gözü düşdü, ərimə dedim, inanmadı.

Mübahisə məhkəməyə qədər gedir və onlar boşanırlar. Uşaqlar atasında qalır. Boşansa da ərinin təzyiqindən canını qurtara bilməyən Səadət günlərin birində işdən çıxıb evə gələrkən yolda keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanır. Xoşbəxtlikdən zərbələr ölümcül olmur. Bir qədər sonra Səadət çayçı işlədiyi yerdə başqa bir Türkiyə vətəndaşı ilə tanış olur və imam nikahı ilə 5 ay yaşayır. Boşandıqdan sonra Türkiyə vətəndaşlığı olmadığı üçün məcbur polisə təslim olur və Bakıya qayıdır. Bu zaman Səadət imam nikahı ilə yaşadığı kişidən hamilə idi. Azərbaycana qayıdanda qalmağa yeri olmadığından qadın sığınacağına müraciət edir.

Ä°lgili resim

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, imam nikahında yaşayan azərbaycanlı qadınların Türkiyədəki vəziyyəti qanunvericilik baxımından yaxşı olmur: “Miqrasiya və s. qaydaları pozulur. Sığınacağın fəaliyyəti dövründə bir neçə dəfə olub ki, Türkiyədə imam nikahı ilə yaşamış azərbaycanlı qadını bizə müraciət edib. Sonuncusu bir neçə ay əvvəl olmuşdu. Ana türkiyəli kişi ilə nişanlanmışdı, qızını da orada ərə vermişdi. Əvvəl razılıq olmuşdu, ya olmamışdı, bilmirəm, amma sonradan qız Türkiyə vətəndaşı ilə evlilikdən imtina etmişdi. Anasının sözündən çıxdığına görə ana qızından imtina etmişdi, qız da Azərbaycana qayıdanda bizim sığınacağa gəlmişdi. Bu il 6 ayı ərzində sığınacağa 2 nəfər müraciət edib”.

Zeynalova onu da qeyd edir ki, Türkiyədəki qadın sığınacaqları ilə əməkdaşlıq edirlər: “Türkiyədəki qadın sığınacaqlarına azərbaycanlı qadın gələndə bizə məlumat verirlər. Azərbaycana qayıtmaq istəyəni olanda əlaqələndiririk, həmin qadınlar ölkəyə gələndə ”Təmiz Dünya”ya müraciət edirlər”.

Bu hələ rəsmi nikaha girənlərin statistikasıdır. Səadət kimi imam nikahında yaşayan azərbaycanlı qadınların sayı daha çoxdur. Nikahların sayı artdıqca Türkiyədə öldürülən qadınların da sayı artır.

Hüquqşünas Ələsgər Məmmədli ile ilgili görsel sonucu

Hüquqşünas Ələsgər Məmmədli ailə-məişət zəminində zorakılığın daha çox mədəniyyət səviyyəsinin aşağı olmasından asılı olduğunu deyir: “Xüsusən də Türkiyənin bəlli bölgələrində, daha dəqiq desək, aşirət mədəniyyətinin qalıqlarının çox olması ilə bağlıdır. İnanmıram ki, bu, sırf Azərbaycandan gedən, yaxud başqa yerdən gələn qadınlara qarşı törədilir. Bu, Türkiyənin öz vətəndaşları üçün də ayrı-ayrı bölgələrdə problemdir. Boşanan zaman məhkəmədə, küçədə hər kəsin gözü qarşısında, yaxud təqib olunub öldürülən Türkiyə vətəndaşları qadınlar çoxdur. Bu, hansısa mental cinayətlərlə bağlı məsələdir. Amma bu bir reallıqdır ki, qanunvericilikdə müəyyən olunmuş qaydada nikahın pozulması zamanı Türkiyə mədəni qanunları imkan verir ki, tərəflərin hüquqları qorunsun. Xüsusilə də qadınlar nafaka ala bilsin. Qadın az təminatlıdırsa, bu nafaka onun sonrakı həyatında daha rahat, eyni zamanda təhlükəsiz yaşamasına təminat verir. İmam nikahının isə heç bir hüquqi təminatı yoxdur”.

Hüquqşünasdan Türkiyə vətəndaşları ilə ailə qurmuş azərbaycanlı xanımlara məsləhət edir ki, mütləq rəsmi nikaha girsinlər: “Rəsmi nikah hüquqi təminat yaradır. Öldürmək məsələsinə gəlincə, öldürəcək adam rəsmi nikahda da öldürə bilər. Cinayət hər zaman mümkündür ki, olsun. Hüquqi təminat baxımından rəsmi nikahda olan şəxslərin boşanması ilə dini nikahda olan adamların boşanması arasında uçurum qədər fərq var”. (musavat.com)

Paylaş: