C. Noy 15th, 2019

“Milli Məclis başlayanda bir şey fikirləşərik” – Deputatdan qiymət artımına reaksiya

“Tarif Şurasının qiymət artımı ilə bağlı bu qərarını tətil bitdikdən sonra Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıb etirazımızı bildirə bilərik”.

Turkustan.info bildirir ki, bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas Tarif Şurasının ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətlərin artırılması barədə təsdiq etdiyi yeni tarifə münasibət bildirərkən deyib.

A.Abbas qeyd edib ki, etirazını bildirmək üçün Milli Məclisin payız sessiyasını gözləyir: “Hər halda etirazımızı bildirərik. Sadəcə olaraq, millət vəkilləri buna etirazını bildirə bilər. Çünki qiymətlərin artırılması əhalinin sosial vəziyyətinə, maddi vəziyyətinə təsir edə bilər. Hələ Milli Məclisin fəaliyyətə başlamasına 1 ay 15 gün qalıb. Milli Məclis başlayanda bir şey fikirləşərik”.

Deputatın sözlərinə görə, qiymət artımına heç cür xoş münasibət göstərmək mümkün deyil: “Tarif Şurasının qiymətləri artırması ilə bağlı mənim nə fikrim ola bilər ki? Hər halda qiymət artımına münasibətim yaxşı deyil. Nəzərə alsaq ki, əhali ən çox metro və marşrut avtobuslarından istifadə edir, görərik ki, məhz bunun nəticəsi olaraq əhaliyə maddi ziyan dəyəcək. Buna heç cür xoş münasibət göstərmək olmaz”.

“Qiymətlərin artırılmasının müsbəti təsiri heç vaxt ola bilməz. Əgər, Tarif Şurası qiymətlərin artırılmasını nə iləsə əlaqələndirirsə, bunun səbəbini onlardan soruşmaq lazımdır. Yenə də deyirəm ki, son qiymət artımın heç bir müsbət tərəfini görmürəm. Mənfi tərəfi də budur ki, əhaliyə ciddi maddi ziyan dəyəcək” – deyə, millət vəkili Aqil Abbas əlavə edib.

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.

Paylaş: