Ca. Sen 19th, 2019

Almaniya Azərbaycanlıları Şurasının əlaqələndiricisi: “Yeganə yol təşkilatlanmaq idi”

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi seçilmiş Yaşar Musayev Modern.az-a müsahibə verib.

– Yaşar müəllim, öncə sizi Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi seçilməyiniz münasibətilə təbrik edirik. Şuranın yaradılması təşəbbüsü və ideyası kimdən gəldi?

– Təşəkkür edirəm, həm təbrik, həm də mətbuatın belə operativ reaksiyası üçün. Şuranın yaradılması təşəbbüsü Almaniyada yaşayan soydaşlarımızdan, diaspor təşkilatlarından gəldi. Almaniyada fəaliyyət göstərən diaspor rəhbərlərinin görüşlərində də, soydaşlarımızla görüşlərdə də koordinasiyanın olması, daha da gücləndirilməsi zəruriliyi əksəriyyət tərəfindən bildirilirdi. Yəni, bu gün Almaniyada yüz minlərlə azərbaycanlının yaşaması, 40-dan çox diaspor təşkilatının olması daha yaxşı koordinasiyanın formalaşdırılmasını tələb edirdi. Ona görə biz də qərara gəldik ki, həm soydaşlarımızı, həm də diaspor təşkilatlarını təmsil edən bir Koordinasiya Şurası yaradaq.

– Sizcə bu Şuranın yaradılması diaspor fəaliyyətinə, soydaşlarımıza nə verəcək?

– Mən elə ona gəlmək istəyirdim. Şuranın yaradılması, ilk növbədə, soydaşlarımızın, diaspor təşkilatlarının fəaliyyətini daha intensiv əlaqələndirməyə və diaspor fəaliyyəti ilə bağlı qərarların kollegial qəbuluna imkan yaradacaq. Eyni zamanda, Koordinasiya Şurasının yaradılması ilə diaspor fəaliyyətini daha planlı şəkildə təşkil etmək mümkün olacaq ki, bu da soydaşlarımızın inteqrasiyasında, Azərbaycan həqiqətlərinin təbliğində, milli-mədəni irsin qorunması və təbliğində, Azərbaycan dilinin, adət-ənənələrin yaşadılmasında öz müsbət təsirlərini göstərəcək.

– Necə oldu ki, Koordinasiya Şurasının əlaqələndiricisi siz seçildiz?

– Uzun müddətdir ki, diaspor fəaliyyəti ilə məşğul oluram. 2010-cu ildən etibarən Nürnberqdə fəaliyyət göstərən “Baku-Nürnberg” Mədəniyyət və Təhsil Mərkəzi İdarə Heyətinin sədriyəm. Nürnberqdə, Bavariyada çoxlu sayda azərbaycanlılar yaşayır. Azərbaycanlıların bir yerdə cəmləşməsi çox önəmlidir. Təbii ki, bunu təkcə Almaniyaya aid etmək olmaz. Dünyanın hansısa ölkəsində yaşamaq o deməkdir ki, həm də təşkilatlanmaq lazımdır. Bu təşkilatlanma da diaspor təşkilatlarının birgə koordinasiyası nəticəsində mümkün ola bilər. Seçilməyimə gəldikdə isə, hər zaman birlik tərəfdarı, aktiv diaspor təşkilatı rəhbəri, azərbaycançılıq ideologiyasını özündə daşıyan bir insan olmuşam. Yəqin ki, bunlar nəzərə alındı, həmkarlarıma, soydaşlarımıza təşəkkür edirəm etimad göstərdikləri üçün, çalışacağam bu etimadı doğruldum.

– Koordinasiya Şurasının yaradılmasına və Yaşar Musayevin əlaqələndirici seçilməsinə Diaspor Komitəsinin dəstəyimi deyək, reaksiyasımı deyək necə oldu?

– Bu yaxınlarda Azərbaycana gəlmişdim. Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyi ilə görüşümüz oldu. Daha əvvəl Komitənin nümayəndə heyəti Almaniyada olarkən də görüşmüşdük. Demək olar ki, bizim səmimi söhbətlərimiz oldu və Almaniyada yaşayan soydaşlarımızın Koordinasiya Şurasının yaradılması ilə bağlı təşəbbüslərinin olduğunu bildirdik. Komitə rəhbərliyi, əlbəttə, bizim ideya və təşəbbüslərimizi böyük məmnuniyyətlə dinlədi və qeyd etdi ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, dünya azərbaycanlılarının dövlətçiliyimiz ətrafında, azərbaycançılıq ideologiyası altında birləşdirilməsi əsas hədəfimizdir. Azərbaycan diaspor təşkilatlarının eyni məqsədə xidmət etməsi, Azərbaycan dövlətçiliyinin xaricdə normal səviyyədə təmsil olunması bütün azərbaycanlıların marağında olan məsələdir. Bu fikirlər, düşünürəm ki, artıq Koordinasiya Şurasının formalaşdırılmasına müsbət reaksiya kimi qəbul edilə bilər. O ki qaldı, dəstək məsələsinə, biz Komitə rəhbərliyini təsis iclasına dəvət etmişdik. Çox xoş oldu ki, Komitənin rəhbərliyi, nümayəndə heyəti iclasda iştirak etdi, proseslərin şəffaflığını canlı olaraq izlədi. Dəstək bundan ibarət oldu.

– Maraqlıdır, bu günə qədər Almaniyada diaspor fəaliyyəti necə formalaşıb?

– Bilirsiz, çox işlər görülüb. Almaniyanın müxtəlif şəhərlərində 40-dan çox diaspor təşkilatı var. Onların bəziləri elmi işlərlə, bəziləri mədəniyyət sahəsi ilə məşğul olur. Eyni zamanda, təhsil işçilərini, tələbələri birləşdirən diaspor təşkilatları var. Doğrudur başqa xalqlarla müqayisədə Azərbaycanın diaspor fəaliyyəti qısa tarixə malikdir. Bunun da başlıca səbəbi uzun illər SSRİ-nin tərkibində olmağımızla əlaqədardır. Azərbaycan müstəqillik əldə edəndən sonra soydaşlarımızın bir qismi Avropa ölkələrinə üz tutdular. Bu zaman yeganə yol təşkilatlanmaq idi. Düzdü, biz bununla yeni nəsə kəşf etmədik. Diaspor tarixi uzun olan xalqlar bu yolu artıq keçiblər. Biz də bu yolu keçməyə davam edirik. Eyni zamanda, biz bu yolu layiqli şəkildə keçirik. Almaniyadakı diaspor təşkilatları müəyyən şəhərlərdə olsa da, bir-birimizlə əlaqələrimiz mövcuddur. Milli bayramlarımızın qeyd olunması, yaxud da tarixə qanla yazılan və təəssüf doğuran günlərdə diaspor təşkilatları olaraq birgə olmağa çalışırıq. Yəni müəyyən əlaqələr mövcuddur, lakin bununla belə bir xaotiklik də var idi, bütün təşkilatların fəaliyyəti əlaqələndirilmirdi. Koordinasiya Şurasının yaradılması isə bu əlaqələri daha da gücləndirəcək və kütləviləşdirəcəkdir.

– Bundan sonrakı fəaliyyət planlarınıza nələr daxildir?

– Bundan sonra əlaqələrimizi daha da koordinasiya edəcəyik. Diaspor Komitəsi ilə birgə ümumi plan və strateji yol xəritəsi hazırlanacaq. Qarşıda duran vacib məsələlər, eyni zamanda əgər layihələr varsa, onlar müzakirə olunacaq. Bütün bunlar həm Almaniyada yaşayan soydaşlarımızın, həm də Diaspor Komitəsinin marağında olan məsələdir. Koordinasiya Şurası həm Almaniyadakı səfirliyimizlə, həm də Diaspor Komitəsi ilə sıx əməkdaşlıq edəcək. Diaspor fəaliyyətinin əsasında, əvvəldə də qeyd etdiyimiz kimi, milliliyin qorunması və təbliği, soydaşlarımızın inteqrasiyasına dəstək, xaricdə dövlətimizin yaxşı təmsil olunması kimi məsələlər dayanır. Gələcəkdə bu istiqamətdə konkret təkliflərlə, layihələrlə çıxış etməyi nəzərdə tuturuq.

– Qarabağ problemi ilə bağlı hansı işləri görməyi düşünürsüz?

– Qarabağ hər bir azərbaycanlı üçün bir nömrəli problemdir, yaralı yerimizdir. Bu, hər bir azərbaycanlını narahat etdiyi kimi, Qarabağ hadisələrinə dair beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, Azərbaycanın haqq səsinin qaldırılması, yaşadıqları ərazilərdə insanlara bu barədə dolğun informasiyaların verilməsi xaricdə yaşayan azərbaycanlıların da qarşısında duran başlıca məsələlərdəndir. Baxmayaraq ki, BMT-nin 4 qətnaməsi var ki, torpaqlar qeyd-şərtsiz geri qaytarılmalı və insanların öz doğma yurd-yuvalarına qayıtması bərpa edilməlidir. Təəssüf ki, bu qətnamələr yerinə yetirilməyib. Bir milyondan artıq məcburi köçkün həyatı yaşayan insanlarımız var. Bu çox acınacaqlı məsələdir. Ona görə də Koordinasiya Şurası olaraq tədbirlər planı hazırlamağı və bu istiqamətdə daha dolğun informasiyaları dünyaya çatdırmağı nəzərdə tuturuq. Çünki dünyada yaşayan azərbaycanlılar erməni vəhşiliyini zaman-zaman dünyanın diqqətinə çatdırmalıdır. Düzdü, Almaniyada yaşayan soydaşlarımızla birgə Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışırıq, hər il burada Qarabağ Forumu keçirilir. Almaniya və Avropa təşkilatları ilə sıx əlaqələrimiz var. Bundan istifadə edərək, həqiqətlərin diapsor təşkilatları tərəfindən davamlı şəkildə dünyanın diqqətinə çatdırılması zəruridir.

– Yaşar müəllim, Almaniyada yaşayan azərbaycanlıların təhsil məsələlərinə diqqət ayırmağı düşünürsüzmü?

– Əlbəttə, düşünürük. Bizim əsas fəaliyyət proqramlarımızda təhsil, elm və mədəniyyət öndədir. Bu koordinasiyanın strukturu hələ tam müəyyən olunmayıb. Buna baxmayaraq əsas sahələrimiz arasında təhsil, elm mədəniyyət yer alır.

– Son olaraq soruşmaq istərdik. Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrindən gözləntiləriniz nədir?

– Tam olaraq səmimiyyətimə inanın, səmimi deyəcəm. Fuad Muradovla bir neçə dəfə görüşüm olub. Bu görüşlər səmimiyyət şəklində keçib. Fuad Muradovun müxtəlif diaspor təşkilatları ilə görüşləri zamanı onun bu sahəyə can yandırması dərhal hiss olunur. O da hiss olunur ki, böyük iradə ilə dünya azərbaycanlılarının birgə koordinasiyasını qarşısına məqsəd qoyub. Bu böyük işgüzarlıqla və təcrübə ilə yerinə yetirilir. Biz şadıq ki, belə səmimi söhbətlər olur. Biz Fuad bəyə uğurlar arzulayırıq. Həmçinin, bu sahədə ona yardımçı olmağa hazırıq. Çünki bu, ümummilli maraq kəsb edən bir məsələdir. Gözləntilərimiz odur ki, birgə fəaliyyət göstərəcəyik. Qarşıya qoyulan ideyaları birgə həyata keçirməyə ümidliyik.

Paylaş: