Ç. Noy 13th, 2019

Türkiyədə “Azerbaycan rüzgarı” adlı veriliş efirə gedəcək

Türkiyənin “Bengü türk” televiziyasında “Azerbaycan rüzgarı” verilişi efirə gedəcək. Bu haqda verilişin müəllifi və aparıcısı Səidə Ömərova özəl olaraq “Palitra”ya məlumat verib. Həftədə bir dəfə yayımlanacaq verilişin məqsədi Türkiyədə Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini yaşatmaq və tanıtmaqdır. 
Səidə Ömərova bildirib ki, verilişdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə bağlı mövzulardan söhbət ediləcək: “Ümumiyyətlə, verilişdə türk dünyasının ortaq mövzuları müzakirə olunacaq. Verilişdə əsasən Azərbaycan şairlərinin şerləri, eləcə də Azərbaycan mahnıları səslənəcək. Həmçinin Azərbaycan Türkiyə qardaşlığına üstünlük verən sənət adamları qonağım olacaq”.
Qeyd edək ki, artıq verilişin çəkilişlərinə başlanılıb. Sentyabrın ilk həftəsində veriliş yeni mövsümdə efirə gedəcək. Verilişin ilk mövzusu Azərbaycan istiqlal fədaisi Əhməd Cavad olub.
Xatırladaq ki, Səidə Ömərova 22.08.1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin Kinorejissorluq fakültəsini qırmızı diplomla bitirib. Hal-hazırda İstanbul Universitetinin Rabitə fakültəsinin “Radio Televiziya Kino” bölümündə magistr təhsili alır. Eyni zamanda türk dünyası ilə bağlı tədbirlərdə Azərbaycan və Qaqauz rəqslərini ifa edir. İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) Gənclər üzrə müdir yardımçısıdır. Dərnəkdə Azərbaycan milli rəqslərindən dərslər verir.

Paylaş: