25 Yanvar 2021 22:10

31 mart hadisələri – həqiqətlər işığında və yaxud azərbaycanlıların soyqırımı haqqında yetərincə məlumatı varmı?

II yazı

Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu ilərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazimiz işğal edilmişdir. 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur.

Erməni təbliğatının antiazərbaycan fəaliyəti ötən əsrin 80-ci illərinin ortalarında məxsusi vüsət aldı və Dağlıq Qarabağ münaqişəsinin yaranmasını səbəbləndirdi. Müna­qişənin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından – indiki Ermənistandan qovuldu.

Başlanğıcını 1988-ci ildən götürən erməni ekspansiyası, Dağlıq Qarabağda aparılan işğalçı müharibə və etnik təmizləmə azərbaycanlıların soyqırımı qurbanlarının sayını bir neçə dəfə artırdı. Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən çox həmvətənimiz həlak olmuş, 20 mindən artıq insan yaralanmış, 50 mindən çoxu əlil olmuş, əsir və itkinlərimizin sayı 4 mini keçmişdir. 1992-ci il fevralın 26-da ötən əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsində böyük bir yaşayış məntəqəsi Yer üzündən silinmişdir. Ümumilikdə işğallar nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.

Bütün bunların nəticəsi kimi təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinst erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırımı siyasətinin təsirinə məruz qalmışdır.

Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqiddik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırmı sinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. Heydər Əliyevin imzaladığı «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqında» 18 dekabr 1997-ci il tarixli və «Azərbaycanlıların soy­qırımı haq­qında» 26 mart 1998-ci il tarixli fərmanları erməni qaniçənlərinin tarix boyu xalqımızın başına gətirdikləri müsibətlərin araşdırılması, tarixi keçmişimizə daha həssas müna­sibətin formalaşması baxımdan böyük əhəmiyyətə malikdir. Dövlət səviyyəsində bu məsələyə münasibət, hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan olunması tarixi yaddaşımıza işıq salmış, xalqın milli oyanış və vətənpərvərlik ruhunun formalaşmasında əvəzsiz rol oynamışdır. Erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da əsl proqram sənədidir.

Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və işğal siyasətinin intensivliyi bu gün də zəifləməmişdir. Bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını daha da gücləndirməyə cəhd edirlər. Onlar Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq «əzabkeş erməni milləti» obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək, əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azər­baycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar.

Ermənilərin havadarlarının dəstəyi ilə 1918-ci ilin martında Bakıda və respublikanın digər bölgələrində törətdikləri qırğınlar barədə tarixi faktların dili ilə xeyli sayda kitablar yazılıb və müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Tarixi faktları inkar edib özlərinə saxta tarix yazan ermənilər yalanlarını dünyaya həqiqət kimi qəbul etdirmək istiqamətində ciddi cəhdlər göstərib törətdikləri vəhşilik­lərdən dünya ictimaiyyətinin diqqətini yayındırmağa çalışsalar da, arxivlər bu təbliğatın əsassızlığını bir daha ortaya qoyur. Dünya ölkələrinin arxivlərinə müraciət edən hər bir tarixçi bu faktları ortaya çıxararaq, onların dili ilə erməni vəhşiliyini təsdiqləyir. Bu səbəbdəndir ki, dünya arxivlərinin açılması və tarixçilərdən ibarət komissiyasının yaradılması məsələsi gündəmə gətiriləndə qarşı tərəf dərhal müxtəlif bəhanələrlə yayınırlar. Bu da onların hiyləgər siyasətlərinin göstəricilərindəndir. Məhz onun rəhbərliyi altında Azər­baycanın həyata keçirdiyi diplomatiyanın bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur.

Dövlətimizin başçısının diqqət mərkəzində saxladığı araşdırmalar nəticəsində uzun il­lər xalqımızdan gizlədilmiş mühüm faktlar, sənədlər aşkar edilmişdir. Bu məqsədlə Lon­dondan, Sant-Peterburqdan, Moskvadan, İstanbuldan, Ankaradan mühüm tarixi sənəd­lər gətirilmiş, Parisə iki ezamiyyət təşkil olunmuşdur. Hazırda isə Dehli arxivində araş­dırmalar aparılır. Bu sənədlərdə əks olunmuş faktlarla azərbaycanlılara qarşı törədilmiş soyqırımının bilavasitə səbəbkarları olan S.Şaumyanın, T.Əmiryanın, S.Hamazaspın, Lalayanın və digər erməni quldurlarının cinayətləri tam sübuta yetirilmişdir.

Bununla belə möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi «bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik».

Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında bugünkü və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik tələb olunur.

Qeyd edim ki, Milli Arxiv İdarəsində saxlanılan 36 cilddən, 3500 səhifədən ibarət sənədlər toplusu beynəlxalq məhkəmədə ermənilərə qarşı cinayət işinin başlaması üçün sanballı əsas ola bilər. Bu sənədlər ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayəti sübut edən qiymətli faktlardır.

Bu gün həm dövlət xətti, həm də ayrı-ayrı qurumların, diaspora təşkilatlarının və H.Əliyev Fondunun xətti ilə tarixi faciə haqqında bilgilər, sənədlər dünyaya təqdim edilir. Azəbaycanlılara qarşı törədilən soyqırımı faktları ilə bağlı həqiqətləri təbliğ edən tədbirlər keçirilir, elmi konfranslar təşkil edilir. Amma təəssüf ki, dünya hələ də susur. Başda Birləşmiş Millətlər Təşkilatı olmaqla beynəlxalq qurumlar, ABŞ, Rusiya və Fransa kimi nəhəng dövlətlər 31 mart soyqırımına beynəlxalq qiymətin verilməsindən boyun qaçırır. Əslində, bu müsibət ikili standartların bariz nümunəsindən başqa bir şey deyil. Tarixdə olmayan, heç bir fakta söykənməyən qondarma erməni soyqırımına anlayışla yanaşan, erməni yalanlarına inanan beynəlxalq birlik 31 mart hadisələrinə hüquqi qiymətin verilməsindən çəkinir. Bu ermənipərəstlik tarixin sonrakı mərhələlərində daşnak terrorçularına cəsarət verdi və yeni faciələrin baş verməsinə zəmin yaratdı.

Erməni daşnaklarının Azərbaycan xalqına qarşı 1918-ci ildə gerçəkləşdirdiyi soyqı­rımının qurbanları hər il ölkə ictimaiyyəti tərəfindən yad edilir. Eyni zamanda, insanlıq əleyhinə yönələn bu qanlı faciənin beynəlxalq miqyasda tanıdılması məqsədilə görünən işlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ermənilərin törətdiyi vəhşilikərin qanlı izlərindən biri olan Quba məzarlığına hər il insanların axın-axın baş çəkməsi də bu baxımdan əhəmiyyət daşıyır.

9 il bundan öncə aşkarlanan kütləvi məzarlıqda 1918-ci ildə Hamazaspın baçşılıq etdiyi erməni quldur dəstələri tərəfindən qətlə yetirilən 400-dən artıq dinc sakinin sümükləri aşkarlanıb. Erməni vəhşiliyinin danılmaz maddi sübutu olan və məlumatlara əsasən yerli sakinlərin özlərinə qazdıran 2 böyük quyuda bir-birinin üzərinə yığılan cəsədlərin yüzdən çoxu qadın, 50-dən artığı uşaq, qalanları isə əsasən yaşlı kişilərə məxsusdur. Üstündən 96 il keçməsinə baxmayaraq, Quba məzarlığı 1918-ci ildə Azərbaycanlılara qarşı tərədilən soyqırımı dəhşətlərini əyani surətdə əks etdirir. Respublikamızın başqa regionlarında olduğu kimi, Quba ərazisində ermənilər tərəfindən törədilən soyqırımı da Azərbaycan xalqının ümumi faciəsidir. Çünki 1918-ci ildə azərbaycanlilarla yanaşı, ərazidə yaşayan ləzgi, avar, tat, yəhudi və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək məzarlıqda kütləvi şəkildə basdırılıblar.

Dövlətimiz tərəfindən bu tarixi hadisənin hər il dövlət səviyyəsində anılmasına xüsusi önəm verməsinin böyük siyasi və tərbiyəvi əhəmiyyəti vardır. Həmvətənlərimizin soyqırımı hər il yad edilməsi, yalnız o hadisələri tarixi baxımdan xatırlamaq məqsədi daşımır, həm də təcavüz qurbanlarını, günahsız insanların ruhunu yad etməklə tarixi haqsızlığa və ədalətsizliyə qarşı bir daha etirazımızı bildirir, gənclərimizdə vətənpərvərlik, haqq və ədalətin qalib gələcəyinə böyük inam hissi aşılamış oluruq.

Müxtəlif informasiya mənbələri və tarixi sənədlər əsasında hazırladı:

Rafiq Oday,

Respublikanın Əməkdar jurnalisti

Yazı ”Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi

“1918-ci il azərbaycanlıların soyqırımı ilə bağlı ictimaiyyətin məlumatlandırılması” layihəsi əsasında dərc olunur

 

Paylaş: