Ç. Noy 13th, 2019

İran dollar bataqlığında: Qonşunun çöküşü Azərbaycana nə vəd edir?

Amerikanın araşdırma mərkəzi “Amgreatness” İran hökumətinin Hörmüz boğazını bağlaması barədə ciddi xəbərdarlıq edib.

Mərkəzin məlumatına görə, İran Hormuz boğazını bağladığı təqdirdə dünya iqtisadiyyatı bataqlıqda qalacaq. “Bloomberg” agentliyi isə, bunun Babul Mendebin bağlanmasından daha ciddi böhrana yol açacağı barədə xəbərdarlıq edib. İranda isə son günlər dolalr psixoloji həddi keçib. 100 dollar 4 358 974.36 rial, 100 avro isə 5 080 512.82 rial civarında dövriyyə olunur. Yerli mənbələr bildirir ki,  sərbəst bazarda 1 dollar 10 min tümən səviyyəsini keçib. Tarixi rekord səviyyə avroda da özünü göstərib. Belə ki, 1 avro 12 min 650 tümən, 1 türk lirəsi isə 2 min 250 tüməndən hərrac edildiyi deyilir.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, son günlər ABŞ sanksiyaları və rialın devalvasiyası fonunda İranda iqtisadi vəziyyət ağırlaşıb: “İki il bundan öncə İsveçrənin Montrö şəhərində “altılıq” ölkələri və İran arasında nüvə proqramına dair saziş imzalanmışdı. Bu sazişin imzalanması İran iqtisadiyyatına pozitiv təsir göstərmişdi. Kifayət qədər böyük şirkətlərin kapital qoyuluşu İran iqtisadiyyatının dinamik inkişafına səbəb oldu. Neft-qaz sektorundan tutmuş, avtomobil sənayesinə qədər böyük layihələrin imzalandı. Amma bu ilin may ayında ABŞ birtərəfli qaydada bu sazişdən çıxdı. Müttəfiqlərinə də müraciət etdi ki, sazişin yerinə yetirilməsi qaydaları dəyişdirilməsə, razılaşmadan çıxsınlar.

Hətta İranla əməkdaşlıq edən şirkətlərə ciddi iqtisadi cərimələrin tətbiqinə dair bəyanatlar verildi. Bundan sonra bir çox Avropa və Amerika şirkətləri İran bazarını tərk etdi. İnvestorlar İrandan çıxarkən təbii ki, qoyduqları vəsaiti geri götürməyə çalışırdılar. Bu proses də dollar üzərindən baş verdiyi üçün bu valyutaya olan tələbat kəskin artmağa başladı. Əhali arasında təşviş yarandı ki, Qərblə münaqişə daha da dərinləşəcək və dollara tələbat getdikcə artacaq. İran valyutasında hesabı olanlar vəsaiti dollara çevirməyə başladılar. Mərkəzi Bankın dollar satışına məhdudiyyət qoyması isə həm iş çevrələrində, həm də vətəndaşlarda ajiotajı daha da yüksəltdi. Onlar daha çox dollar almağa başladılar, bu da dolların məzənnəsinin kəskin  artımına səbəb oldu”.

Uzun illərdir İranın iqtisadi sanksiyalar altında yaşadığını qeyd edən ekspertin qənaətincə, ölkə bu vəziyyətə öyrəşib: “Amma son olanlar İranın 2 il bundan öncə yaranan ümidlərinə son qoydu. Hələ o dövrdə inanırdılar ki, İran iqtisadiyyatına böyük investisiyalar gələcək. Bu yatırımlar isə ölkə iqtisadiyyatı üçün ciddi dəstək demək idi. Gözlənilənlərin baş verməməsi ölkədən ciddi şəkildə kapital axınına səbəb oldu. İqtisadi sanksiyaların getdikcə dərinləşməsi, noyabr ayının 1-dən ABŞ tərəfindən İran neftinin alışına qadağa qoyulması iqtisadi tənəzzüllü daha da artıra bilər. Mövcud durum isə əhali arasında ciddi narazılıq yaradır. Əgər bu etirazlar təşkilatlanmış şəkildə olarsa, iqtisadi vəziyyət bu narazılığın daha da qızışmasına səbəb ola bilər. Çünki yerli əhalinin iqtisadi durumunun ağırlaşması, narazılığı da, mövcud vəziyyətə qarşı etirazları da artıran amilə çevriləcək”.

Analitik İranın beynəlxalq bank sistemindən ayrılmasının də müzakirə olunduğunu deyib: “Amma prosesin birdən-birə baş verməsi çətindir. Çünki dünyada valyutaların alqı-satqısı ilə məşğul olan müxtəlif mərkəz və birjalar var. Ola bilər ki, Nyu-York birjasında valyutaya çıxış imkanları İran dövləti və şirkətləri üçün ciddi şəkildə məhdudlaşdırılsın. Amma birdən-birə Avropa, Asiya kimi böyük birjalarda bunun qarşısını almaq çox çətin olacaq. Hesab edirəm ki, bu məsələnin uzanması labüddür.
Əgər qlobal anlaşma olsa, yəni, ABŞ həm Avropa, həm Asiya ölkələrinin bu məsələdə ona dəstəyinə nail olsa, daha ciddi çətinliklər olacaq. ABŞ -Çin münasibətlərindəki gərginliyi nəzərə alsaq, çox güman ki, Çin Şanxay birjasında İran dövləti və şirkətlərinin dollarla əməliyyatına icazə verəcək. Beləliklə, İran üçüncü ölkə birjaları vasitəsilə valyuta əməliyyatlarında iştirakdan kənarda qalmayacaq”.

Cənub qonşumuzun mövcud iqtisadi vəziyyətinin rəsmi Bakıya təsirlərinə gəlincə, Natiq Cəfərli Azərbaycanla İran arasında iqtisadi əlaqələrin kifayət qədər geniş olduğunu vurğulayıb:

“Əsasən də sərhədyanı ticarətin çox geniş yayıldığı bilinir. İranda hökumət əleyhinə etirazlar, iqtisadi vəziyyətin ağırlaşması Azərbaycanla iqtisadi münasibətlərə də ciddi təsirlər göstərəcək. Təbii ki, heç kim bunu arzulamaz. Amma əgər İrana qarşı hava hücumları və yaxud da hərbi əməliyyat həyata keçirilərsə, regionda ciddi fəsadlara yol aça bilər. İlk növbədə Azərbaycana böyük sayda qaçqın axınına səbəb olar ki, bunun da ölkəmizin həm sosial, həm siyasi, həm də iqtisadi həyatında mənfi təsiri olar”.

İqtisadçı-ekspert Cəfər İbrahimli “Cümhuriyət” qəzetinə şərhində Azərbaycanla İranın illik xarici ticarət dövriyyəsinin 210 milyon dollar təşkil etdiyini deyib: “Dövriyyənin bu qədər az olması beynəlxalq aləmin uzun illərdir İrana sanksiyalarıyla birbaşa əlaqəlidir. Son dönəmdə sanksiyaların qaldırılması nəticəsində dəmiryol xətinin açılması və investisiyaların qarşılıqlı təşviqi çərçivəsində ticarət dövriyyəsinin artacağı gözlənilirdi.

Ancaq ABŞ-ın təktərəfli qaydada anlaşmadan çəkilməsi və İranla qarşı gərginliyin artması nəticəsində əlaqələrin sürətli inkişafının ləngiyəcəyi gözlənilir. Eyni zamanda, İran milli valyutası mütəmadi dəyər itirir. Son dönəmlərdə dəyər itkisinin sürətlənməsi təkrar siyasi riskin yüksəlməsi ilə bağlıdır. Hələlik Azərbaycana İran ixracının artması və yerli istehsal üçün problem olacağı gözlənilmir. İran iqtisadiyyatı, mövcud təbii resursları, xarici valyuta və qızıl rezerv imkanları ilə yeni siyasi gərginlik fonunda kəskin iqtisadi tənəzzülü dayandırmaq imkanına sahib olsa da, uzun müddətdə iqtisadi problemlərin dərinləşəcəyi proqnozlaşdırılır”.   /Cebhe.info/

 

Paylaş: