24 Yanvar 2021 03:40

Azərbaycanlıların soyqırımı tarixin ən qanlı faciələrindəndir

II yazı

Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, XX əsr boyu Azərbaycan və türk xalqlarına qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər. Lakin dünya ictimaiyyəti əsl həqiqətləri, əslində nəyin baş verdiyini etiraf etməkdən çox uzaq olub. Təəssüf ki, indi də beynəlxalq aləm ikili standartlarla çıxış edir.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi əks olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük hissəsini xarabazarlığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir”.

Azərbaycan tarixinə yeni baxışın, tariximizin yenidən araşdırılmasının əsasını qoyan bu fərman həm də uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir. Məlum olduğu kimi, xalqımız sovet dövründə bu gerçəkliklərdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Hətta dəhşətli soyqırımının qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstündə park salınmışdır. Hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik. Amma ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və işğal siyasətinin intensivliyi bu gün də zəifləməmişdir. Bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını bir az da gücləndirmişlər. Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq “əzabkeş erməni milləti” obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına məhəl qoymur, bütün yolverilməz vasitələrdən istifadə edərək əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar.

Bu cür məkrli niyyətlərə baxmayaraq, xüsusən son illər erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət daha da genişlənmiş, ermənilərə qarşı ideoloji əks-hücum effektiv xarakter almışdır. Prezident İlham Əliyevin Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı xalqa müraciətlərində ermənilərin müxtəlif illərdə dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirmələri, soydaşlarımızın yurd-yuvalarından didərgin salınmaları, ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etməsi, onun ağır nəticələrinin yüz minlərlə soydaşımızın taleyində özünü büruzə verməsi, Ermənistanın və havadarlarının təcavüzkar siyasətinin iflasa məkum olması, bunun hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə ziddiyyət təşkil etməsi qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və hər birimizin qarşısında duran başlıca vəzifələr göstərilir: “Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik” – deyə Prezident İlham Əliyev bildirib.

Ölkəmizin dövlət və qeyri-dövlət qurumlarının xətti ilə ermənilərin tarix boyu xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasəti ilə bağlı əsl həqiqətlərin araşdırılıb üzə çıxarılması və dünya ictimaiyyətinə çatdırılması yönündə ideoloji fəaliyyət davam etdirilir. Bunun nəticəsidir ki, son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınmışdır. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılmış və 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılmışdır. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilmişdir ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilmişlər. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamına əsasən, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılmış, 2013-cü ilin sentyabr ayında açılışı olmuşdur. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev tarixin araşdırılmasının, gənc nəslin keçmişimizi bilməsinin vacibliyini qeyd edib: “Uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirmişdir”.

2012-ci il fevralın 26-da Bakıda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçirilən ümumxalq yürüşü də faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı. Ön sırada Prezident İlham Əliyevin olduğu və 100 minə yaxın insanın iştirak etdiyi bu yürüş göstərdi ki, Azərbaycan dövləti və xalqı soyqırımı qurbanlarının qanını yerdə qoymayacaq. Həm qisas alınacaq, həm də düşmən beynəlxalq miqyasda tam ifşa olunana qədər bu istiqamətdə işlər həyata keçiriləcək.

Qeyd etdiyimiz kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan xüsusi tədqiqat komissiyası öz işini başa çatdıra bilməmişdi. Lakin bu gün Azərbaycan dövləti xalqımızın üzləşdiyi soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası üçün fəal iş aparır. Bu mənada qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Vaxt gələcək dünya birliyi erməni əməllərinin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu qənaətini qəbul edəcək və Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcək.

Rəşad CƏFƏRLİ,

Yazı ”Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi

“1918-ci il azərbaycanlıların soyqırımı ilə bağlı ictimaiyyətin məlumatlandırılması” layihəsi əsasında dərc olunur

 

Paylaş: