C. Sen 20th, 2019

“Bütün beynəlxalq təşkilatlar erməni özbaşınalığına göz yumurlar”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə girovluqda olan Dilqəm Əsgərovun doğum günü ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan İctimai Birliyin rəhbəri İradə Polad deyib ki, sentyabrın 30-da Dilqəm Əsgərovun ad günü idi: “Xatırladım ki, 2014-cü ildə Dilqəm Əsgərov, Şahbaz Quliyev öz ata-baba yurdlarını ziyarət edərkən ermənilər tərəfindən əsir götürülüblər. Onlarla bağlı qanunsuz məhkəmə təşkil olunub və həbs ediliblər. 2016-cı il noyabrın 23-də Dilqəm Əsgərov və Sahbaz Quliyevin hüquqlarını müdafiə komitəsi yaradılıb. Azərbaycan rəsmiləri bu məsələni müxtəlif səviyyələrdə qaldırır, amma hələ ki, bir nəticə yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya bu məsələdə heç bir fəallıq göstərmir. Ermənistan baş naziri Paşinyan bu günlərdə Kəlbəcərdə olub. Demokratiyadan danışan biri beynəlxalq hüququ ayaqlar altına atır. Bütün beynəlxalq təşkilatlar erməni özbaşınalığına göz yumurlar. Beynəlxalq hüquq nə vaxt işləyir?”
Tədbirdə iştirak edən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da atasının və Şahbaz Quliyevin doğmalarının qəbirlərini ziyarət edərkən işğalçılar tərəfindən saxlanıldığını qeyd edib. Bildirib ki, xeyli vaxtdır atasından məktub almır: “Dilqəm Əsgərovla Şahbaz Quliyevin işğalçılar tərəfindən girov götürülməsi və onlara qarşı qanunsuz məhkəmə qurulmasının dünyanın tarixində analoqu yoxdur. Bu qondarma məhkəmə absurd olduğu qədər, həm də dünyanın ədalət hissinə tüpürməkdir. Təsəvvür edirsiniz, öz torpaqlarında gəzən insanlar işğalçılar tərəfindən girov götürülür, qondarma məhkəmə keçirilir və məhz doğma torpaqlarında gəzdikləri üçün onlara hökm oxunur. Heç alman faşistləri də İkinci Dünya Müharibəsi zamanı belə absurd hərəkətlə yadda qalmayıblar. Təsəvvür edin ki, almanlar Fransanı işğal etdikdən sonra orda yaşayan fransızlara qarşı məhkəmə qururlar və Fransada yaşadıqları üçün onlara həbs cəzası verirlər… Ermənilər faşistlərin də ağlına gəlməyən düşüncələrini 21-ci əsrdə həyata keçirirlər. Və “ədalət” hayqıran dünyanın gözü qarşısında. Dünya isə erməni faşizminin əxlaqsız düşüncəsinə biganə yanaşır. Maraqlıdır, hal-hazırda Azərbaycanda yaşayan 30 min erməniyə qarşı “niyə bu ölkədə yaşayırsınız, gəzirsiniz” ittihamı irəli sürülsəydi, onlara qarşı məhkəmə qurulsaydı, “ədalətli” dünya necə davranardı? Yəqin ki, haray-həşir baş alardı. Amma nə azərbaycanlılar erməni deyillər, nə də Azərbaycan hakimiyyəti Ermənistan hakimiyyəti deyil. Azərbaycanlılar dünyanın sivil xalqı olduğunu çoxdan sübut edib. Elə ermənilərin faşizm düşüncəsinə indiyə qədər dözümlü münasibət bəsləməyimiz də bunun sübutudur. Dözmüşük, səbir etmişik ki, bəlkə “erməni xəstəliyi” sağalar.
Ancaq səbrin də bir həddi var. Xəstəlik daha da şiddətlənib quduzluq halına keçirsə, ona qarşı mütləq tədbir görülməlidir. Və tam əminik ki, Ali Baş Komandanın əmri ilə ordumuz bu quduzluğun – “erməni xəstəliyi”nin qarşısını almağa qadirdir. Həb – “sülh” sözü təsir etmirsə, başqa yol qalmır”.
Jurnalist Aqil Camal da çıxışında D.Əsgərovun və Ş.Quliyevin əsir götürülməsi məsələsinin daim diqqətdə saxlanıldığını deyib. Bildirib ki, onların dəyişdirilməsi üçün dəfələrlə müraciət edilib, amma Ermənistan tərəfi bu müraciətləri qəbul etməyib: “Azərbaycan vətəndaşları öz dədə-baba yurdlarına gedir, öz ölkəsinin ərazisindədir, amma terrorçuların hücumuna məruz qalır, həbs olunur. Bu məsələni bütün görüşlərdə diqqətdə saxlamalıyıq. Məsələn, Rusiya prezidenti Putin Bakıya gəldi. Bilirik ki, Rusiyanın separatçı rejimə təsir rıçaqları var”.
Digər çıxış edənlər də Ermənistanın Azərbaycan torpaqlarını BMT qətnamələrinə baxmayaraq, hələ də işğalda saxladığını, D.Əsgərov və Ş.Quliyevin qanunsuz olaraq həbs edildiklərini bildiriblər.
Tədbirin sonunda bu barədə ingiliscə hazırlanmış qısa film nümayiş etdirilib.


 

Paylaş: