Bz. Okt 20th, 2019

Azərbaycanlıların etnik təmizlənməsinin ilk mərhələsi – Ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazda 200-dən artıq yaşayış məntəqəsində kütləvi qırğınlar törətmişlər

I yazı

XX əsrin əvvəllərində Cənubi Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan “Erməni məsələsi” sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün vasitəyə çevrilmişdi. Muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vilayətlərində, yəni ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə nail olmaq lazım idi. Lakin Şərqi Anadolu vilayətlərinin heç birində ermənilər say etibarı ilə üstünlük təşkil etmirdilər.

Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar yatırıldıqdan sonra həmin iğtişaşların iştirakçılarının əksəriyyəti Cənubi Qafqaza axışmışdı. Həmin dövrdə Cənubi Qafqazda törədilən cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin və muzdlu qatillərin payına düşürdü.

XX əsrin əvvəllərində Qafqazda mövcud olan 54 qəzadan beşində, İrəvan quberniyasındakı 7 qəzadan 3-də, Yelizavetpol quberniyasındakı 8 qəzadan 1-də ermənilər çoxluq təşkil edirdilər.

XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida mənbəyi rolunu əsasən erməni kilsələri oynayırdı. 1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında qəbul edilən qanun kilsənin maliyyələşdirdiyi siyasi partiyaların və onların terrorçu dəstələrinin maddi vəziyyətinə zərbə vurmuşdu. Həmin qanunun icrasının qarşısını almaq məqsədilə erməni siyasi partiyalarının terrorçu dəstələri hakimiyyət mənsublarına qarşı terror aktları həyata keçirməyə başlamışdılar. Eyni zamanda erməni siyasi partiyaları Cənubi Qafqazda antitürk, antimüsəlman kampaniyasını genişləndirməyə başlamışdılar. Erməni kilsəsi bu qanun əleyhinə qiyamlar təşkil etmişdi. Ermənilər həmin il avqustun 29-da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada, oktyabrın 14-də Tiflisdə iğtişaşlar törətmiş və terror aktları həyata keçirmişdilər.

1905-ci ildə Rusiyada iğtişaşların baş verməsi, çarizmə qarşı narazılıq dalğasının güclənməsi Cənubi Qafqazda da güclü əks-səda doğururdu. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə etmişdilər. Qafqaz Canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Cənubi Qafqazda azərbaycanlıların yığcam yaşadıqları ərazilərə silahlı hücumlar edib etnik təmizləmə həyata keçirməklə, həmin ərazilərdə Türkiyədən qaçıb gələn erməniləri məskunlaşdırmaqla özlərinin say üstünlüyünə nail olmaq, sonra isə yeni yaranan erməni anklavlarını birləşdirməklə erməni dövlətinin əsasını qoymaq istəyirdilər.

1905-ci il fevralın 6-da Sabunçu qəsəbəsinin sakini Ağarza Babayevin Bakının mərkəzində öldürülməsi ilə şəhərdə və ətraf qəsəbələrdə ilk qırğınlar başlamışdır. Ermənilərin evlərinin damından, pəncərələrindən küçədən keçən azərbaycanlılar gülləbaran edilirdi. Evlər, mağazalar qarət edilir və yandırılırdı. Bakıdakı bir çox fabriklər və müəssisələr yandırılıb dağıdıldı. Hakimiyyət orqanları qırğınların dayandırılmasında acizlik göstərdi. Minə yaxın insanın ölməsi və yaralanması ilə nəticələnən qırğınlar fevralın 9-da dayandırıldı. Ermənilər həmin il avqustun 20-də Bakıda ikinci dəfə qırğınlar törətmişdilər. İndi “Fəvvarələr bağı” adlanan ərazidə yerləşən erməni kilsəsinin zənginin çalınmasından bir neçə dəqiqə sonra ermənilərin evlərindən, onlara məxsus mağazalardan azərbaycanlıların üzərinə güclü atəş açılır. Qısa zamanda iğtişaşlar Bakı ətrafındakı qəsəbələri və neft mədənlərini də bürüyür. Hakimiyyət qüvvələrinin tədbirləri sayəsində qırğınlara avqustun 30-da son qoyulur. Bakıda üçüncü qırğınlar 1905-ci il 20-25 oktyabr tarixində baş vermişdir.

Bakıda baş verən ilk qırğınlardan sonra ermənilər qanlı əməllərini İrəvanda davam etdirmişlər. Erməni siyasi partiyalarının əsas məqsədi 1905-1906-cı illərdə kütləvi qırğınlar törətmək yolu ilə əvvəlcə İrəvan quberniyasına yiyələnmək, sonra Zəngəzur-Qarabağ və Qazax-Tovuz istiqamətlərindən hücum edərək bu iki istiqamət arasında qalan azərbaycanlı kəndlərini ələ keçirərək Gəncədə birləşməkdən ibarət idi.

Belə ki, 1905-ci il fevralın 19-da İrəvan şəhərində daşnaklar azərbaycanlılara rəğbəti olan və eyni zamanda ermənilərə nifrət edən Urazov soyadlı rus millətindən olan quberniya həkimini axşam saatlarında qubernatorun dəftərxanasının yaxınlığında xəncərlə qətlə yetirmişdilər ki, azərbaycanlılar ayağa qalxsınlar və bununla da qırğınlara start verilmiş olsun. Fevralın 20-də səhər ermənilər şayiə yayırlar ki, guya Bazar meydanında azərbaycanlılar erməniləri doğrayırlar. Şəhərdə böyük çaxnaşma yaranır. İğtişaşlar iki gün davam edir. 100-ə yaxın insanın ölməsi və yaralanması ilə nəticələnir.

1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində üç nəfər müsəlmanın ağır yaralanması və mayın 7-də bir nəfər müsəlmanın Tumbul kəndində öldürülməsi ilə ara yenidən qızışmışdı. Mayın 8-də İrəvan vitse-qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolov, Peterburqdan qayıdan Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvanski birlikdə Naxçıvana gəlirlər. Qırğınların yatırılması üçün Tiflisdən general Əlixanov-Avarski də Naxçıvana göndərilir. Ermənilər mayın 10-12-də Naxçıvan şəhərində iğtişaşlar törədirlər. Erməni silahlıları Naxçıvan bazarında müsəlmanları gülləbaran etməyə başlayırlar. Öldürülən, yandırılan və yaralananların sayı 100-ü ötür. İğtişaşlar ətraf kəndlərə də yayılır. Lakin ermənilər Naxçıvanda məqsədlərinə çata bilmirlər.

Ermənilər Naxçıvandakı məğlubiyyətlərindən sonra iğtişaşları yenidən İrəvanda davam etdirmişdilər.

İyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropoldan gələn silahlı dəstələrin köməyi ilə ermənilər Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi tərk edirlər. İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrku, Əngirsək, Təkiyə kəndlərini, iyunun 10-da Eçmiədzində daha 10 kəndi dağıdırlar. M.S.Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə səciyyələndirmişdi: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi”.

1897-ci ildə İrəvan quberniyasında 313176 nəfər azərbaycanlı əhali qeydə alındığı halda, 10 il sonra 302965 nəfər qeydə alınmışdı. Deməli, 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından əlavə, 10 min nəfərdən artıq azərbaycanlı ya qətlə yetirilmiş, ya da İrəvan quberniyasından didərgin düşmüşdü.

Zəngəzur qəzasında ilk qırğınları ermənilər 1905-ci ilin iyun ayında Naxçıvan qəzası ilə həmsərhəd olan iki kənddə törətmişdilər. Ermənilər 1905-ci il avqustun 16-da Gorusdan Qarakilsəyə qayıdan dörd ermənini Ağudi və Vağudi kəndlərinin sərhədində qətlə yetirmiş, təqsiri azərbaycanlıların üzərinə yıxmışdılar.

1905-ci il sentyabrın 22-də Xoznavar və Xnaçax erməniləri ətraf kəndlərdən gələn silahlı dəstələrin köməyi ilə azərbaycanlı kəndlərinə hücum edərək Bayandur, Hələk, Kosalar, Malıbəyli, Cağacur, Çaylı, Kalavalax, Novruzlu kəndlərini dağıdır, onlardan 3-nü tamamilə qarət edirlər.

1905-ci ilin oktyabrında Zəngəzur qəzasının 10 erməni kəndinin silahlıları qəzanın azərbaycanlılar yaşayan Sisyan kəndinə hücum nəticəsində 75 nəfər öldürülmüş və yaralanmışdı.

1905-ci il dekabrın 17-də erməni silahlı dəstələri Böyük Cicimli və Kiçik Cicimli kəndlərinə hücum etmiş, Kiçik Cicimli tamamilə darmadağın edilmiş, Böyük Cicimli kəndinin əhalisi qaçmağa müvəffəq olsa da, evləri qarət edilmişdi.

1905-ci il dekabrın 29-da Tatev erməniləri azərbaycanlıların yaşadıqları Kürdlər adlanan kəndə hücum etmiş, lakin azərbaycanlılar müqavimət göstərə bilməmiş, çoxsaylı itki verərək kəndi tərk etmək məcburiyyətində qalmışdılar.

Nazim MUSTAFA,

AMEA Tarix İnstitutunun böyük elmi işçisi, Dövlət mükafatı laureatı

Yazı ”Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi “1918-ci il azərbaycanlıların soyqırımı ilə bağlı ictimaiyyətin məlumatlandırılması” layihəsi əsasında dərc olunur

 

Paylaş: