C. Noy 15th, 2019

Azərbaycanda marixuana leqallaşdırıla bilər?

Dünyada marixuananın tam leqallaşdırıldığı az ölkə var. Bunlar Uruqvay, ABŞ (25 ştatında) və Kanadadır. Bu ölkələr marixuananın istifadəsi, satışı, alışı və saxlanılmasına icazə verib. 
Turkustan.info xəbər verir ki, bəzi ölkələr marixuananı qismən leqallaşdırıb.
Bu mövzuda ən məşhur ölkə olan Hollandiyada marixuana qismən leqallaşdırılıb. 
Şimali Koreya, Çexiya, ABŞ-ın qalan ştatları, İspaniya, Portuqaliya və Avstriyada marixuananın dövriyyəsində məhdudiyyətlər tətbiq olunur. 
Marixuananın tibbi istifadəsi Xorvatiya, İsrail, Polşa və Yunanıstanda mümkündür. 
Bu ölkələrə dünən Gürcüstan da qoşulub. Demək olar ki, bütün saytlar “Gürcüstanda narkotiklərə icazə verildi”, “Gürcüstanda marixuana leqallaşdırıldı” başlıqlı yazılar dərc etdi.
Əgər saytlara inansaq, Gürcüstanda marixuana üçüncü dəfədir (2016, 2017 və 2018 illərdə) “leqallaşdırılır”. 
Əslində, Gürcüstanda dünən Konstitusiya Məhkəməsi narkotik istifadəsinə görə məsuliyyətləri ləğv etmək qərarına gəlib. Baxın, yalnız istifadəsinə görə… Almaq, satmaq, becərmək Gürcüstan qanunları ilə qadağandır. 
Bu məsələnin Azərbaycanda sosial şəbəkələrdə böyük rezonans doğurduğunu nəzərə alaraq, oxu.az Milli Məclisin deputatı Gövhər Baxşəliyevaya müraciət edib.
Onun sözlərinə görə, marixuananın istifadəsini ondan iqtisadi qazanc və çoxlu sayda turist axını əldə etmək istəyən ölkələr leqallaşdırır. 
“Şəxsən mən bunu Azərbaycan üçün arzuolunmaz hesab edirəm. Marixuana narkotikdir. Narkotiklər isə ailələrin dağılması, cinayət və xəstəlikdir. Azərbaycanın narkotiklərin qanuniləşdirilməsi ilə turistlərin cəlb edilməsinə ehtiyacı yoxdur”, – deputat deyib. 
Baxşəliyeva əlavə edib ki, onsuz da Azərbaycan narkotiklərin tranzit ölkəsi olduğu üçün bizdə bununla bağlı kifayət qədər problemlər var. 
“Biz buna icazə verməməliyik və bununla mübarizə aparmalıyıq”, – deputat əlavə edib. 
Həkim-narkoloq, professor Zakir Mirzəyev bu məsələ ilə bağlı fikir bildirərkən deyib ki, marixuananın leqallaşdırılması mövzusu yeni olmasa da, hər zaman mübahisələrə səbəb olub. 
“Bu addım hər zaman iqtisadçılar, gənclər tərəfindən dəstəklənəcək, ancaq ekspert kimi çıxış edən həkim və alimlər buna qarşı çıxacaq”, – o bildirib. 
Onun sözlərinə görə, marixuana 80 aktiv maddədən ibarətdir, ancaq alimlər hesab edir ki, onlardan azı ikisi xüsusilə faydalıdır. 
“Bunlar eyforiyaya qapılmadan beyinə təsir edən kannabidiol və ağrıkəsici xüsusiyyətə malik tetrahidrokannabinoldur. Tədqiqatçıların marixuanadan müəyyən tibbi vasitələr üçün üstünlüklərini açıqlamasına baxmayaraq, bu aspekt hələlik sona qədər öyrənilməyib”, – həkim qeyd edib.
Xatırladaq ki, parlamentin deputatı Qüdrət Həsənquliyev ölkədə yüngül narkotiklərin istifadəsini, xüsusilə marixuananın leqallaşdırılmasını təklif edib. 

Paylaş: