Ç. Avq 21st, 2019

“Azərbaycanda manata görə narahat olmağa dəyməz, amma…” – İqtisadçı MƏSLƏHƏTİ

Türkiyədə lirənin ucuzlaşmasına, o cümlədən Rusiyada rublun və digər qonşu ölkələrdə də milli valyutaların dəyərsizləşməsinə əsasən, Azərbaycanda manata görə narahat olmağa dəyməz. 

Turkustan.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. O bu fikirini belə əsaslandırıb:

“Əvvəla, sözügedən ölkələrdə milli valyutaların dəyəri sərbəst bazar qanunları əsasında tənzimlənir. Yəni, tələb və təklifin nisbətinə əsasən. İkincisi də ki, həmin ölkələrdə bunu iqtisadi amillərlə yanaşı, həm də siyasi proseslər şərtləndirir, formalaşdırır. Ölkəmizdə bunların heç biri yoxdur.

Lakin bizim, o ölkələrlə ticarət əlaqələrimiz vardır. Və qeyri-neft sektoru üzrə məhsulların alış-verişini demək olar, yalnız bu ölkələr ilə həyata keçirdirik. Ona görə də, qonşu ölkələrdə milli valyutaların ucuzlaşması Azərbaycan iqtisadiyyatının “oksigenlə təminatını” bir növ daraldır. Belə ki, bizdən onlara mal ixracını deyil, onlardan bizə mal ixracını stimullaşdırır. Çünki sözügedən ölkələrdə mallar ucuzlaşır”. 

Ancaq heç də düşünməməliyik ki, bu amil bizim bazarda da eyni ilə özünü büruzə verəcək  deyən ekspert hesab edir ki, milli valyutaları ucuzlaşan ölkələrdən respublikamıza mal gətirən iş adamları həmin məhsulları bizdə elə əvvəlki qiymətə də satmaqda davam edəcəklər: 

“Sadəcə olaraq, bundan özləri ikiqat artıq gəlir götürəcəklər. Bu isə, ölkəmizdə ABŞ dollarına tələbatı istər-istəməz artıracaq. Yəni ki, həmin iş adamları tərəfindən. Manatın dəyəri neftin dünya bazar qiymətinə bağlıdır. Hazırda da neftin qiyməti 70 dollardan yuxarıdadır. Düzdür, lirəyə,rubla və sairəyə görə manatımız ucuzlaşmayacaq. Amma onun məzənnəsini 1,70 azn səviyyəsində saxlamaq işi çətinləşəcək və artıq, çətinləşib də… Odur ki, əziyyət çəkən Mərkəzi Bank olacaq. Belə ki, qeyri-neft sektorumuz üzrə məhsul ixracımız genişlənməsə, manatı dollara nisbətdə 1.70 azn-də saxlamaq perespektivsiz siyasətdir. İş ondadır ki, qonşu ölkələrdə milli valyutaların ABŞ dollarına görə dəyərsizləşməsi isə Azərbaycanda qeyri-neft sektorunun inkişafını zəiflədir və hətta, bunu tam buxova alır. Belə şəraitdə isə, manatın ABŞ dollarına nəzərən 2 azn həddə sıçraması hər an gözlənilən hadisədir. Odur ki, dollarlarınızı möhkəm saxlayın!”  /Cebhe.info/

Paylaş: