C. Noy 22nd, 2019

Bazarlarda ötür-ötür oyunu: Bahalaşmanı kimlər yaradır?

Son aylar ərzaq məhsulları sürətlə bahalaşır.

Topdan və pərakəndə satış məntəqələrində satılan malların qiymətində fərq demək olar ki, azdır. Satıcılar topdansatış bazarında məhsulları yüksək qiymətə təklif edirlər ki, bu da pərakəndə satışa mənfi təsir göstərir. Əksər pərakəndə satışla məşğul olanlar mal alarkən güzəştli qiymətə əldə etmədiklərini deyirlər. Məlumdur ki, istehsalçı öz malını sərfəli qiymətlə topdan satış tacirinə, o isə pərakəndə tacirə, o da öz növbəsində istehlakçılara satmağa çalışır. Amma paytaxtda fəaliyyət göstərən bir neçə mağazaya baş çəksərkən eyni məhsulun iri supermarketlərdə bir qiymətə, xırda mağaza və dükanlarda isə tamamilə qiymətə satılmasına şahid oluruq.

Təbii ki, bütün bunlar istehlakçıların haqlı narazılığına səbəb olur. Kimi qiymətlərin idxalçı və istehsalçı şirkətlər tərəfindən artırıldığını, kimi isə topdansatış mərkəzlərinin süni şəkildə bahalaşma yaratdığını düşünür. Maraqlıdır, eyni məhsulların müxətlif satış mərkəzlərində fərqli qiymətə satılması nədən irəli gəlir? 

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə şərhində sözügedən vəziyyəti neqativ hal kimi qiymətləndirməyin düzgün olmadığın deyib. O bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatı tam oturuşmayıb: “Ölkədə bazar iqtisadiyyatının tam modeli işləmir. Amma bunun üçün bu, tam xarakterik haldır. Məsələn, topdansatış mərkəzində qiymətlər pərakəndə satış qiymətlərinə nisbətən ucuz olmalıdır. Həmçinin əhalinin alıcılıq qabiliyyəti, eləcə də nəqliyyat xərcləri də nəzərə alınmalıdır. Eyni istehsalçının eyni keyfiyyətə malik olan məhsulu, əmtəəsi bazarda müxtəlif qiymətlərə satıla bilər”.

Qeyd edək ki, vahid qiymət siyasəti sahibkarın deyil, daha çox əhalinin marağına, milli maraqlara uyğundur. Hələ 2013-cü ildə Azərbaycanda bütün apteklərdə satılan dərmanlar üçün vahid qiymət siyasətinin tətbiqi nəzərdə tutulurdu. Elə bu məqsədlə də o dövrdə Səhiyyə Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyinin birgə müzakirələr apardığı deyildi. Lakin hələ də, dərman vasitələrində vahid qiymətin tətbiqi gecikir…

Ekspert qeyd edib ki, iqtisadiyyatında bazar iqtisadiyyatı modeli tətbiq olunan ölkələrdə qiymətqoyma məsələsi müvəqqəti xarakterli tədbirlər üçün məqbuldur: “Yəni bazarda qiymətləri hökumət yox, bazar özü tənzimləməlidir. Bu, müvəqqəti xarakter daşımalıdır. Azərbaycanda bazar iqtisadiyyatı modeli tam oturuşmadığından, əhalinin sosial vəziyyəti, eləcə də monopoliyanın qarşısının alınmasının qeyri-mümkünlüyü nəzərə alınaraq ölkədə qiymətləri dövlət tənzimləyir. Tənzimlənən qiymətlərdən aşağı-yuxarı satmaq olmaz. Əgər Taarif Şurası hansısa məhsula qiymət qoyubsa, onun baha satılması istehlakçı hüquqları ilə yanaşı, qanunun da pozulmasıdır. Bazar iqtisadiyyatında inzibati qaydada qiymət qoyulmasından maksimum qacmaq lazımdır.

 Yəni, məhdud sayda məhsullara hər hansı bir səbəbdən müvəqqəti müddətə inzibati qaydada qiymət qoymaq olar”.    /Cebhe.info/

Paylaş: