Ç. Avq 21st, 2019

“UŞAQLARA ƏMLAK KİMİ BAXIRIQ”

“Biz uşaqları çox sevirik, daha çox onların qayğısına qalırıq. Lakin bəzi ailələrdə azyaşlı uşaqların heç bir məsələdə rəyi soruşulmur. Biz onlara daha çox əmlak kimi baxırıq”. Bu fikirlər “Qadın və cəmiyyət” internet TV verilişində səslənib. “Qadın və uşaq hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı internet TV-də maarifləndirmənin aparılması” layihəsi çərçivəsində hazırlanan verilişlərdə erkən nikahlar, qadınlara qarşı zorakılıq, problemli ailələrdə uşaqların yaşadığı psixoloji problemlər və s. kimi mövzulara həsr olunub.

Verilişin qonağı olan “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, Azərbaycanda hər bir sahədə olduğu kimi qadınların və uşaqların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq standartlara uyğun qanunlar qəbul edilib. Bu qanunlarda uşaq hüquqlarının bütün aspektləri nəzərdə tutulur. Lakin uşaqlarla bağlı problemlər var. Bu da bəzən bizim ailə stereotiplərimizlə bağlı ortaya çıxır: “Biz uşaqları çox sevirik, daha çox onların qayğısına qalırıq. Lakin bəzi ailələrdə azyaşlı uşaqların heç bir məsələdə rəyi soruşulmur. Biz onlara daha çox əmlak kimi baxırıq. Biz necə istəyirik, cəzalandıra bilərik. İstəsək, ac saxlayarıq, məktəbə buraxarıq. Burda uşağın rəyi əksər hallarda nəzərə alınmır.

Ekspert hesab edir ki əgər uşaqlara qarşı fiziki zorakılıq hallarının sayı artsa, Azərbaycanda da Avropada olduğu kimi uşaqla pis rəftara görə valideynlik hüququndan məhrum edilməsi məsələsi gündəmə gələ bilər.

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə Qüdrətli Azərbaycan Naminə İctimai Birliyi tərəfindən icra olunur. Layihə çərçivəsində altı proqram hazırlanıb və internet TV-də yayımlanıb.

Paylaş: