28 Yanvar 2021 02:03

31 mart hadisələri – həqiqətlər işığında və yaxud azərbaycanlıların soyqırımı haqqında yetərincə məlumatı varmı?

I yazı

Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki yüz ilə yaxın tarixi vardır. Xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.

Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsinin gedişində, həm də sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı.

21 mart 1828-ci ildə Rus çarının qərarı ilə Ermənistan vilayətinin yaradılması anından isə bu vilayətdən müx­təlif yollarla azərbaycanlıların köçürülməsi sistemli xarakter almış, onların yerinə Türkiyədən, İrandan, Suriyadan və digər ölkələrdən ermənilər gətirilməklə azərbaycanlıların ağrılı-acılı günləri başlamışdır. «Erməni vilayəti» heç də erməni dövləti deyildi. «Erməni vilayəti» İrəvan və Naxçıvan xanlıqlarının ərazisi əsasında yaradılan müvəqqəti inzibati-idarəetmə vahidi idi. Lakin bu Azərbaycan torpaqlarında İrəvan və Naxçıvan xanlınlarının ərazisində yaradılacaq gələcək Ermənis­tanın təməli demək idi. «Erməni vilayəti»nin əyalət və dairələrində gəlmə ermənilərin artımı və yerli azərbaycanlıların çar təzyiqinə davam gətirməyərək İran və Türkiyə ərazilərinə köçməsi nəticəsində əhalinin etnik tərkibindəki fərq ermənilərin xeyrinə dəyişirdi. 1828-ci ildə təqribən 4 ay ərzində İrandan İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8 min 249 erməni ailəsi, yəni 40 min nəfər erməni köçürülmüşdür. Bir qədər sonra isə Azərbaycan topaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min erməninin köçürülməsi həyat keçirilmişdir. 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 min erməni köçürülmüşdür. Ümumiyyətlə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Cənubi Qafqaza ermənilərin köçürülməsi mütəmadi olaraq davam etdirilmiş, təkcə 1896-cı ildən 1908-ci ilə kimi Zaqafqaziyaya 400 min erməni köçürülmüşdü.

Erməni millətçilərinin XIX əsrin sonunda – 1885-ci ildə Marseldə – «Amrenakan», 1887-ci ildə Cenevrədə «Qınçaq», 1890-cı ildə isə Tiflisdə «Daşnaqsütyun» partiyalarını yaratmaqla, ermənilərin «Böyük Ermənistan» yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu.

***

XX əsrin əvvəllərində Bakının neft sənayesi sahəsində mövcud olan 167 müəssisəsidən cəmi 49-u azərbaycanlı kapitalistlərin əlində idi. Ermənilərin isə 55 firması vardı. Qalan 21 firma ruslara, 10 firma əcnəbilərə, 17 firma yəhudi kapitalistlərinə, 6 firma isə gürcü sahibkarlarına məxsus idi. İnhisarçı kapitalın neft sənayesində hakim kəsildiyi illərdə Azərbaycan milli kapitalının mövqeyi çox zəif idi. Belə bir gərgin dövrdə «Daşnaksütyun partiyası» sosial-demokratlarla əlaqəyə girərək Bakıda sosial-demokrat və sosial inqilabçı adı altında daşnaksütyun yönümlü fəhlə təşkiltları yaradırdılar. Onların isə əsas məramı yerli əhali arasında ixtişaşlar, təxribatlar törətmək, qanlı aksiyalar həyata keçirmək idi.

Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışlar. XX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran bölgələrində və başqa ərazilərində azərbay­canlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilmişdir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı faciələrin daha dəhşətlisi 1918-ci il 31 mart və 1-2 aprel tarixlərində törədilmiş soyqırımı hadisələridir.

Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından öz məqsədlərini bol­şe­vizm bayrağı altında həyata keçirməyə başladılar. 1918-ci ilin martında Rusiya bolşe­viklərinin rəhbəri Lenin silahdaşı və yaxın dostu Stepan Şaumyanı Qafqaza fövqəladə komissar təyin edib Bakıya göndərir. Qurulmuş plan və məqsəd bəlli idi. Yaradılan Bakı kommunası «əksinqilabçı elementlər»lə mübarizə pərdəsi altında Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədini güdən cinayətkarlar planın reallaşdırıl­masına başlayır. A.Mikoyanın rəhbərliyi altında təşkil olunan «Qırmızı qvardiya» adlı 10-12 minlik ordunun 70 faizi ermənilərdən ibarət olur. Onlar bolşevik­lərlə birləşərək guya antisovet qiyamı altında mübarizə aparırlar.

«Daşnaq­sütyun» partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başlayır. İlk addım kimi özlərini Qafqazda bolşevik hakimiyyətinin qanuni nümayəndələri hesab edən maska­lanmış daşnaklar, əsasən Türkiyədən qaçıb gələn erməniləri silahlandıdaraq sovet haki­miyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirdilər. Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaza fövqəladə komissar təyin edilən daşnak S.Şaumyan azərbaycanlıların kütləvi qırğının təşkilatçısı və rəhbərinə çevrildi.

Bakı və Bakı ətrafını işğal etmək daşnak lideri, bolşevik qiyafəli Stepan Şaumyana, Şirvan bölgəsini, Şamaxını, Muğanı, Lənkəranı məhv etmək Styopa Lalayana və onun silahdaşı Tatoves Əmiryana, Quba qəzasını yerlə-yeksan etmək daşnak lideri Hama­zaspa, Naxçıvanı, Zəngəzuru, Qarabağı talan etmək Andronik Ozanyana tapşırılmışdı. Bu quldurlara Stepan Şaumyan rəhbərlik edirdi.

1918-ci il martın 30-da Bakıda erməni kilsəsinin ətrafında toplaşan daşnak dəstəsi müsəlmanlara qarşı ilk atəş açır. Martın 30-dan aprelin 2-dək baş verən qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi terror dəstələri Bakıda minlərlə insanı qətlə yetirərək, müsəlman ziyarətgahlarını yandırdılar. Şəhərin ən möhtəşəm məscidi olan Təzəpir top atəşinə tutuldu. Ermənilər Bakının memarlıq incilərindən olan «İsmailiyyə» binasını da yandırdılar. Üç gün davam edən qırğınlar nəticəsində təkcə Bakıda və Bakı ətrafında 30 minə yaxın günahsız soydaşımız xüsusi amansızlıqla, qəddarlıqla öldürülmüşdür.

Eyni zamanda, Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında 8 min, Quba qəza­sında 16 min, İrəvan quberniyasında isə 132 min azərbaycanlı amansızlıqla qətlə ye­ti­rilmişdir. Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadıqları 157 kənd dağıdılmış və yandırılmış, Şuşa şəhərində dəhşətli qırğınlar törədil­mişdir. Bu dövrdə Quba qəzasında 122, Şamaxı qəzasında 72, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış, dağı­dılmış və talan edilmişdir. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir. Ümumilikdə erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında 700 min­dən çox azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

Mart soyqırımından bir ay sonra ermənilər bu hadisələri bollşeviklərlə müsəlmanlar arasında cərayan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edirdi. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi.

1919-cu ilin son iki ayında İrəvan quberiniyasının Eçmiəzdin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilmişdi.

1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 565 min azərbaycanlı öldürülmüş və doğma torpaqlarından didərgin düşmüşdür.

1935-ci ildən başlayaraq erməni millətçi ekstremistləri kütləvi şəkildə həm xəritə­lər­də, həm də 1917-1920-ci illərdə işğal olunmuş əzəli Azərbaycan torpaqlarında türk-Azərbaycan mənşəli coğrafi adların dəyişdirilməsinə başladılar. Bütövlükdə İrəvan, Naxçıvan, Qarabağ xanlıqları ərazisində yerləşən 18 min Azərbaycan mənşəli coğrafi ad «toponim soyqırımına» məruz qaldı.

Rafiq Oday,

Respublikanın Əməkdar jurnalisti

Yazı ”Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi

“1918-ci il azərbaycanlıların soyqırımı ilə bağlı ictimaiyyətin məlumatlandırılması” layihəsi əsasında dərc olunur

Paylaş: