C. Noy 15th, 2019

“Azərbaycanda sərnişindaşımanın təşkili qüsurludur” – İqtisadçıdan TƏKLİF

Tarif Şurasının iyulun 30-da keçirilən iclasında metroda və şəhərdaxili avtobus marşrutlarında gedişhaqqı 30 qəpiyə qaldırılıb.  Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Yeni tariflər sabahdan – 1 avqust tarixindən qüvvəyə minəcək.

“Qiymət artımının yetərli izahı yoxdur”

Qiymət artımını Modern.az-a şərh edən iqtisadçı Azər Mehtiyev bildirib ki, bunun yetərli izahı yoxdur:

“Müvafiq qurumlar qiymət artımını “sonuncu dəfə qiymət tənzimlənməsi 2007-ci ildə həyata keçirilib” deməklə əsaslandırsa da bu, doğru deyil. Bunlar elə sahələrdir ki, geniş rəqabətdən danışmaq mümkün deyil. Daha çox inhisarçı qiymətlər diqtə olunur və bunlar dövlət tərəfindən tənzimlənir. Əgər bunu dövlət tənzimləyirsə, real vəziyyət ictimaiyyətə izah olunmalıdır. Məntiqsiz açıqlama ilə qiymət artımına haqq qazandırmaq olmaz. Hətta qeyd olunan sahələrdə müxtəlif xərclərin artırılması da qiymət artımı üçün əsas ola bilməz”.

A.Mehtiyev bildirib ki, nədənsə Tarif Şurası qiymətlərin qaldırılması ilə bağlı müraciətlərə çox həssas yanaşır. 

“Amma son günlər “ASAN İMZA” tariflərinin bahalaşmasına etirazları hökumət nəzərə almır”.

İqtisadçı deyir ki, Azərbaycanda şəhərdaxili ictimai nəqliyyatın özünün təşkili əvvəldən qüsurludur. 

“Dünyanın əksər ölkələrində şəhərdaxili ictimai nəqliyyat biznes sferası hesab olunmur. Dünya ölkələrində şəhərdaxili ictimai nəqliyyat bələdiyyələrin nəzarətindədir və burada gəlir götürmək məqsədi güdülmür. Əsas məqsəd əhalinin keyfiyyətli nəqliyyat xidmətilə təmin edilməsidir. Bu zaman əldə olunan gəlir, həmin nəqliyyatın xidmət səviyyəsinin saxlanmasına xərclənir. Amma Azərbaycanda vəziyyət başqadır. Bakıda, Gəncədə, Sumqayıtda bu sektor ayrı-ayrı sahibkarların nəzarətindədir. Onların indiyədək zərərlə işlədiyini, mənfəət əldə etmədiyini söyləmək doğru deyil. Orda gəlir aşağı olsaydı, sahibkarlar bir-birilə yarışmazdılar. Bu baxımdan qiymət artımı başadüşülən deyil.

Ümumilikdə bu sektoru biznesdən çıxarıb bələdiyyələrə vermək lazımdır ki, onlar mənfəəti yox, əhaliyə xidməti üstün tutsunlar”.

A.Mehtiyev deyib ki, metro xərc tələb edən sektordur:

“Burada da xərclərin strukturlaşması aparılmalıdır. Təbii ki, yeni qatarların alınması və yeni xətlərin çəkilməsi əksər hallarda dövlət hesabına edilir. Amma mövcud stansiyaların saxlanması qurumun öz üzərinə düşür. Bu gün metroda da şəffaflığın artırılmasına ciddi ehtiyac var. Doğrudur, onlar ümumilikdə sərnişinlərin sayı, ən çox və ən az sərnişin daxil olan stansiyaları açıqlayırlar. Amma bu da azdır. Gəlir və xərclərin tənzimlənməsi, subsidiya alınması və s. optimallaşdırılmalıdır”.

Devalvasiyanı hələ indi hiss edirik…

Ekspert bildirib ki, hazırkı qiymətlər 2015-ci il devalvasiyasının nəticələrinə uyğunlaşdırılır:

“2015-ci ildə manat 2 dəfədən çox ucuzlaşdı. Həmin vaxt inzibati üsulla qiymətləri saxlamağa çalışdılar. Bahalaşma getdi, amma bu, yenə də manatın ucuzlaşmasına adekvat deyildi. Hazırda bazarın həmin devalvasiayaya uyğunlaşması prosesi gedir. Və balaşama hələ də davam edəcək. Hökumət 3 il əvvəl süni qiymət artımı siyasəti ilə bazarın devalvasiyaya uyğunlaşmasına imkan vermədi. Həmin vaxt da açıqlamalarımızda demişdik ki, qiymətlər devalvasiya faizlərinə uyğunlaşdırılacaq, bu, qaçılmazdır”.

“Kommunal xidmətlərin bahalaşması hökumətin istəyindən asılıdır”

Kommunal xidmətlərin-işıq, qaz, su tariflərinin bahalaşacağına gəlincə, iqtisadçı bunun hökumətin istəyindən asılı məsələ olduğunu vurğulayıb:

“Bu məsələlərlə bağlı konkret siyasət yoxdur. Hər şey hökumətin istəyi ilə qiymət artımına nə vaxt getməsindən asılıdır. Sual oluna bilər ki, niyə gediş haqları mayda, yaxud sentyabrda yox, avqustda baş verdi? Əsaslandırılmış cavab yoxdur. Çünki bunu hökumət belə istədi”.

Paylaş: