Ca. Sen 19th, 2019

“Özümü seçicilərimin xidmətçisi hesab edirəm” – Musa Qasımlı

“Hər şeydən əvvəl, ötən illər ərzində “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu”nun 5-ci maddəsinin tələblərinə uyğun olaraq fəaliyyət göstərmişəm. Həmin maddədə yazılır: “Deputatlıq fəaliyyətinin formaları. Deputat aşağıdakı formalarda fəaliyyət göstərir: Milli Məclisin iclaslarında iştirak edir; Milli Məclisin komitə və komissiyalarının işində iştirak edir; Milli Məclisin sədrinin, Milli Məclisin komitə və komissiyalarının tapşırıqlarını yerinə yetirir; deputat sorğuları verir; seçicilərlə iş aparır”. 

Bu sözləri Azadinform-a “Deputatın hesabatı” layihəsi çərçivəsində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən seçilmiş millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deputat seçilməsinin üç ili, bu müddətdə görülən işlər və qarşıda duran məsələlər haqda danışarkən deyib. 

M.Qasımlı bildirib ki, ötən üç ildə deputatlıq fəaliyyəti haqqında hər ilin sonunda müfəssəl hesabat hazırlanıb və KİV-lərdə yayılıb: “Milli Məclisin sessiya və komitə iclaslarında müntəzəm olaraq çıxışlar etmişəm, seçicilərimin müraciətlərini müvafiq orqanlara çatdırmışam, ümumi işlərdən ötrü qapıları döymüşəm. Sağ olsunlar, yerinə yetiriblər. Verdiyim deputat sorğularına dərhal cavab verilib”.

M.Qasımlı qeyd edib ki, hər ay rayona gedir: “Yardımlı şəhərində, Hunoba, Peştəsər, Vərov, Yolocaq, Zənəgələ, Zevin, Gendərə, Avaş, Uragaran, Zenqaran, Porsova, Osnaqaran, Anzov, Çayüzü, Köryədi və digər kəndlərdə, Masallı rayonunun Güllütəpə, Köhnə Zuvand, Qəriblər və başqa kəndlərində olmuşam. Rayonlarda keçirilən toplantılarda iştirak etmişəm. İcra hakimiyyəti orqanları ilə əməkdaşlığımız qurulub. Bir-birimizin işlərinə müdaxilə etmirik. Qəbuluma gələn seçicini heç bir zaman gözlətməmişəm, dərhal görüşüb diqqətlə dinləmişəm. Deputat səlahiyyətlərinə daxil olan məsələlərdə kömək etmişəm. Digər regionlarda olduğu kimi, Yardımlı və Masallı rayonlarının sakinləri də zirək və zəhmətkeşdir. Onlarla fəxr edirəm. Özümü onların xidmətçisi hesab edirəm. İmkan daxilində seçicilərimin xeyir-şər məclislərində olmuşam”.

Millət vəkili bildirib ki, mobil telefonu 24 saat açıq olub, bütün zənglərə cavab verib, hamı üçün əlçatan deputat olub: “Cənab Prezidentimiz İlham Əliyevin bilavasitə diqqəti nəticəsində Yardımlı və Masallı rayonlarında indiyədək heç bir zaman rast gəlinməyən möhtəşəm işlər görülüb, infrastruktur qurulub, müasir məktəblər tikilib, asfalt yollar salınıb, ən ucqar kəndlərə qaz kəmərləri çəkilib və çəkilməkdədir. Su təchizatı yaxşılaşdırılıb, elektrik enerjisi problemi yoxdur. Rayonların siması büsbütün dəyişib”.

Millət vəkili seçicilərdən gələn müraciətlərdə daha çox hansı problemlərin qabardıldığından da danışıb. Bildirib ki, seçicilərlə görüşlərdə və ya göndərilən məktublarda qaldırılan başlıca məsələlər ünvanlı sosial yardım, məşğulluq, ATS-lərin quraşdırılması, əfvə salınma və s. olub: “Hesab edirəm ki, qarşıdakı illərdə əhalinin özünüməşğulluq proqramları daha da genişləndirilməlidir”.

Paylaş: