Ç. Noy 13th, 2019

Serj Sərkisyanı Köçəryanın taleyi gözləyir – Paşinyan “Qarabağ klanı”nı məhv edir

Ermənistanın baş naziri parlament seçkiləri öncəsi cani rəqiblərinə qarşı savaş elan edib; hərbi ekspert: “Serj Sərkisyan Qarabağ klanının ən qəddarı və ən yaramazı olub, onunla bağlı çox maraqlı proseslər baş verəcək”

İyulun 27-də Ermənistanın sabiq prezidenti Robert Köçəryanın 2 aylıq həbs edilməsi bir çox erməni dairələr, xüsusilə də “Qarabağ klanı”nın üzvləri üçün şok effekti yaratdı.

İrəvan şəhər məhkəməsi Ermənistanın keçmiş prezidentini 2008-ci ilin mart ayının 1-də etiraz aksiyasının dağıdılması işi üzrə həbs edib. Ancaq onun digər cinayətlərinin də ortaya qoyulacağı şübhə doğurmur. Köçəryanın vəkili Aram Orbelyan məhkəmənin həbs-qətimkan tədbiri barədə qərar çıxardığını deməklə kifayətlənib və əlavə şərh verməyib. Vəkilin sözlərinə görə, Köçəryan özü də məhkəmə qərarını şərh etməyib.  Köçəryanın digər vəkili Ruben Saakyan isə deyib ki, Köçəryan məhkəmənin qərarını sakit qarşılayıb. Köçəryanın özü bundan əvvəl ittihamları qurama siyasi izlənmə hesab edib. Keçmiş prezidentin fikrincə, bu, növbədənkənar parlament seçkiləri ərəfəsində onun siyasi proseslərdə iştirakını məhdudlaşdırmaq istəyi ilə əlaqədar ola bilər.

Köçəryanın həbsi xüsusilə Respublikaçı və Daşnaksütyun partiyalarında etiraza səbəb olub. Respublikaçılar Partiyası isə Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsi məsələsini beynəlxalq arenaya çıxartmaq niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə məlumatı partiyanın parlamentdəki fraksiyası yayıb. “Bu prosesin demokratiya, qanunun aliliyi və müstəqil məhkəmə sistemi ilə əlaqəsi yoxdur. Cinayət işi güclü şəkildə Ermənistanın daxili siyasi inkişafına mənfi təsir göstərir. Bu cür əsassız ittihamlarla ictimai parçalanma tendensiyaları güclənir”, – deyə o bildirib.

Əslində həbs qərarının keçmiş prezident, “Qarabağ klanı”nın lideri Serj Sərkisyan barədə çıxarılacağı gözlənilirdi. Hətta S.Sərkisyanın ailə üzvləri, mühafizəçiləri ilə bağlı da araşdırmalar gedir, onların arasında həbs olunanlar da, girov qarşılığında zaminə buraxılanlar da var. Ancaq S.Sərkisyanın İtaliyaya qaçdığı barədə xəbər yayılıb. Qeyd edək ki, Köçəryan barəsində həbs qərarı veriləndən öncə  Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin baş hərbi inspektorunun müavini, general-mayor Mikael Arzumanyanı vəzifəsindən azad edib. Ermənistanın digər sabiq prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyan və oğlu Ayk saxlanılıb. Sərkisyanın aqibəti isə bəlli deyil. O, hazırda ölkə xaricindədir və Ermənistana qayıtmağa cəsarət eləmir.

Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlığı ilə tanınmış general Manvel Qriqoryan da həbs edilib.

Hərbi ekspert Üzeyir Cəfərov ile ilgili görsel sonucu

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda həm daxildə, həm də ölkə xaricində vəziyyət çox mürəkkəbdir. Uzun illər yığılıb qalan problemlər, klanlararası mübarizə, qarabağlı ermənilərlə irəvanlı ermənilərin apardıqları mübarizə bu vəziyyətin daha da kritikləşməsinə gətirməliydi, necə ki gətirib: “Təcrübəsiz Paşinyan indi özü də çox ağır bir yükün altına girib. Həm ölkədə uzun illər hökmranlıq edən Sərkisyan-Köçəryan cütlüyünün yaratdıqları mafioz dəstələri zərərsizləşdirmək, ölkə iqtisadiyyatını dirçəltmək üçün müxtəlif yollara baş vurmaq bu gün və yaxın aylarda daha da gərgin bir atmosferin yaranmasına gətirib çıxaracaq. Köçəryan uzun müddət də olmasa, cəmiyyətdən təcrid olunacaq və əlində yığdığı varidatı alınandan sonra sərbəst buraxılacaq. Bu proses hələ bir neçə ay davam edəcək. Bu məsələnin Qarabağda hansısa aktiv döyüş əməliyyatlarının başlayacağına, məncə, heç bir təsiri olmayacaq. Ermənistanın özündə və separatçı qurumda da bəziləri yaxşı başa düşürlər ki, indi onlar üçün çox həssas bir dönəmdir. Ona görə də çalışırlar ki, vəziyyət çox da dərinləşməsin və pisləşməsin”. Ü.Cəfərov dedi ki, bu gün Ermənistanda əvvəlki dönəmlərdə hökmranlıq etmiş nə Sərkisyana, nə də Köçəryana görə kimsə aktiv və geniş şəkildə etiraz etməyəcək: “Sözsüz ki, narazılıqlar, aranı qatmaq cəhdləri olacaq. Amma bunun da perspektiv olmadığına görə, çox böyük ehtimalla ciddi narazılıq elementlərinin olması gözlənilən deyil. Bir sözlə, üzdə bunlar büruzə verməsələr də, faktiki, klanlararası mübarizə gedir və bu mübarizədə hələ çox başlar ağrıyacaq. Onlar əldə etdikləri külli miqdarda varidatı ya qaytarmalı olacaqlar, ya da aralarında elələri var ki, xaricdə xeyli yatirimlar ediblər, maliyyə vəsaitləri orada saxlanılır. Onlar da məsuliyyətə cəlb olunacaq. Hər halda, Ermənistanın daxilində baş verənlərin Qarabağ məsələsinin həlli istiqamətində nə müsbət, nə də mənfi təsiri gözlənilən deyil. Həm də hələ ermənilərin ağaları olan ruslar tam qərar verə bilmirlər ki, hadisələr necə inkişaf edəcək. İstənilən halda biz də diqqətli olmalıyıq ki, düşmən vəziyyətdən diqqəti yayındırmaq üçün kiçik miqyaslı təxribatlar və naxələfliklər edə bilər”.

Hərbi ekspert Qarabağ canisi Sərkisyanla bağlı da gözləntilərini bölüşdü: “Serj Sərkisyan Qarabağ klanının ən qəddarı və ən yaramazı olub. Onunla bağlı yəqin ki, yaxın aylarda çox maraqlı proseslər baş verəcək. Sərkisyanın indiki baş nazir Nikol Paşinyana qarşı yekəxana və saymazyana görüşü yəqin ki, hamının yaxşı yadındadır. Faktiki, özünün toxunulmazlığına o qədər əmin olan yekəxana Sərkisyanı bu dəfə həm yaxın ətrafı, həm də daxili intuisiyası çox pis aldatdı. Onun həbsi belə tezliklə olmasa da yaxın aylarda ortaya çıxacaq bəzi ciddi məsələlər onun da qandallanıb izoliyasiya edilməsinə səbəb olacaqdır. Paşinyan gözəl anlayır ki, Serjin bayırda qalması onun üçün çox ciddi problemlərlə müşayiət olunacaq. Məhz buna görə də o, var-gücü ilə onu da yaxın aylarda neytrallaşdıracaq”.

Bəs indiki situasiyada Azərbaycan Qarabağ canilərinin beynəlxalq səviyyədə mühakimə olunmasını tələb edə bilərmi?

Ü.Cəfərov: “Bir qədər sərt olsa da deyəcəyəm ki, bizim hüquq-mühafizə orqanları nədənsə ölkə xaricində olan, Azərbaycan dövlətinə və dövlətçiliyinə, xalqına qarşı açıq-aşkar cinayət törətmiş bir xeyli şəxsə, xüsusən də Serj Sərkisyana qarşı çox ləng və dişsiz davranış sərgiləyiblər. Çoxdan bu canilər haqqında materiallar yekunlaşdırılıb beynəlxalq qurumlara təqdim edilməli idi. Təəssüflər olsun ki, bizim hərbi prokurorluq hələ də boş, mənasız söz yığınınağından istifadə edərək faktları sadalamaqla, təkrarlamaqla məşğuldur. Azərbaycan hüquq-mühafizə orqanlarının illərlə edə bilmədiklərini, nə qədər qəribə səslənsə də, Ermənistan İstintaq İdarəsi qısa bir müddətə ortalığa qoyub. İllərdir ”istintaq-əməliyyat tədbirləri davam etdirilir kimi” qıcıq yaradan ifadələrdənsə, bax, belə nəticə olsa idi, hamımız çox sevinərdik. Ona görə ki, sərkisyanlar, köçəryanlar və digər irili-xırdalı “yan”lar Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak ediblər”.

Elman Məmmədov ile ilgili görsel sonucu

Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov modern.az-a deyib ki, Robert Köçəryan, Serj Sərkisyan və klanın digər üzvləri hərbi cinayətkarlardır:

“Onlar Azərbaycan dövlətinə, xalqına, günahsız dinc müsəlmanlara qarşı qətllər törətmiş hərbi canilərdir və kimlərinsə köməkliyi ilə Ermənistanda siyasi hakimiyyəti zəbt etmişdilər. O cümlədən erməni xalqına qarşı cinayətlər törədirdilər. Yəni bunlara insan da demək olmaz. Bu cinayətkar dəstə təkcə Azərbaycana deyil, eyni zamanda öz dövlətinə, mənsub olduğu xalqa qarşı saysız-hesabsız cinayətlər törədiblər. Görün erməni xalqı, dövləti nə gündədirsə, 20 il müddətində hərbi canilər, kriminal aləmin adamları tərəfindən idarə ediliblər və bunu qəbul ediblər. Belə bir dövlətdən nə gözləmək olar?

Serj Sərkisyanı Köçəryan ile ilgili görsel sonucu

Hələ Paşinyanın nə edəcəyi, nəticənin necə olacağı bəlli deyil. Yəni bu millət özünə ağıllı, təfəkkürlü, normal bir rəhbər  seçə bilməyib. Bugünkü rəhbər də  müəyyən qüvvələrin köməyi ilə meydan dalğasının üzərində hakimiyyətə gəlib, hələ nə oyunlar çıxaracağı məlum deyil. Artıq özü və ətrafındakılar Azərbaycana qarşı sərsəm bəyanatlar verməklə məşğuldurlar”.

Serj Sərkisyanı Köçəryan ile ilgili görsel sonucu

Deputat qeyd edib ki, erməni xalqı baş verənlərdən nəticə çıxarmalıdır:

“Cənab prezident İlham Əliyev də Ermənistandakı proseslərin axarı barədə danışıb. Əgər bundan sonra da yeni rəhbərlik özündən qabaqkıların yolu ilə getsə, işğalçılıq siyasəti ilə fəaliyyət göstərsə, onlar daha da pis günə düşəcəklər. Qoy Paşinyangillər özlərindən əvvəlkilərin hərəkətlərindən nəticə çıxarsınlar, bu murdar xislətlərindən əl çəksinlər. Əks təqdirdə,  Ermənistanda sakitlik olacağını düşünmürəm. Bu dövləti çox ciddi fəlakətlər gözləyir. Çünki Ermənistan cəmiyyətində Koçaryan-Sərkisyan komandasının  kifayət qədər tərəfdarı var. Bunlara qarşı əməliyyatlar, yoxlamalar keçirilir, həbslər başlayıb. Yəqin  onlar özlərini qorumaq üçün nəsə etməyə cəhd edəcəklər. Bu da təbii ki, Ermənistan üçün ağır zərbə olacaq. Erməni xalqı yaşamağa nail olmaq üçün bunlardan nəticə çıxarmalıdır”.

Ümumən Ermənistanın baş naziri parlament seçkiləri öncəsi cani rəqiblərinə qarşı savaş elan edib. Əslində baş verənlər bizim marağımıza tam uyğundur. Azərbaycan ərazilərinin işğalında iştirak etmiş, qanlı hadisələrə rəhbərlik etmiş cinayətkarların öz ölkəsindəcə cəzalandırılması ibrət dərsidir. Amma kaş ki, onlar Azərbaycan məhkəməsi və ya Beynəlxalq Məhkəmə qarşısında cavab verəydilər, ən azı Xocalı soyqırımına görə…  /Yeni Müsavat/

Paylaş: